Qarabağdakı sadə, yoxsul ermənilərlə yanaşı yaşaya bilərik - Azay Kərimov

11:10 30.01.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış Qarabağ qazisi, doğma Şuşasına və rayonun Malıbəyli kəndinə dönməyi səbirsizliklə gözləyən istefada olan kəşfiyyat polkovniki Azay Kərimovla “Həftə içi” üçün  növbəti söhbətimizdə yaxın gələcəkdə Qarabağda ermənilərlə birgə, dinc yanaşı yaşamaq problemlərindən, 1989-1992-ci illərdə münaqişə zonasına yeridilmiş sovet-rus qoşunlarının indiki Rusiya sülhməramlılarıyla fərqindən və s. mövzularda danışdıq.

- Azay bəy, həyatınızın xeyli hissəsini Qarabağda - Şuşa rayonunun Malıbəyli kəndində yaşamısınız. Qonşuluqda ermənilər yaşayan kəndlər olub. Eləcə də Şuşa şəhərində və Xankəndidə də işləyərkən ermənilərlə ünsiyyətdə olmusunuz. Necə düşünürsünüz, İnşallah, sizin kimi  yüzminlərlə soydaşımızın torpaqlarımıza dönməsindən sonra, orada – qonşu kənddə və ya eyni şəhərdə ermənilərlə, necə deyərlər, dinc yanaşı yaşamaq necə mümkün olacaq?

- Bilirsiniz, ən azı, 1988-ci ildən bəri ermənilər tərəfindən çoxumuzun özünə, ailəsinə, doğmalarına böyük zərbələr dəyib. Arada hədsiz nifrət hissi yaranıb. Onu da deyim ki, Qarabağda öncədən yerləşmiş ermənilərlə biz sovet dövründə dinc yanaşı yaşayırdıq. Aramızda ciddi bir problem olmurdu. Yadımdadır ki, 1989-1991-ci illərdə, artıq münaqişənin silahlı qarşıdurmaya keçdiyi bir vaxtda,  Şuşanın  Malıbəyli kəndinə qonşu olan  Dağdağan kəndindəki ermənilər bizə bir güllə də atmamışdılar. Onlar bizimlə rastlaşanda bunları danışırdılar: “Biz kəndə gələn saqqallı “boyevik”lərə deyirik ki, oğullarımızın sizə qoşulub azərbaycanlılara qarşı qırğın törətməsini istəmirik. Buna cavab olaraq həmin quldurlar gecə gəlib evdən arvadlarımızı, qızlarımızı aparıb ya güllələyir, ya da zorlayırlar. Bir sözlə, nə yolla olur-olsun, bizi məcbur edirlər ki, Azərbaycana qarşı müharibədə iştirak etməlisiniz...”. 

Bax, belə yollarla münaqişə alovlandıqdan, artıq Xocalı, Qaradağlı soyqırımları baş verdikdən, torpaqlarımız işğal olunduqdan və yenidən xeyli hissəsi azad olunduqdan sonra müşkül bir vəziyyət yaranıb. Qarşılıqlı nifrət pik həddə çatıb. Bu gün  bəlkə də birtəhər dişimizi sıxıb oradakı yerli sadə, yoxsul ermənilərlə yenə də yanaşı yaşaya bilərik.  Bəlkə də bizimlə əvvəlkitək yanaşı,  mehriban yaşamaq onların da ürəyindən keçir... Hamı ehtiyat edir ki, cəzalanmamış, təmizlənməmiş, orada-burada silah-sursat gizlətmiş ekstremist, separatçı, terrorçu ermənilər bir daha aranı qızışdıra, yenidən mülki azərbaycanlı əhaliyə hücumlar təşkil edə bilərlər. Əlbəttə, dövlətimiz, müvafiq qurumlarımız bu məsələ üzərində ciddi düşünür və tezliklə lazımi tədbirlər görəcəklər...

- Yəqin ki, digərlərinə dərs olması üçün öncə Qarabağ münaqişəsinin əsas baiskarları  cəzalandırılmalıdır?..

- Əlbəttə. Nə qədər Qarabağdakı Azərbaycan torpaqlarında, xüsusən Xankəndidəki, Əsgərandakı silahlı ermənilərin çıxarılmasıyla yanaşı, sovet dövründən bəri burada azərbaycanlılarla münasibəti  qızışdıran, əsasən, Ermənistandan gələn, eyni zamanda, xarici kəşfiyyat agentləri – Zori Balayanlar, Robert Köçəryanlar, Serj Sərkisyanlar, Samvel Babayanlar, Vitali Balasanyanlar və s. yaxalanıb  cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmayıb, gələcək üçün təhlükələr hələ də qalacaq. 

1988-1990-ci illərdə öncədən buralarda yaşamış ermənilərin çoxunu məhz xaricdən  xüsusi olaraq göndərilən və ya Qarabağda yaşasa da, əvvəldən kəşfiyyat qurumları tərəfindən ələ alınmış ekstremist ermənilər qızışdırıb yoldan çıxarır, müxtəlif vasitələrlə azərbaycanlılara qarşı yönəldirdilər...

- Bir keçmiş döyüşçü kimi daha hansı məsələlər narahat edir sizi?

- Allaha şükürlər olsun ki, nəhayət, işğal altındakı torpaqlarımızın xeyli hissəsinin birbaşa döyüş yolu ilə, digər 3 rayonun isə sülhlə azad edilməsinin şahidi olduq. Məni  bir vətəndaş kimi bəzi məsələlər narahat edir. Niyə Xocalının adı çəkilmir? Niyə  Xankəndinin, Şuşa yaxınlığındakı Malıbəylinin, Quşçuların, Kərkicahanın, Kosaların, Cəmillinin, Meşəlinin, Xəlifəlinin adı çəkilmir? Bunların taleyi necə olacaq?..

Dövlətimiz sağ olsun, artıq Füzulidən Şuşaya yol çəkir.  Nəyə görə biz Şuşaya əvvəlki kimi məhz Xankəndidən keçib getməməliyik? Ağdamın mərkəzindən mənim doğma kəndim Malıbəyliyə cəmi-cümlətanı 28 km.-dir. Ona görə də  şəxsən bir Qarabağ qazisi olaraq öz doğma kəndimə - Malıbəyliyə,  əziz Şuşaya Bərdədən, Ağdamdan gedən daha qısa yolla - Əsgərandan, Xocalıdan, Xankəndidən keçib-getmək istəyirəm. Həm də bununla bir vətəndaş olaraq özüm üçün sübut etmək istəyirəm ki, Əsgəran da, Xocalı da, Xankəndi də bizimdir. Buna görə də Füzuli-Şuşa yolu asfaltdan yox, qızıldan olsa da, Şuşaya o yolla getməyəcəyəm...

Doğrudur, bir daha təkrar edirəm, 44 günlük savaşda biz bir xalq, dövlət olaraq böyük uğurlar qazandıq.  Buna görə Ali Baş Komandana, ordu rəhbərliyinə, həmin savaşlara qatılmış hər bir hərbçimizə təşəkkür edir, şəhidlərimizin qarşısında baş əyirəm. Bizim tam və qəti qələbəmiz məhz keçmiş Dağlıq Qarabağ ərazisində də milli hakimiyyətimizi qurduqdan sonra olacaq... Böyük ümid edirəm ki, bugünədək Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Qarabağın ürəyi Şuşanın azadlığına nail olan Ali Baş Komandan biz vətəndaşlarımızın bu narahatlıqlarını bilir, duyur və zamanı gələndə onlara da son qoyacaq...

- Siz Qarabağ  münaqişəsinin qondarıldığı ilk illərdə sovet-rus hərbçilərinin Qarabağ torpaqlarında olduğu vaxtlarda da polis zabiti kimi Şuşada, Xankəndidə çalışmısınız. Bu gün Rusiya sülhməramlılarının öz funksiyalarından kənar davranışlarından çox şikayətlər var. O dövrdə isə hətta rus hərbçilərinin birbaşa erməni terrorçularına dəstək verdiyi də deyilir... Belə faktların şahidi olmuşdunuzmu?

- Bu, xalqımız, dövlətimiz üçün çox ciddi məsələdir. Qırx dörd günlük savaşdakı şanlı uğurumuzdan bəri, deyirik ki, Qarabağda, “Laçın “dəhlizi”ndə, yəni Azərbaycan torpaqlarında yerləşmiş Rusiya hərbçilərinin statuslarından kənar davranışlarına, separatçı, terrorçu ermənilərlə qol-boyun olmalarına, onların öz xuntalarını qoruyub-saxlamalarına dəstək vermələrinə səbirlə, təmkinlə yanaşaq, amma inanın ki, alınmır. Xüsusən biz keçmiş döyüşçülər, qazilər üçün bu, daha çətindir. Atalar deyir, ilan vuran ala çatıdan qorxar. Biz, dediyiniz kimi, 1988-1992-ci illərdə sovet-rus hərbçilərindən gördüyümüzü görmüşük.  Bilirsiniz, şahidi olmuşam, bu rus hərbçilər belədir ki, bunlara yarım litr tut arağı ver, maşınına da bir erməni axçiyi qoy, min boynuna, gəz, hara sürsən, gedəcəklər. Onların 1-ci Qarabağ müharibəsinin hələ bilavasitə silahlı qarşıdurmaya  keçməmiş ilkin mərhələsində Azərbaycana qarşı terror aktları törədən ermənilərə dəstək olmalarının biz canlı şahidi olmuşuq...

Səhv etmirəmsə, 1989-cu ildə Xankəndi yaxınlığından keçən Ağdam-Xocalı-Şuşa yolundakı Ağa körpüsü düz, rus hərbçilərin gözünün qarşısında ermənilər tərəfindən partladıldı. Sual olunur ki, ermənilər  düz həmin körpünün üstündə postları olan rus hərbçilərin gözündən yayınıb partlayıcını oraya necə qoyub?.. Deməli,  bu olay ya əyyaşlığın nəticəsi olan səhlənkarlıq, ya da ermənilərin etdiklərinə göz yummaq, onlara şərait yaratmaq nəticəsində baş verib... 

Belə misalların sayı-hesabı yoxdur. Bilmirsən, hansını deyəsən. Məsələn, təxminən, 1990-cı ildə  “KamAZ” sürücüsü vardı, adı yadımdan çıxıb,  şuşalılar yaxşı tanıyar. O, maşını ilə gəlib Ağa körpüsündən keçəndə sovet hərbçiləri qaydaya görə avtomobilinin altını-üstünü  yoxlayıb.  Körpüdən Şuşa istiqamətində, təxminən, 5 km getdikdən sonra həmin “KamAZ” partlamışdı. O boyda maşın parça-parça olmuş, şuşalı sürücünün də tikəsi də ələ gəlməmişdi... Sonradan məlum oldu ki, ermənilər Ağa körpüsündə dayanan rus hərbçi zabitlərdən birinə pul veriblər ki, azərbaycanlıların yük maşınlarını yoxlayanda altına partlayıcı qoy. Həmin şərəfsiz hərbçi də o rəhmətlik şuşalının “KamAZ”ına saat mexanizmli partlayıcı yerləşdirib... 

O zaman guya Qarabağda əmin-amanlığı təmin etməli  sovet-rus hərbi komandanlığı isə bu hadisələrdən heç biri ilə maraqlanmadı da. Bizimkilər müvafiq cinayət işi qaldırsalar da, heç bir nəticə olmadı...

Bütün bunları görəndə ataların “İtlə dost ol, amma çomağı əlindən  yerə qoyma” məsəli yada düşür...

- Azay bəy, doğma Şuşaya getmək qismətiniz olmayıb ki hələ?..

- Yaralı yerimə toxunursunuz. Təəssüf ki, yox...   Səhv etmirəmsə, 1992-ci ilin qışı idi. Şuşa ətrafındakı döyüşlərdən birində, Əjdaha bulağı deyilən yerdə yaralanmış, eyni zamanda PDM-in dəm qazından zəhərlənmişdim.  Məni Şuşa xəstəxanasına gətiriblər. Bir gün özümə gəlməmişəm... Ayılanda gördüm ki,  bir göyçək xanım yaralı kimi mənə qulluq edir; sistem köçürür, alnımı silir, axşam  ayaqlarımı qoymaq üçün vedrədə isti su gətirir... Əmimqızı da xəstəxana da işləyirdi. O, yanıma gələndə soruşdum ki, mənə qulluq edən xanım kimdi belə, onu heç bizim xəstəxanada görməmişəm. Cavab verdi ki,  bəs tanmırsan,  müğənni Flora Kərimovadır; Bakıdan könüllü olaraq yaralılara xidmət üçün bizə dəstək verməyə gəlib... İnanırsınız, bunu biləndən sonra utandığımdan gecə saat 2-də çarpayının altından avtomatımı  götürüb xəstəxanadan qaçdım 777 saylı hərbi hissənin qərargahına...

Bu xatirəni ona görə danışıram ki,  Mədəniyyət Nazirliyi,  eləcə də Şuşa İcra Hakimiyyəti ermənilərdən azad olunmuş Şuşaya gedənlərin siyahısını müvafiq qurumlara verəndə, ilk növbədə, Flora xanım kimi Şuşanı əsl mənada sevən, onun müdafiəsi zamanı əlindən gələni edənləri nəzərə almalıdır. Məsələn, gözəl müğənnimiz  Zöhrə Abdullayeva Qarabağ, Şuşa adını eşidəndə hər dəfə gözləri dolur... Təəssüf ki, belə layiqli mədəniyyət xadimlərinin əvəzinə, Şuşanı heç bu 30 ildə yada salmayan kəsləri aparırlar o müqəddəs torpağa... Elə vaxtilə Şuşadan ötrü canını qoyan bizi kimi qazilər də hələ Şuşanın, Cıdır düzünün intizarındadır...

Eybi yox, təki Vətənimiz, dövlətimiz, ortdumuz var olsun!.. İnşallah, gün gələr, biz də o doğma yurdları görərik...