Qarabağda yaşayan erməni Azərbaycanı tanımır - Arif Paşa

15:10 01.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Keçmiş Laçın alayının komandiri Arif Paşa ilə hafta.az üçün bu dəfəki söhbətimizdə əsasən Laçın şəhəri, Zabux və Sus kəndlərinin azad edilməsinin dövlətimiz və ordumuz üçün yaratdığı üstünlüklər, həmçinin Rusiyanın rəsmən “sülhməramlı” sayılan kontingentinin yeni alternativ yola yerdəyişməsindən sonra həmin yol ətrafında yenidən 5 kilometrlik dəhliz qurulmasının yaradacağı təhlükələr, Laçın rayonun eyni yol ətrafındakı təxminən 6 kəndinin məcburi köçkün sakinlərinin öz doğma yurdlarına qayıtmaları üçün yaranacaq problemlər və s. haqda danışdıq.

-Arif bəy, şükür Allaha ki,  nəhayət, 30 il 3 aydan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycan dövlətinin birbaşa nəzarət və yurisdiksiyasına qaytarıldı. Bu, ölkəmiz və xalqımız üçün böyük uğurdur. Bu münasibətlə sizə də gözaydınlığı veririk. Sizcə, bəhs edilən məntəqələrin azad olunmasının hansı hərbi və siyasi əhəmiyyəti var?

-Öncə saytınız və qəzetiniz vasitəsi ilə də bütün Azərbaycan xalqına və xüsusən də Laçın camaatına gözaydınlığı verirəm. Laçının azad olunmasının hər bir Azərbaycan vətəndaşı üçün böyük əhəmiyyəti var. İkincisi, bunun hərbi nöqteyi-nəzərdən əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhəri və Zabux kəndi Xankəndi-Gorus yolunun üzərində yerləşir. Və Zabux yalnız kənddən ibarət deyil, onun ətraf əraziləri də strateji əhəmiyyətlidir. İşğaldan öncə Laçın alayının Zabux və Cağazur kəndlərinə yaxın, Ermənistanla sərhəd ərazilərdə bütövlükdə rayonun müdafiəsi üçün olduqca əhəmiyyətli 29, 30 və 31 saylı müdafiə postları qurulmuşdu. Həmin postlarla üzbəüz ermənilərin “Tex” adlandırdıqları Dığ kəndi yerləşirdi. Bu postlardan bilavasitə Laçın-Gorus yolunun həm Azərbaycan, həm də Ermənistan  ərazisindəki xeyli hissəsinə də nəzarət edirdik. Həmçinin Dığ kəndi istiqaməti tank təhlükəli istiqamət idi. Yəni həmin ərazi nisbətən düzənlik olduğu üçün o istiqamətdən düşmən tanklarla hücuma keçə bilərdi...  Bir sözlə, Zabux yetərincə strateji əhəmiyyətə malik bir məntəqə idi və onun da Azərbaycan  ordusunun nəzarətinə keçməsi əhəmiyyətli hadisədir...

Bəhs edilən məntəqələrin azad olunmasının siyasi əhəmiyyəti isə ondan ibarətdir ki, Azərbaycan dövləti daha bir uduş etdi. Əslində bu, bütövlükdə xalqımızın uduşudur. Eyni zamanda bu, Laçına, Zabuxa, Susa qayıdacaq insanlar üçün yeni bir həyati stimuldur. Bir sözlə, həm hərbi, həm siyasi baxımdan, həm də insanlarımızın bugünkü və gələcək taleyi baxımından çox əhəmiyyətli bir hadisədir...

-Bildiyiniz kimi,  Rusiya tərəfi və Xankəndindəki separatçılar ermənilərin Qarabağdan Ermənistana gediş-gəlişi üçün Laçın rayonu ərazisindən keçən alternativ yolun ətrafında da 5 km enində dəhliz yaradılmasında israrlıdır. Və bu halda  Laçınım köhnə dəhlizdəki azı 1 və yeni dəhlizdəki azı 5 kəndi yenidən Rusiya hərbi kontingentinin nəzarətində qalmalıdır. O ərazini qarış-qarış tanıyan peşəkar bir hərbçi kimi bu məsələyə münasibətiniz oxucularımız üçün də maraqlı olardı...

-Azərbaycan ərazisindən ermənilərə hər hansı yol,  dəhliz verilməsindən danışarkən öncə həmin məsələnin fəlsəfəsini, mahiyyətini anlamaq lazımdır. Hesab edirəm ki, hərbi qələbə çaldığımız 44 günlük müharibə dayandıqdan dərhal sonra  birinci Azərbaycan tərəfi sual qoymalıydı ki, Qarabağda məskunlaşmış ermənilər Azərbaycanın ərazi bütövlüyü və  suverenliyini, vətəndaşlığını qəbul edirlərmi? Yalnız onların ölkəmizin ərazi bütövlüyü və  suverenliyini, vətəndaşlığını qəbul edəcəyi və artıq vətəndaşımız olacaqları halda Azərbaycan haylara Ermənistana gedib-gəlmək üçün yol verməliydi. Əks halda, yəni ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, vətəndaşlığını qəbul etməyib özlərini Xankəndindəki separatçı-terrorçu qurumun qondarma vətəndaşı hesab edəcəklərsə, biz nəyə görə onlara nəinki yol, üstəlik, dəhliz də verməliyik? Bu, hansı məntiqə, hansı qanuna sığır?

Biz  nə üçün Rusiya və Ermənistan tərəfindən dəstəklənib idarə olunan qondarma separatçı qurum mənsublarının torpaqlarımızda yaşamasına və harasa gedib-gəlməsinə rahat şərait yaratmalıyıq? Yox əgər Qarabağdakı ermənilər Azərbaycanın vətəndaşı kimi bizim qanunlarla yaşayacaqlarsa, nə üçün orada “sülhməramlı”lar-filanlar olmalıdır? Bilirsiz, Qarabağda yaşayan erməni yalnız Ermənistana gedib-gəlir. Deməli, o, yalnız Ermənistanı tanıyır, Azərbaycanı tanımır. Azərbaycan dövləti və xalqı ilə hər hansı bir əlaqə, münasibət qurmaq istəmir. Deməli, o, bizim respublikanın, dövlətimizin varlığını qəbul etmir.  Və bu baxımdan Azərbaycan ərazisində yaşayan və ərazi bütövlüyümüzü, vətəndaşlığımızı qəbul etmiş erməninin şəxsiyyət vəsiqəsi onun üçün ən yaxşı yoldur, koridordur da, dəhlizdir də... Yəni həmin sənədlə o, nəinki Ermənistana, digər vətəndaşlarımız kimi Bakıya da, Gəncəyə də, Şəkiyə də və s. sərbəst gedib-gələ bilər. Bir sözlə, Qarabağdakı ermənilər üçün birinci şərt belə olmalıdır: dövlətimizin vətəndaşlığını, ərazi bütövlüyünü qəbul edəcəksənsə, burada yaşaya bilərsən. Yox deyilən şərtləri qəbul etmirsənsə, sənə bircə dəfə yol verilə bilər: ölkəni tərk elə...

İkincisi, 30 ildən çoxdur ki, Qarabağdan, Zəngəzurdan didərgin düşmüş soydaşlarımız, o cümlədən laçınlılar həsrətlə öz yurdlarına dönəcəkləri günü gözləyir.  Laçın şəhəri, Zabux və Sus kəndləri rəsmən yurisdiksiyamıza keçdi. Çox yaxşı... İndi isə ermənilər tələb edir, Rusiya da onlara dəstək verir ki, yeni yol ətrafında 6 kənd də köhnə yoldakı kimi 5 km-lik dəhlizə salınsın. Belə çıxır ki, 30 ildən çoxdur, bizlərə zülm edən, bizləri öldürən, əsir götürən, didərgin salan və demək olar ki, əksəriyyəti terrorçu və işğalçı xislətli olan və üstəlik, dövlətimizi, vətəndaşlığımızı qəbul etmək istəməyən ermənilərin Ermənistana rahat gediş-gəlişi üçün şərait yaratmalıyıq, amma 6 kəndimizin minlərlə sakini hələ bundan sonra naməlum müddətdə yenə də öz yurdlarının, dədə-baba məzarlıqlarının həsrəti ilə yaşamalıdırlar... Niyə belə olmalıdır? Qalib tərəf kimi hər bir şərti Azərbaycan dövləti qoymalı, diqtə etməli deyilmi... Nəyə görə biz Gəncəni, Bərdəni, Tərtəri və s. raket atəşinə tutan separatçı və terrorçuların nazı ilə oynamalıyıq?.. Nəyə görə Laçının  6 kəndinin sakinləri  dövlətimizi tanımayan separatçı və terrorçulara görə əziyyət çəkməlidir?..

-Belə çıxır ki, biz separatçı, işğalçı və terrorçu xislətli ermənilərə qarşı həddindən artıq insanpərvər davranırıq?

-Məgər bu günədək dünya ictimaiyyəti bizim atdığımız humanist addımları dəyərləndirib ki, bundan sonra da dəyərləndirsin?.. Hələ bir xeyli əvvəl Azərbaycanın ərazi bütövlüyü məsələsi səsə qoyulanda  ATƏT-in o bədnam Minsk qrupunun hər 3 həmsədri: həm Rusiya, həm ABŞ, həm də Fransa nümayəndələri bizim ərazi bütövlüyümüz əleyhinə səs vermişdilər. Baxmayaraq ki, ATƏT-in təməl prinsiplərindən biri ölkələrin ərazi bütövlüyünün tanınmasıdır. Və təsəvvür edin ki, neytral arbitr rolunda çıxış etməli olan hər 3 ölkə ermənipərəst mövqe tutur və işğalçı Ermənistanın mənafeyini müdafiə edir. Son günlər isə Şuşaya beynəlxalq konfransa dəvət olunmalarına rəğmən ABŞ və Fransa səfirləri yenə də getmədilər. Maraqlısı odur ki, mənim ölkəmin ərazi bütövlüyünü təmin etməsi məsələsi dünyada demokratiyadan danışan dövlətlərin xoşuna gəlmir... Ona görə də həmişə demişəm ki, mənim üçün Rusiya kimdirsə, Fransa da elə həmin mahiyyətdir, həmin motivdir...

Bizim Qərb, beynəlxalq ictimaiyyət qarşısında istənilən reveransımız, ən humanist addımlarımız belə, onlarda bizə qarşı müsbət və rəğbətli hisslər yaratmır, müsbət münasibət formalaşdırmır. Dəfələrlə təkrar etmişik: üzərimizə gələn terrorçuları tuturuq, sonra qaytarırıq geriyə, onlar da gedib yenidən silahlanıb üstümüzə gəlirlər. Halbuki, sənin üzərinə elə birinci dəfə silahla gələn düşmən məhv edilməlidir.  Bu halda artıq hansısa humanist prinsliplər işləmir. Çünki həmin düşmən mənim üzərimə eyni prinsiplərlə gəlmir, o, məni öldürməyə gəlir. Mən isə onu tuturam və geri qaytarıram. Və təbii ki, ona yenidən üzərimə gəlmək üçün stimul verirəm. Amma özümüzü bir anlıq qoyaq ermənilərin yerinə, bizim yerimizə onlar olsaydı, belə davranardılarmı? Mənim  dinc əhalimi amansızlıqla qıran erməni silahlı əsgərimi tutub sağ-salamat mənə qaytarardımı? Bizim 1990-cı illərdə Xocalıdan, Kəlbəcərdən, Laçından və s. didərgin kimi bir dəqiqə belə vaxt verilmədən soyqırımla, artilleriya, raket atəşləri ilə müşayiət olunan çıxma nümunəmiz var, hayların da 2020-ci ildəki qələbəmizdən sonra on günlərlə vaxt verilərək Kəlbəcərdən, Laçından arxayınca çıxma nümunəsi ortalıqdadır. Qərb, ABŞ, Avropa bütün bunları ədalətlə dəyərləndirirmi? Biz Hadrutda həbs etdiyimiz terrorçuları, Şuşada ələ keçirdiyimiz terrorçu snayper qadını geri qaytardıq – bunları dəyərləndirdilərmi?.. 

Bu baxımlardan xarici faktorlara qarşı sərtlik və prinsipiallıq, daxili faktorlara qarşı yumşaqlıq, sülhpərvərlik, barış və anlaşma prinsiplərini əsas götürməliyik...

-Məlumdur ki, 10 noyabr bəyanat-razılaşmasına əsasən Şuşa rayonunun Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqla qalan bütün ərazisi Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Odur ki, ermənilər üçün yeni dəhliz də yalnız 1 dekabr 2020-ci il tarixdə Laçın-Şuşa yolu ətrafındakı  5 km-lik enində dəhliz istisna olmaqla ərazisi işğaldan azad olunmuş Laçın rayonu ərazisindən keçə, yəni eyni rayon daxilində köhnə dəhliz yenisi ilə əvəzlənə bilər. Odur ki, alternativ yolun  Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir…Və bu mənada Laçının həmin kəndlərlə qonşu olan Ağanus kəndi də yenidən dəhliz ərazisinə salına bilməz... Əks halda Rusiya hərbçiləri yenidən Laçın şəhərindən və Laçın-Şuşa yolundan hava xətti ilə 1,5-2 km məsafədə nəzarət-müşahidə postu qurmalıdırlar ki, bu da onların yenidən Laçın şəhərinə və ətraf kəndlərə nəzarət etməsi deməkdir... Sizcə, bunlar qəbul oluna bilərmi?

-Əvvəla, onu deyim ki,  Şuşanın Kiçik və Böyük Qaladərəsi kəndləri ətrafındakı yüksəkliklər də həm Laçın şəhəri, həm də Şuşa-Laçın yolu üçün strateji əhəmiyyət kəsb edir. Bəli, dediyiniz kimi, əgər  alternativ yol ətrafında da 5 km-lik dəhliz yaradılarsa, belə çıxır ki, Laçın ətrafındakı bir sıra strateji yüksəkliklər Rusiyanın və dolayısıyla separatçı-terrorçu rejimin nəzarətində qalır. Və kim zəmanət verir ki,  sabah Rusiya-Ermənistan birliyi bu vəziyyətdən yararlanıb Laçını yenidən işğal etməyəcək. Bu, gələcək üçün çox təhlükəli məsələdir. Digər tərəfdən, niyə dəhliz məhz 5 km enində olmalıdır. Atıcı silahların hər birinin normal atış məsafəsi var: 700-800 metr, 1000-1500 metr və s. Biz guya o yolu hansı silahla vuracağıq? Hansı hərbi məntiqə əsaslanaraq bu parametri müəyyən ediblər. Üçüncüsü,  Azərbaycana da Naxçıvana rahat, təhlükəsiz gedib-gəlmək üçün  eyni cür 5 km-lik dəhliz verilirmi? Axı Naxçıvana gedib-gəlmək üçün heç bir cığır da verməyiblər... Rəhmətlik Cövhər Dudayevin bir ibrətamiz sözü var: “Ruslarla bağlanmış sülh müqaviləsi suyun üzərinə çəkilmiş imza kimidir...” Əgər Rusiya və Ermənistan öz imzalarına hörmət qoyub Zəngəzur dəhlizinin açılması, eləcə də erməni silahlılarının,  terrorçuların Qarabağdan çıxarılması və s. barədə öhdəlikləri yerinə yetirmirsə,  Azərbaycan niyə birtərəfli qaydada üzərinə düşəni etməli və yenidən 5 km dəhliz verməlidir ermənilərə? Odur ki, öncə dediyim kimi, biz işimizi konkret olaraq Qarabağdakı ermənilərlə görməliyik. Onların Azərbaycan vətəndaşlığını qəbul etməyəcəyi halda ölkə ərazisini birmənalı olaraq tərk etməlidirlər. Bu halda vasitəçiyə, Rusiya “sülhməramlı”sına ehtiyac qalmır.  Ermənilərin vətəndaşlığımızı, ərazi bütövlüyümüzü qəbul edəcəyi halda da yenə  hansısa “sülhməramlı”ya-filana ehtiyac yoxdur. Çünki Azərbaycan dövləti və ordusu digər millətdən olan vətəndaşları kimi erməni vətəndaşlarının da təhlükəsiz yaşamını, ölkədaxili sərbəst hərəkətini özü təmin edəcək...