Qarabağda yaşanan ziddiyyətli məqamlar - Təhlil

13:08 11.02.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bölgədəki problemləri Minsk Qrupunda olan həmsədr dövlətlər yaradır

Son günlər Ermənistan mətbuatında bir-birinin ardınca Dağlıq Qarabağla bağlı xeyli dərəcədə maraqlı nüansları ilə diqqət çəkən məlumatlar yayılmaqdadır.

Belə xəbərlər arasında ikisi xüsusi vurğulanmalıdır. Artıq Ermənistan çağırışçıları hərbi xidmət üçün  Dağlıq Qarabağa göndərilməyəcək. Xatırlatmaq yerinə düşər ki, hafta.az bir neçə dəfə müharibədəki məğlubiyyət və çoxsaylı itkilərdən sonra erməni valideynlərin öz uşaqlarını Dağlıq Qarabağa göndərmək istəmədikləri, hətta çoxsaylı etiraz aksiyaları keçirdiklərinə dair məlumat yaymışdı. Artıq bu etirazlar və Azərbaycanın qətiyyətli iradəsi öz bəhrəsini verib. İndi əsas məsələlərdən biri Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərində qalan erməni silahlı qalıqlarının ləğvi və təmizlənməsidir.

Digər diqqət çəkən xəbər isə fransalı jurnalistlərin Laçın dəhlizindən Qarabağa buraxılmaması, bunun üçün Azərbaycandan icazə almağın vacibliyinin bildirilməsinə dairdir. Təbii ki, bu məsələdə də yenə rəsmi Bakının siyasi iradəsi öz sözünü deyir. Lakin separatçı rejimin qalıqları yenə də «varlıqları»nı göstərmək üçün təxribat mahiyyəti daşıyan bəyanatlarından əl çəkmirlər. Qondarma qurumun «XİN» təmsilçisi bildirir ki, Qarabağa gəlmək istəyən xarici ölkə vətəndaşları ilk növbədə separatçı rejimə müraciət etməli, daha sonra isə İrəvanda akreditasiyadan keçməlidirlər. Bu proseduru yerinə yetirənlər heç bir maneə ilə üzləşhməyəcəklər. Lakin fransalı jurnalistlərlə bağlı məsələdə erməni mətbuatı iddia edirdi ki, artıq İrəvanla Bakı arasında xarici vətəndaşların Qarabağa yalnız Azərbaycanın icazəsi ilə səfər edə biləcəklərinə dair razılıq əldə olunub.    

Bütün bu məsələlər yenə də cavabları açıq qalmış suallar yaradır. Bəs görəsən, indi nələr baş verir?

Politoloq Qabil Hüseynli baş verənləri hafta.az-a şərhində bildirir ki,  Qərb dövlətləri meydanı yenidən qızışdırmaqdadırlar. Son günlər həmsədr dövlətlərin ATƏT-in Minsk Qrupunun səlahiyyətlərini bərpa etməyə çalışması onu göstərir ki, Rusiyanın özü də əvvəl göstərdiyi mövqelərdən  geri çəkilməyə başlayıb. 

“Dünənə qədər razılaşdırılmışdı ki, bir qrup erməninin Azərbaycanın daxilində qondarma respublikası olmayacaq. İndi isə onun “xarici işlər nazirliyi”ndən icazəalınma məsələsini ortaya atıblar.  Qarabağda belə bir səlahiyyətə malik olan qurum yoxdur və ola da bilməz.  Digər tərəfdən, Dağlıq Qarabağda status məsələsi ümumiyyətlə yoxdur. Qarabağ işğaladan azad olunub və bəzi rayonlarda qalan silahlı ermənilər heç bir halda ölkə daxilində respublika iddiasına düşə bilməz. O cümlədən zaman-zaman qondarma respublika deyilən qurumu Ermənistanın özü belə tanımayıbsa, onlar hansı haqla xarici işlər nazirliyi, əsgəri qüvvələrin saxlanması və sair cəfəng çıxışlar edirlər?!  Azərbaycan Qarabağda status məsələsinin qapandığını dəfələrlə bəyan etdiyi halda, belə məsələlərin önə çəkilməsi bölgədə vəziyyətin gərginləşməsinə yönəlib. Görünən odur ki, müharibədən sonra yeni reallıqlar yaranıb”.

 Q.Hüseynli bildirir ki, buna görə də hazırda 3-cü Qarabağ savaşından  və sülhməramlı qüvvələrin həmin bölgədə qeyri-adekvat hərərkətlərindən danışılır. Politoloq hesab edir ki, Qarabağda cərəyan edən ziddiyyətləri Minsk Qrupunda olan həmsədr dövlətləri yaradır. Bölgədə proseslər  beynəlxalq hüququn prinsiplərinə, BMT-nin 4 qətnaməsinin tələblərinə əsaslanmadıqca Qarabağda vəziyyət getdikcə gərginləşəcək.

“Ortada Ermənistanın işğal faktı və buna qarşı qəbul olunan beynəlxalq sənədlər olub. O sənədlərin yerinə yetirilməsi üçün ATƏT-in Minsk Qrupu başda olmaqla, BMT və digər beynəlxalq qurumlar lazımi işləri görə bilməyiblər. Məhz Azərbaycan əsgəri onların əvəzindən bu işin öhdəsindən gəlib və həmin qətnamələri beynəlxalq hüquq müstəvisində yerinə yetirib. İndi revanşist qüvvələrin, erməni diasporunun xristian təəssübkeşlərinin meydanı yenidən qızışdırması hərbi qarşıdurmaya, bölgəni yeni müharibəyə sürükləməyə yönəlmiş addımlardır. Bundan nə Ermənistan, nə də onu müdafiə edən qüvvələr heç də xeyir götürməyəcəklər”.

Politoloq 44 günlük müharibədə əldə olunan zəfər və bu proseslərin diplomatik müstəvidə həll olunması ilə bağlı əldə edilən razılığa əsaslanaraq bildirib:

“Ermənistan və onun havadarları Azərbaycanın haqq işinin, ərazi bütövlüyünün kölgə altına salınması ilə bağlı cəhdləri müşahidə olunur. Beynəlxlaq ictimai rəy, xüsusilə demokratiya ilə öyünən Qərb dünyası həddən artıq həyasızlaşıb.

Bunlar Azərbaycanın öz torpaqlarını azad etməsinə və ərazi bütövlüyünü təmin etmək istiqamətindəki hərəkətlərinə “qiyamçı qüvvələrin genosid törətməsi” kimi biabırçı don  geyindirməyə çalışırlar.  Adam dəhşətə gəlir. Necə ola bilər ki, dünyada demokratiya və insan haqlarından dəm vuran ölkələr, başqa xalqların demokratiya dəyərlərinə bu qədər barmaqarası yanaşırlar. Görünən odur ki, Azərbaycan Qarabağı tam təmizləmək üçün xeyli mücadilə aparmalı olacaq”.

Politoloq bildirir ki, Minsk qrupunda olan Rusiya Cənubi Qafqazı nəzarətə almaq niyyətindədir. Lakin unudur ki, dünyanın köhnə mənzərəsi dəyişib.

“Rusiya, artıq regionda müharibə etmək gücündə deyil. Moskva öz hərərkətləri bölgədə gərginlik yaratmaqla kifayətlənəcək. Bölgədə Türkiyə var, bölgə ilə Pakisatan maraqlanır. Bölgədə eyni zamanda bizim addımlarımızı müdafiə edən İtaliya, İngiltərə kimi Avropa dövlətləri var. Belə bir şəraitdə Rusiya və Fransa kimi ortalığı qarışdıran ölkələr bölgədə sona qədər hərəkət edə bilməyəcəklər”.