Qarabağ Universitetində fəaliyyətə başlamağı səbrsizliklə gözləyirəm - Mail Alacanov

13:12 30.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpaqları sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal antirerror tədbirindən sonra Xankəndi və Qarabağın digər əraziləri qanunsuz silahlı erməni birləşmələrindən təmizləndi.  Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməsi bu torpaqlara yeni nəfəs gətirdi. Müharibədən, girovluqdan çıxan Xankəndi şəhərinin gələcəyinin elm və təhsillə təminatı istiqamətində əsaslı işlərə başlanıb. Prezidentin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin təsis edilməsi vaxtilə Xankəndidə fəaliyyət göstərən ziyalılarımız, müəllimlərimiz tərəfindən xüsusi vurğu ilə qeyd olunur. “Həftə içi” qəzetinə müsahibə verən, bir zamanlar Xankəndi Pedoqoji İnstitututda müəllim, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa filialının direktoru işləmiş, hazırda Azərbaycan Dövlət Pedoqoji Universiteti Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının müdiri vəzifəsində işləyən Mail Alacanov maraqlı məqamlara toxunub.

– Xankəndidə vaxtılə fəaliyyət göstərən Pedaqoji İnstitunun müəllimi kimi bu gün Prezidentin sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasının mənəvi, tarixi aspektlərini necə dəyərləndirərdiniz?

– Fəxr edirəm ki, bu gün Azərbaycanda, bir gün ərzində işğaldan azad olunmuş şəhərimizdə - Xankəndidə, İbrahimxəlil xanın yurdunda yeni ali məktəb yaradılıb. Mən səbirsizliklə yenidən gedib Xankəndidə bərpa olunan universitetdə fəaliyyət göstərəcəyim günü gözləyirəm.

1979-88-ci illərdə Xankəndidə Pedaqoji İnstitutda fəaliyyət göstərmişəm.

Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində yaradılıb. Əvvəlcə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərib. 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. İnstitutda Azərbaycan, erməni və rus dili şöbələrində müəllim kadrları hazırlanırdı. Xankəndi Pedoqoji İnstitutunda tədris 3 dildə aparıldığı üçün azərbaycanlı tələblər ermənilərlə bir yerdə təhsil alırdı. 1988-ci ilin oktyabrın 18-də keçmiş Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə görə SSRİ Nazirlər Kabinetinin qərarı ilə İnstitutda Azərbaycan bölməsi bağlandı…

Həmin Pedaqoji İnstitut Qarabağda milli kadrların hazırlanmasında müstəsna xidmətləri olan ali məktəb kimi fəaliyyət göstərib. Xankəndi ali məktəbində 40 nəfərə qədər professor-müəllim heyəti çalışmış, çox yüksək pedaqoji kadrların yetişməsində, tərbiyə olunmasında böyük rol oynamışlar. Çox şadam ki, bu gün bizim azad olunmuş ərazimizdə müstəqil fəaliyyət göstərən Qarabağ Universiteti bərpa olunur.

Qarabağın azad olunmuş ərazilərində, hər yerdə bərpa-quruculuq işləri gedir və köçkünlər öz doğma kəndlərinə, şəhər və qəsəbələrə qayıdırlar. Mən inanıram ki, Qarabağ Universitetinin yaradılması cənab Prezidentin vaxtında verdiyi sərəncamlardan biridir. Həmin ali məktəbdə çalışan keçmiş həmkarlarım və yeni gənc nəslin nümayəndələri, hazırda çalışdığım Pedaqoji Universitetin Şamaxı filialının kollektivi bir nəfər kimi, Qarabağ Universitetinə gedib əmək fəaliyyətini davam etdirməyə hazırdırlar. 

– 1979-1988-ci illərdə Xankəndidə fəaliyyət göstərən Pedaqoji İnstitutla müqayisədə, sizcə bu gün Qarabağ Universiteti necə formalaşmalıdır?

– Qeyd etdiyim kimi, çalışdığım dövrdə institutda üç bölmə fəaliyyət göstərirdi – Azərbaycan, rus və erməni bölməsi. Düşünürəm ki, bundan sonra yalnız Azərbaycan bölməsi fəaliyyət göstərəcək. Bir müəllim kimi hesab edirəm ki, orada Qarabağ tarixini, onun ədəbi mühitini, arxeologiyasını, etnoqrafiyasını, faunasını, florasını öyrənmək, geniş elmi tədqiqat işləri aparmaq üçün kadrlara ehtiyacımız olacaq. Yeni açılan universitetdə müasir sahələri öyrədən ixtisaslar yaradılmalıdır. Bu, Qarabağımıza mütləq lazımdır.

– Birbaşa tələbə-gənclərlə təmaslarda olan bir mütəxəssis olaraq necə hesab edirsiniz: Qarabağ Universiteti, orada fəaliyyət göstərmək gənclərimiz üçün nə dərəcədə maraqlı olacaq?

– Tam səmimiyyətimlə deyirəm ki, bu sərəncam böyük coşqu ilə qarşılandı. Başqa cür ola da bilməzdi. Hər bir gənc Qarabağda gedən döyüşlərə könüllü qatılırdı. Böyük sevgi ilə Qarabağı düşməndən azad etmək üçün cəbəhəyə gedən, torpaq uğrunda savaşan gənc əsgər, sizcə, təhsilini azad etdiyi torpaqlarda davam etdirmək istəməz? Əksinə, dünən daha çox Bakıda, Gəncədə oxumaq istəyən gənclər, sabah universitet seçimində birinci Qarabağ Universitetini yazacaqlar. Dünən Qarabağın azadlığı üçün könüllü döyüşə gedən gənclər, indi təhsil almaq üçün də “Qarabağ!” deyəcəklər. Qarabağ müharibəsi göstərdi ki, bizim gənclərimiz xalqımızın milli adətlərini, torpağını heç vaxt unutmur. Torpağı, vətənləri uğrunda son nəfəsə qədər vuruşublar, vuruşacaqlar, təhsil alacaqlar və həqiqətlərin dünyaya çatdırılması üçün əllərindən gələni edəcəklər.

Vətən müharibəsi Azərbaycan gənclərinin bütün sistemini, ruhunu, potensialını  üzə çıxardı. 200 ildə görə bilmədiyimiz işləri 44 gündə Ali Baş Komandan başda olmaqla gördük. Bu, bizim gəncliyimizin xalqına, elinə, obasına, dövlətinə bağlılığı və milli dəyərlərimizə verdikləri ən böyük qiymətdir. Azərbaycan gənclərinin göstərdiyi şücaət, əslində, təhsilimizin gücüdür, Azərbaycan övladlarının qəhrəmanlığı milli keçmişdən, qürur mənbəyimizdən qidalanıb bu gün torpaqlarımız uğrunda silaha sarıldı və yağı düşməni darmadağın etdi. Buna bizim gənclərimiz, onların fədakarlığı, cəsarəti, qəhrəmanlığı nail oldu. Həmin dövrdə yetişən gənclərimiz, həmin dövrdə Qarabağda təhsil alan və müxtəlif sahələrdə çalışan gənclərin tərbiyə etdiyi gənclər bu gün Qarabağı azad etdilər.

Qeyd: 1988-ci ildə Qarabağda baş verən erməni qiyamı zamanı institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri 1988-ci il may ayının 16-da Şuşa şəhərinə sığınmağa məcbur olublar. Bir müddət sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 tələbə Gəncə Pedaqoji İnstitutuna köçürülüb. Amma bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin Şuşaya köçürülməsi qərara alınıb. 1989-cu il oktyabrın 25-də pedaqoji kollektiv Şuşaya köçürülüb.

Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 01 noyabr 1989-cu il tarixli əmrinə əsasən, Şuşada Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa fakültəsi yaradılıb. 22 fevral 1991-ci ildə fakültənin ADPU-nun Şuşa filialına çevrilməsi ilə bağlı qərar qəbul edilib.

1992-ci ilin mart ayının 25-də filialın kollektivi müvəqqəti olaraq Ağcabədi şəhərinə köçürülüb. Daha sonra ADPU-nun Şuşa filialı 2000-ci ildə ləğv edilib və onun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılıb.

2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan əsas ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. Ağcabədi filialı yenidən ADPU-ya verilib və hazırda da filial fəaliyyətini davam etdirir.

Oxunma sayı 153