Regionun geosiyasi mənzərəsi Laçının ermənilərdən boşaldılması prosesi ilə yeni müstəviyə keçib. Zəngəzur yoluna qarşı yönələn maneələr, 10 Noyabr sazişinin yerinə yetirilməməsi, maraqlı güclərin, müəyyən dini təsirlərin vasitəsilə Azərbaycanı məqsəd və hədəflərindən yayındırma cəhdləri heç də vəziyyətin hamar olmadığını göstərir. “Laçın dəhlizi”nin təmizlənəsi prosesinin Xankəndidə tamamlanması ilə Azərbaycanın tarixi torpaqlarına qayıdışı yeni bir mərhələnin başlanmasına yol açacaq. Müsahibimiz siyasi ekspert Azər Hüseynovdur.
- Region hazırda nəyə şahidlik edir?
- Regionumuz son dövrlər ən inkişaf etmiş, dinamik bölgələrdən biridir. Son tarixlərdə ildırım sürəti ilə bitən müharibə şəraitini yaşadıq. Neçə vaxtdır, Ukraynada gedən müharibə, dünyanın digər nöqtələrində olan müharibələr bitmir. Azərbaycan 44 gün ərzində 30 il müddətində yığılmış problemini hərbi yolla həll etdi. Bu da problemin tamamilə həll olunması anlamına gəlmir. Beynəlxalq, regional, lokal miqyasda bir çox oyunçular var ki, Azərbaycanın güclənməsini, beynəlxalq arenada nüfuzunun artmasını istəmir. Biz tərəfdaş ölkələrlə müqavilələr imzalayıb, razılaşmalar əldə etsək də, hamı bunu səmimi qəbul etməyib. Müharibənin bitməsi ilə üç dövlət arasında razılaşma əldə etdik. Həmin razılaşmanın şərtlərinə görə, Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə bögədə ermənilərə məxsus olan bütün hərbi birləşmələr çıxarılmalı idi. Bu proses olduğu kimi cərəyan etmədi.
Ukrayna müharibəsi dünyada bir çox amillərin göründüyü kimi olmadığını göstərdi. Böyük güclərin bir qisminin o qədər də güclü olmadığını göstərdi. Hamının bitməkdə, itməkdə olduğunu gözlədiyi Rusiyanın Avropanın ortasında bir savaş apardığı, bir ölkənin 20 faiz ərazisini ilhaq etdiyi ortadadır. Bu ilhaqın qarşısında müəyyən bəyanatlar və Ukraynanı böyük hərb maşının qarşısında tək buraxmış dünyanı görürük.
Belə bir qlobal burulğanların fonunda gördük ki, tərəfdaşlarımız kifayət qədər səmimi deyil. Son “Qisas”əməliyyatından sonra proseslər daha da intensivləşməyə başladı. Bu, bir daha onu göstərir ki, iddialı, tarixi mirası olan dövlət sözünün keçməsi üçün güclənməlidir. Bizim tarixi mirasımız var. Dövlət başçısının əlində göstərdiyi Azərbaycan xəritəsini ifadə edən suvenir də tarixi mirasımıza dönüşün işarələridr. Tarixi mirasımızı, hüquqlarımızı bərpa etmək istəyiriksə, xalq-dövlət, xalq-ordu, ordu-xalq formasnda vahid dövlət olmalıyıq.
- Ermənistan və Rusiyanın regionda apardığı siyasətin əsasında nə dayanır?
- Paşinyan Ermənistan hakimiyyətində çat əmələ gətirdi. Hərbi-siyasi elita indi də Rusiyanın təsir dairəsindədir. Qarabağda olan kiçik separatçı qurum 1828-ci ilin meyvəsidir. Ona görə ruslar Qarabağda öz təsir vasitəsinin ortadan qalxmasında maraqlı deyil. Bu o demək deyil ki, Rusiya sarsılmaz gücdür, xeyr. Rusiya özü də qlobal, regional proseslərlə ayaqlaşmaq məcburiyyətindədir. Azərbaycan Rusiyanın yaxşı mənada nəfəs borusu ola bilər. Buna görə də separatçıların rahat nəfəs alması üçün şərait yaratmamalıdır. Rusiya erməni silahlılarını regiondan çıxarmalı idi. Rusiyanın siyasətində baş verən ziqzaqlar göstərir ki, onların da siyasi mətbəxində hamı eyni cür düşünmür.
Rusiyaya standart Avropa dövləti kimi baxmaq olmaz. Rusiya tarixindən bu günə qədər fors-major ölkəsidir. Ağıllılar fikirləşənədək “Rusiya vurub çayı keçir”. Dünyanın geosiyasi mərkəzləri bir yerə yığılıb, planlar cızanadək bunlar Avropanın yarısını tuturlar. Bu, tarixi imperial iddiaları olan bir dövlətdir. Bu iddialarını reallaşdırmaq üçün xalqının içərisində bu ideyanı həzm etdirə bilmişdir. Ukrayna əməliyyatını 80 faiz rus dəstəklədi. Bizim Rusiyanın Ukraynada apardığı əməliyyatdan istifadə edəcəyimiz tərəflər var. Məsələn, ruslar deyir ki, Avropanı nasistlərdən qorumaq üçün önləyici əməliyyatlar aparırıq. Bəs Azərbaycanda, İrəvanda azərbaycanlılara, türk dünyasına qarşı nasist fikirlər 100 ildir səslənmirmi? Ermənistan siyasi partiyalarının konsepsiyalarında Azərbaycana qarşı ərazi iddiaları var. Rusiya iddia etdyi kimi, Ukraynada anti-faşist əməliyyatı aparırsa, biz niyə eyni əsaslarla Zəngəzura daxil olmayaq, təhlükə nöqtələrini vurmayaq? Niyə Amerika okeanın o tərəfindən gəlib “milli maraqlarına ziyan vurur” deyə, Şərqdə ölkələri bombalaya bilir?
İrəvanda tarixi mirasımız var. İrəvanı, Göyçəni yaxın tarixdə tərk etmiş milyonlarla insanlarımız var. Niyə eyni iddialarla çıxış edə bilmirik? Yəqin ki, iqtisadi, hərbi, regional, qlobal konyuktur tamamlandıqda bunu edəcəyik. Necə ki, Qarabağ müharibəsi bu komponentlərin tamamlanması səbəbi ilə başladı və ərazilərimizi azad etdik, ümid edirəm, eyni konyuktura ilə bunu edəcəyik.
- Dediyiniz həmin konyukturun Laçın dəhlizinə çəkilən alternativ yolun Zəngəzura doğru gedən istiqaməti üzrə özünü ifadə edə bilirmi?
- Yol onsuz da lazımlıdır. Qarabağda “ocaq”ın söndürülməsinin bir yolu var – o da Zəngəzur yolunun açılmasıdır. Qarabağ böyük regionda balaca bir oddur. Ermənistandan, Rusiyadan, başqa marağı olan dövlətlərdən keçən oksigen o közü alovlandırır. Ona görə də o yollar bağlanmalıdır. Geosiyasi, geoiqtisadi konyuktur tamamlandıqdan sonra, tarixi hüquqlarımızı bərpa edib vətəndaşlarımızı o ərazilərə köçürərək, orada tarixi-mədəni, siyasi hüquqlarımızı yenidən bərpa edəcəyik. Azərbaycanlılara tarixi Zəngəzurda muxtariyyət alaraq problemlərimizi yerində həll etməli və bu oksigeni kəsməliyik.
Qarabağda baş verənlər lokal hadisələrdir. Məsələn, “Qisas” əməliyyatı keçirdik və ermənilər qorxub köçdülər. Canlarından bir az qorxu çıxandan sonra yenə əvvələ dönə bilərik. Azərbaycanın tam olaraq rahat hərəkət etməsinə maneələrdən biri Naxçıvanla quru əlaqəsinin olmamasıdır. Bu bizim hərəkətliliyimizi azaldan amildir.
- Ermənistanın və maraqlı güclərin Azərbaycanda özlərinə “dəhliz” yaratmaq iddiasına adekvat reaksiya nə olmalıdır?
- Qarabağa status verməyəcəyik. Dövlət başçısı bunu çıxışlarında bəyan edib. Düşmənə dəhliz verməyin siyasi izahı yoxdur. Qarabağda olan ermənilərin siyasi statusu yoxdur. Xarici təsirlər səbəbindən bəzi müvəqqəti razılaşmalı olduğumuz məsələlər var. Azərbaycan bu reallıqları dəyişəcək. Azərbaycandan Ermənistana əlavə yolun verilməsinə nə ehtiyac var? Ermənistana getmək istəyən gömrük-keçid məntəqəsindən pasportunu sərhəddə təqdim edib keçə bilər.
“Dəhlizlər” deyilən anlayışın gələcəkdə yola çevriləcəyini düşünmək və buna doğru hərəkət etmək lazımdır. 1929-cu ildə qeyri-legitim yolla Ermənistana verilmiş torpaqların yenidən Azərbaycana qaytarılması lazımdır.
- Ermənistanla sülh sazişinin bağlanması prosesi nə zamanadək uzana bilər?
- Bizim qarşımızda qeyri-stabil qərar verən, xarici amillərdən asılı olan bir Ermənistan var. “Qisas” əməliyyatı, yaxud başqa formatlarda ara-sıra Azərbaycan aviasiyasının bölgədə “tur atması ilə də bunu yaxın perspektivə gətirə bilərik. Yəni buna konkret vaxt qoymaq çətindir. Hərbi ritorika ilə diplomatik ritorikanı birləşdirsək, sülhü yaxına çəkə bilərik. Diplomatik “trafiki” genişləndirmək lazımdır. Bu gün ermənilər məğlub olsalar da, onların diplomatik aparatı xaricdə dayanmadan işləyir. Bizdə isə xarici siyasətdə yalnız yüksək iradə məşğul olur, bunun altında olanlarda isə təşəbbüskarlıq, hərəkətlilik görünmür. Lobbiçilik siyasətimiz yoxdur. Ermənilər, hətta qardaş Türkiyədə belə müxtəlif mədəni formatlarda öz lobbiçilik syasətini aparırlar. Azərbaycan Avropada müsəlman dünyasının İsraili olmağa məhkumdur.