Qanaxma baş verərsə, qadın dəqiqələr içində həyatını itirə bilər - Ginekoloq

10:10 03.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Doğuş təbii haldır. Məsələn, heyvanlarda olduğu kimi, insan da bir kimsənin yardımı olmadan doğuş edə bilər. Amma bu, 80-85 faiz hallarda belədirsə, digər vəziyyətlərdə doğuşa xüsusi yardım lazım olur. Məhz doğuşun riskli olduğu hallarda keysəriyyə əməliyyatı edilir. Bəzən doğuşun riskli olacağını öncədən bilirik, keysəriyyə planlayırıq. Bəzən də əksinə, doğuşun gedişində problem yaranır, bu zaman keysəriyyə və ya başqa üsullarla müdaxilə edilir. Təbii ki, normal keçən doğuşdan sonra da problemlər yarana bilir”.

Bu fikirləri hafta.az-a ginekoloq Rəşad Sultan deyib. Onun sözlərinə görə, evdə doğuş risklidir.

 Ən qorxulusu da budur ki, doğuşdan sonra qanaxma, yumşaq toxumaların cırılması və digər hallar baş versin. Bu kimi risklər doğuşun tibb müəssisəsində həyata keçirilməsini zəruri edir. Döl üçün təhlükə yarana bilər, doğuş prosesində dərman lazım ola bilər. Kimsə düşünürsə ki, evdə doğaram, daha sonra problem yaranarsa, həkimə müraciət edərəm, yanlış düşünür. Doğuş o qədər dinamik prosesdir ki, baş verən ağırlaşmalar çox sürətli olur. Bir dəqiqədə uşaqlıqdan bir litr qan keçir. Əgər qanaxma baş verərsə, qadın dəqiqələr içində həyatını itirə bilər. Bu, anında müdaxilənin nə qədər vacib olduğunu anlamağa bəs edir.  Ölkədə hər addımbaşı tibb müəssisəsi, dövlət xəstənalarında icbari tibbi sığorta ilə ödənişsiz doğum imkanı varkən evdə doğum üçün hər hansı bəhanə qəbul edilməzdir. Bu sadəcə qadının və dünyaya gələcək körpəsinin sağlamlığına qarşı etinadsızlıqdır”.