Qahirədə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

23:22 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin paytaxtında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü tədbiri keçirilib. Tədbirdə Misirdə səfərdə olan DİDK nümayəndə heyətinin üzvləri, Misirin ictimai-siyasi xadimləri, alimlər, Qahirədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Tural Rzayev Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib.

DİDK-in sədr müavini Elşad Əliyev çıxışında ulu öndər Heydər Əliyevin hələ sovet dövründə azərbaycanlı gənclərin SSRİ-nin ən yaxşı universitetlərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. O əlavə edib ki, müstəqillik illərində gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə xüsusi diqqət yetirilib. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşüb, onların problemləri ilə yaxından maraqlanıb, eyni zamanda onlara yaşadıqları ölkələrin ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmağı tövsiyə edib. Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirilib, sonralar Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha üç qurultay baş tutub. Bundan başqa, Diaspora Dəstək Fondu təsis edilib, xaricdə yaşayan soydaşlarımıza sosial dəstək proqramı həyata keçirilir.

Tədbirdə çıxış edən Misirin Həlvan Universitetinin professoru Adil Dərviş, professor Bağdad İmami dahi siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs ediblər.

Tədbirin sonunda Ulu Öndər haqqında sənədli film nümayiş etdirilib.