Artıq bir neçə gündür ki, Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilir.
Dünən Xankəndidən gələn daha erməni əsilli 100 nəfərin "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib. Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb.
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Bu şəxslər arasında Azərbaycan ərazisində separatizmə dəstək verənlərin olduğu barədə də informasiyalar var. Onların Qarabağı tərk etməsi belə deməyə əsas verir ki, artıq reallığı qəbul etmək məcburiyyətində qalıblar. Həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər.
Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanların Qarabağı tərk edərək Ermənistana yollanması həm də onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi, "Russkiy mir" iddiası burada baş tutmadı.
Rəsmi Bakı ən müxtəlif səviyyələrdə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır.
“Ermənilər anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər. Ona görə də, indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə, bu ermənilərin Azərbaycan ərazisini tərk etməyə şərait yaradılması doğru strategiyadır”.
Bunu “Həftə içi”nə hərbi ekspert Elxan Şıxəliyev rus vətəndaşı olan ermənilərin Laçın keçid-buraxılış məntəqəsindən keçərək Ermənistana köçməsi ilə bağlı bildirib.
Onun sözlərinə görə, köç başlasa da, bu hələ ki, kütləvi şəkil almayıb: “Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin”.
E.Şıxəliyev eyni zamanda qeyd edir ki, Qarabağı 3 qrup erməni tərk edə bilər. Ekspert bildirir ki, birinci qrupa Ermənistan ordusunun hərbçiləri daxildir: “Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra, onların hərbi formada geridönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək, Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər.
İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər.
Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu, o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər”.
“Rusiya vətəndaşı olan şəxslərin Xankəndini tərk edərək, Ermənistana keçmələri barədə müxtəlif versiyalar ola bilər. Gedənlərin əksəriyyətini, çox güman ki, Xankəndidə “rus icması”nın üzvləri kimi təqdim edilən və rus hərbi kontingenti əraziyə nəzarətə başladıqdan sonra Rusiya vətəndaşlığı verilən separatçı ermənilərdir”. Bunu isə hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.
Q.Əlibəyli qeyd edib ki, Rusiya həmin erməniləri “rus icması” kimi təqdim edir və onlardan Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdı. Ekspert burada daha uzaqgedən niyyətlərin olduğunu da istisna etmir.
Onun fikrincə, burada Ukraynadakı “Donbas”, “Dnestryanı” ssenarilərinin işə salınması niyyətləri də mümkün variantlardan biri hesab oluna bilər:
“Belə hesab oluna bilər ki, Rusiya hakimiyyəti bu planın mümkün omayacağını artıq başa düşüb öz vətəndaşları olan separatçıları bölgədən çıxarmaq qərarına gəlib.
Azərbaycan hakimiyyəti dəfələrlə bildirib ki, suveren ərazimizdə etnik mənsubiyyətindən asılı olmayaraq, yalnız Azərbaycan Konstitusiyasına və qanunlarına hörmət edən, vətəndaşlığı qəbul edən şəxslər yaşaya bilərlər. Həmin şəxslərin hüquqları, azadlıqları və qanuni maraqları digər Azərbaycan vətəndaşları kimi tam təmin olunacaq. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən şəxslər isə ərazimizi tərk edərək istədikləri ölkəyə gedə bilərlər”.
Q.Əlibəyli hesab edir ki, Rusiya vətəndaşı olan şəxslərin Xankəndini tərk edib Ermənistana keçmələri, prosesin başlanmasının göstəricisidir:
“Azərbaycanda qalan, lakin ölkəmizin vətəndaşlığını qəbul etməyən ermənilər əcnəbi (və ya vətəndaşlığı olmayan şəxs) – apateid statusunda ola bilərlər. Bu halda onlar ölkəmizin ərazisində yaşamaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada icazə almalıdırlar”.
Politoloq Rəşad Bayramov bildirir ki, Rusiya vətəndaşlığını qəbul edən ermənilərin hazırda Rusiya sülhməramlılarının nəzarət zonasına aid olan separatçıların yerləşdiyi ərazilərdən getməsi ilk hal deyil. Politoloq qeyd edir ki, artıq bir aya yaxın müddətdir, Rusiya sülhməramlıları tərəfindən həmin şəxslərin ərazilərimizdən çıxması və eyni zamanda, Laçın sərhəd-keçid məntəqəsindən keçidi də Azərbaycan tərəfindən təmin edilir: “Sərhəd-buraxılış məntəqəsindən keçid edənlərin içərisində əvvəldən Rusiya vətəndaşı olub xüsusi missiya ilə Xankəndinə göndərilmiş və orada separatçılığı daha çox yayan, qızışdıran Rusiya xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirən şəxslərlə yanaşı, eyni zamanda, sonradan Rusiya vətəndaşlığını qəbul etmiş insanlar da var”.
Politoloq hesab edir ki, həmin şəxslərin indi və bundan əvvəl də ərazilərimizdən çıxarılması, təbii ki, düşündürücüdür. Onun fikrincə, burada iki məqam var:
“Birincisi, həmin şəxslər indiyə qədər sərbəst şəkildə gedib-gələ bilirdilərsə və biz buna nəzarət edə bilmirdiksə, indi nəzarət var və həmin şəxslər uzunmüddətli missiyanı həyata keçirmək üçün ərazilərimizi tərk etmək məcburiyyətində qalıblar.
İkinci səbəb ondan ibarətdir ki, Rusiya öz vətəndaşlarının oradan çıxarılması ilə növbəti təxribatların anonsunu verir. Bu o deməkdir ki, Qarabağın separatçı erməniləri, Ermənistan yeni təxribatlara hazırlaşır. Rusiya öz vətəndaşlarının hər hansı hərbi əməliyyatlar zamanı zərər görməməsi üçün ərazidən çıxışını təmin edir”.
Ekspert hesab edir ki, hər nə səbəbdən olursa-olsun əgər ermənilər ərazilərimizdən çıxırlarsa bu, müsbət hal kimi qiymətləndirilməlidir: “Laçın keçid-gömrük məntəqəsi bağlı olsa da, oranı tərk etmək istəyən xarici ölkə vətəndaşlarının həmin məntəqədən keçidi təmin olunmalıdır. Təbii ki, əgər onların içərisində beynəlxalq axtarışda olan insanlar varsa və yaxud Azərbaycanın haqqında cinayət işi qaldırdığı şəxslər varsa, Xaçatryan məsələsində olduğu kimi saxlanılaraq, müvafiq qurumlara təhvil veriləcəklər. Barələrində cinayət tərkibi olmayan şəxslər çıxmaq istəyirlərsə, çıxışları təmin edilməlidir. Bizim məqsədimiz separatçı rejimin tör-töküntülərinin ərazidən çıxarılmasıdır”.
“Rus pasportu daşıyan ermənilərin əraziləri tərk etməsi təhlükəsizlik mülahizələri ilə bağlı ola bilər. Ola bilər ki, Rusiya yaxın zamanlarda baş verə biləcək təhlükənin, antiterror əməliyyatlarının mümkünlüyünü nəzərə alaraq, öz vətəndaşlarını ərazini tərk etməyə çağırış edib”.
Bunu hafta.az-a hüquqşünas, siyasi ekspert Əli Mustafa bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, başqa ölkənin vətəndaşı digər bir ölkədə yaşamaq üçün mütləq həmin ölkənin qanunlarına əməl etməlidir. O, eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan dövləti öz ərazisində erməni millətindən olan insanlara böyük imkanlar yaradır. Otuz il ərazilərimizi işğalda saxlayan, əhalimizə qarşı soyqırımlar törədən, torpaqlarımızı yandıran, abidələrimizi məhv edən bir dövlətin nümayəndəsi olaraq, bir erməninin Azərbaycan ərazisində qalmaq istəyinə tolerant yanaşaraq, ona bu imkanların yaradılacağı ilə bağlı təkliflərin verilməsi humanizmin ən yüksək nöqtəsi, əlahiddə bir addımdır.
“Azərbaycan bu ermənilərə vətəndaşlıq, sülh, birgəyaşayış təklif edir. Əgər bir erməni bu qədər böyük bir güzəştə müsbət reaksiya verməyib, yenə də silahlı toqquşmalar, gərginlik yaradıb vətəndaşlıqdan imtina edirsə, artıq “qalmaq istəyən qalacaq, qalmaq istəməyənə yol açıqdır” deyilməlidir. Təbii ki, silaha əl atanlar isə antiterror əməliyyatı ilə zərərsizləşdirilməlidir. Bu ifadələr rəsmi və qeyri-rəsmi müstəvidə tez-tez səslənir. Azərbaycan qanunlarına tabe olmayan ermənilərin nazı ilə oynayan deyilik”.
Ə.Mustafa daha sonra bildirir ki, Azərbaycan, vətəndaşlığını qəbul etməyən ermənilərlə bağlı hüquqla davranmaq imkanında sərbəstdir. Beynəlxalq hüquqda vətəndaşlar, əcnəbilər, bir də vətəndaşlığı olmayan şəxslər var. Bunlar vətəndaşlığı olmayan şəxslər kimi qəbul olunsalar da, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Onların Azərbaycan ərazisində yaşayıb-yaşamaması ilə bağlı Azərbaycan dövləti qərar verə bilər. Vətəndaşlıqları yoxdursa, Azərbaycan dövlətinin rəsmi qeydiyyatından keçməlidirlər. Əgər bunlar dövləti qəbul etmir, özlərini ayrıca bir dövlət hesab edirlərə, bu, artıq qanunların pozulmasıdır. Azərbaycan dövlətinin tam hüququ var, onlar haqqında hər bir tədbiri görsün – ölkədən çıxarsın, həbs etsin, fəaliyyətini məhdudlaşdırsın. Beynəlxalq hüquq buna görə Azərbaycanın qarşısına hansısa məhdudiyyət, yaxud məsuliyyət qoymur”.
Ə.Mustafa eyni zamanada qeyd edir ki, Azərbaycan ermənilərin nazı ilə çox oynayıb: “Nəhayət, ermənilərin bu oyununa son qoyulmalıdır. Dövlət çağırış etməli və konkret vaxt verməlidir. Azərbaycan ərazisndə yaşayan ermənilər ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da Azərbaycan ərazilərini tərk etməlidirlər”.