Qarabağdakı ermənilərlə danışıqlarda nəticə yoxdur - Fazil Mustafa

10:38 22.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rus hərbi kontingentinin indiki missiyası sülhyaratmadan daha çox erməniləri qorumaq missiyasıdır

Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarılması cəhdlərinin qarşısını alacağıq

 44 günlük müharibə regionda yeni reallıqların bünövrəsini qoysa da, Ermənistan və havadarları revanşist siyasətlərindən əl çəkmir. Hərbi, siyasi, iqtisadi sahədə region və dünyada öz tələblərini diqtə edən Azərbaycan yenə də Qarabağ bölgəsində təsir və təhdidlərlə üzləşir.  Qarabağ, erməni revanşizmi bəhanəsi ilə “problem” olaraq beynəlxalq müstəvidə müzakirə predmetinə çevrilir. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Fazil Mustafa mövcud vəziyyəti dəyərləndirib.

- Üçtərəfli bəyanatdan sonra Qarabağ İqtisadi Zonasında müvəqqəti yerləşən Rusiya sülhməramlılarının missiyasına aid ərazilərimizdə mövcud olan erməni separatçı rejımi və onun təsiri altında qalan etnik ermənilər Azərbaycanın rəsmi sülh çağırışlarına hansı reaksiyanı verir?

- Deputat həmkarımız Ramin Məmmədov  Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq erməniəsilli sakinlərlə bu danışıqların aparılmasını təmin edir. Bu istiqamətdə müəyyən bir komanda formalaşıb və Azərbaycan vətəndaşı olan ermənilərin sülh şəraitində inteqrasiyasına yönəlik danışıqlar davam edir.

İndiki məqamda  hələ ki, konkret nəticə yoxdur. Erməni vətəndaşlarının bütövlükdə Rusiya sülhməramlılarının vasitəçiliyilə sülh, birgəyaşayış naminə danışığa gəlməsi, hər halda, prosesin irəliləyə  biləcəyini göstərir. Azərbaycan çalışır ki, erməni sakinlərlə birbaşa təmaslar qurulsun. Erməni sakinlərini təmsil edən nümayəndlər bir neçə dəfə Bakıya da dəvət olundular. Bunlar imtina ediblər və hələ ki, hər hansı müsbət reaksiya göstərmirlər. Daha çox neqativ reaksiyalar gəlir. Müəyyən bir pozitiv çağırışlar da eşidilməkdədir. İçəridə olan qarşıdurma onu göstərir ki, ermənilər hər hansı bir şəkildə dalana dirənəndə istənilən prosesə qoşulmağa məcbur qalırlar. Hər halda Azərbaycan öz tərəfindən lazım olan zəruri addımları atıb, qalır Ermənistanın bu məsələlərə hansı reaksiyanı verməsi. Reaksiya normal olacaqsa, yaxın zamanlarda birbaşa kontaktların qurulması mümkündür. Əgər Ermənistan və onun Azərbaycan ərazisində qalan separatçı tör-töküntüləri müharibə, revanşist niyyətlərindən əl çəkməyəcəklərsə, heç şübhəsiz ki, bunun da məsuliyyəti onların öz üzərinə düşür. Azərbaycan öz ərazilərində suverenliyinə, dövlət təhlükəsizliyinə təhdid yaradan, qanunlarını heçə sayan hər hansı qanunsuz qrupun cinayətkar əməllərinə, yaxud qeyri-adekvat addımlarına sonadək  dözmək fikrində deyil.

- Sülhməramlılar ərazilərimizdə qurduğu məlum “təmas xətti”ndə hansı mövqeni sərgiləyir?

- Ermənilərin, separatçıların arxayın olduğu bir tək qüvvə qalıb. Bu, Rusiya sülhməramlılarıdır.  Ermənistanın bölgə ilə özbaşına təmasları kəsildiyinə görə, burada hər hansı şəkildə qarışdırıcılıq imkanına sahib deyil. Rusiya sülhməramlıları ermənilərə silah-sursat daşımaqla məşğuldurlar və orada hər hansı bir şəkildə Azərbaycanın maraqlarına uyğun addımlar atmağı da düşünmürlər. Ona görə də rus hərbi kontingentinin indiki missiyası sülhyaratmadan daha çox erməniləri qorumaq missiyasıdır. Bu missiyaya qarşı Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək müəyyən addımlar atır, vaxtaşırı olaraq xəbərdarlıqlar edir. Laçında sərhəd-buraxılış məntəqəsinin qoyulması, artıq Azərbaycanın tədricən öz iradəsini gerçəkləşdirdiyini göstərir. Ona görə də bu məsələdə tərəfimizdən hər hansı narahatlıq üçün əsas yoxdur.   Biz sonadək prosesi irəli aparacağıq.

– ASPA-da Lacın yolundakı vəziyyət müzakirə çıxarılır. Ümumiyyətlə, bu məsələnin beynəlxalq təşkilatlarda gündəmə gətirilməsi ilə nəyə nail olmaq istəyirlər?

- Laçın yolundakı vəziyyətin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması bilavasitə Azərbaycanı istəməyən qüvvələrin məsələyə müdaxilə etmək istəyi ilə həyata keçirilir. Heç bir nəticə ortaya qoya bilməyəcək, boş səylərdir. Azərbaycan ərazisində kiminsə bizə diqtə etmək ixtiyarı yoxdur. Bu, AŞPA-da bizim öhdəliklərimiz kontekstinə də daxil deyil. Götürdüyümüz öhdəliklər həm də bizim suverenliyimizin  qorunması baxımından nəzərdə tutulub. Ona görə də Laçın postu ilə bağlı AŞPA-da hər hansı bir şəkildə problem yaşayacağımızı düşünmürük. Orada “Ermənilər blokadadır”, “Ermənilər çətinliklər yaşayır” kimi qondarma çıxışlar olacaq. Bunlar isə real vəziyyəti əks etdirmir, çünki Azərbaycan beynəlxalq hüquqa söykənərək öz dövlət sərhədində post qurub.

Son günlər erməni təxribatı nəticəsində postun işləməsinin dayandırılmasına qərar verilib. Təhlükəsizlik tədbirləri görüləndən sonra fəaliyyətini davam etdirəcək. Ona görə də hesab edirəm, AŞPA-da Laçın yolundakı buraxılış məntəqəsinin müzakirəsi boş və mənasızdır. Azərbaycan tərəfi qətiyyətlə onların cavabını verəcək.

– Azərbaycan bəyan edir ki, Qarabağda yaşayan erməni sakinləri ilə vəziyyətin tənzimlənməsi daxili isimizdir. Erməni tərəfi və havadarları bu məsələni beynəlxalq platformalara dasıyır... Bu cür hücumların qarşısını  necə almalıyıq?

- Ermənilər Azərbaycan sərhədləri daxilində yaratdığı gərginliyi hansı platformaya daşısa da, bu, bizim daxili işimiz kimi qəbul olunur.  Zaman da göstərdi ki, bu istiqamətdə bizim mövqelər kifayət qədər güclüdür.  Hər hansı bir şəkildə ermənilərin revanşgötürmə istəkləri baş tutmayacaq. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. İndi bu platformada özlərinə təsəlli üçün belə bir müzakirə açırlar, amma bunun hər hansı effektinin olacağını düşünmürəm. Azərbaycan tərəfi özünün bütün imkanları ilə Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olmasını və onların Azərbaycan vətəndaşı kimi mövcudluğunu təmin edəcəkdir. Kimsə buna razı olmayacaqsa, ərazini tərk edib öz istədiyi yerə gedəcək. Xüsusilə də biz terrorçuları hər hansı bir şəkildə ölkədə sonadək daşımaq düşüncəsində deyilik və onlara qarşı mübarizəmizi davam edəcəyik.

- Ermənistanın Azərbaycanda törətdiyi soyqırımı və qırğınlara,  vurulan böyük maddi-mənəvi zərərə beynəlxalq təşkilatların susqun yanaşması nəyə xidmət edir?

- Beynəlxalq təşkilatların bir çox məsələdə susqun mövqe nümayiş etdirməsi əlimizdəki arqumentləri gücləndirir. Bütün hallarda bu prosesdə öz maraqlarımızın təmin edilməsi baxımından müəyyən addımlar atmağa çalışırıq. Hər hansı bir şəkildə bu qüvvələrin Azərbaycana qarşı fəaliyyət göstərməsinə də imkan tanımırıq. Ona görə də beynəlxalq təşkilatların hər hansı vasitəçilik missiyasının  bir xeyri olacağını düşünmürəm.  Azərbaycan qətiyyətli şəkildə məsələni beynəlxalq müstəvidən çıxarıb daxili məsələyə çevirib. Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarılması cəhdlərinin qarşısını alacağıq.