ABŞ Konqresinin basqınının tanınmış simalarından "QAnon Şamanı" kimi tanınan Ceykob Çansli Arizona ştatından Nümayəndələr Palatasına daxil olmağı planlaşdırır.
Hafta.az-ın CBS News-a istinadən yazdığına görə, Çanslinin noyabrın 9-da Arizona ştatının 8-ci seçki dairəsində namizəd olmaq niyyəti ilə bağlı ərizə göndərdiyini bildirib.
Onlayn sistem vasitəsilə səlahiyyətli orqanlara göndərdiyi mətndə 35 yaşlı Çansli gələn il keçiriləcək seçkilərdə Libertar Partiyasından əyaləti təmsil etmək üçün namizəd olmaq istədiyini bildirib.
2018-ci ildən sözügedən seçki dairəsində Arizona ştatını təmsil edən respublikaçı Debbi Lesko ötən ay seçkilərdə namizəd olmayacağını açıqlamışdı.
Çansli başındakı buynuzlu papaq və üzündəki boya ilə 6 yanvar 2021-ci ildə Konqres basqınının simvollarından birinə çevrilmişdi.
Basqın zamanı Senat otağına girən etirazçılar arasında olan Çansli 2021-ci ilin noyabrında 41 ay həbs cəzasına məhkum edilib.
“Ədalət gəlir, bu, sadəcə zaman məsələsidir!”, - o, Senat palatasında podiumda səsləndirdiyi notası ilə də gündəmdə olan fəal 27 ay həbsdə yatdıqdan sonra mart ayında reabilitasiya mərkəzinə göndərilib və may ayında sərbəst buraxılıb.
Çanslinin ləqəbini götürdüyü QAnon, keçmiş ABŞ prezidenti Trampın "şeytana sitayiş edən pedofil elit qrupa qarşı mübarizə apardığını" iddia edən bir sui-qəsd nəzəriyyəsidir. Keçmiş donanma işçisi olan Çansli daha sonra QAnon hərəkatı ilə heç bir əlaqəsinin olmadığını iddia edib.