Qarabağın geosiyasi durumu - Müsahibə

12:58 09.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağın geosiyasi durumu erməni silahlı qüvvələrinin sülhməramlıların nəzarət etdiyi ərazilərdə aktivləşməsi ilə gərginliyini qoruyur. Ermənistan xarici işlər nazirinin Azərbaycana gələrək özünü Qarabağın rəhbəri sayan separatçı rejimin rəhbəri ilə görüşməsi və hansısa sənədlərə imza atmaları regionda hadisələrin heç də ürəkaçan olmadığını göstərir. Regionun mövcud durumu ilə bağlı hafta.az-a müsahibə verən millət vəkili Hikmət Babaoğlu müəyyən məqamlara diqqət çəkib.

- Hikmət müəllim, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın dövlət sərhəddini pozaraq Xankəndinə gəlməsi faktı Qarabağın təhlükəsizliyinin hansı durumundan xəbər verir?

- Postmüharibə mərhələsində Azərbaycan ərazisində kompakt şəkildə yaşayan erməni icması ilə Ermənistanda yaşayan ermənilər arasındakı münasibətlərin hansı çərçivədə qurulacağı və nəqliyyat kommunikasiya əlaqələrinin hansı formada olacağı imzalanmış üçtərəfli bəyannatda öz əksini tapıb. Bu bəyanatda göstərildiyi kimi, Rusiya sülhməramlılarının regiona daxil olması ilə paralel olaraq, bütün növ erməni silahlı birləşmələri, hərbi qüvvələr Azərbaycan ərazilərindən çıxarılmalıdır. O cümlədən Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi yerlərdə də olmamalıdır. Hazırki mərhələdə imzalanmış həmin 9 bəndlik maddənin şərtlərinin yerinə yetirilməsi mərhələsindəyik. Bu prosesdə müəyyən hadisələrin baş verdiyinin şahidi oluruq ki, bura terror hadisələri də daxildir. Ona görə də düşünürəm ki, razılaşdırılmış bəyannamənin tələblərinin tam yerinə yetirilməsi üçün bir qədər zamana ehtiyac olacaq.

Ermənistan xarici işlər nazirinin Qarabağa gəlməsi isə Azərbaycan XİN-nin bəyanatında da qeyd edildiyi kimi, imzalanan bəyannamənin tələblərinə ziddir, regionda vəziyyəti gərginləşdirir. Yəni qəbul olunmuş bəyannamədəki şərtlərin  tələblərinin yerinə yetirilməməsi həmin sənədi imzalayan Ermənistanın etibarsızlığını göstərmiş olur. Gələcəkdə belə halların qarşısı mütləq alınmalıdır və Azərbaycan ərazisinə hər hansı rəsmi, yaxud qeyri rəsmi şəxslərin kənardan daxil olması Azərbaycanın qanunları çərçivəsində, Azərbaycanın icazəsi ilə baş tutmalıdır.

- Sərhədlərimizin bu şəkildə kobud pozulması faktı hazırda sülhməramlıların nəzarət etdiyi Dəhlizin bağlanması üçün şərt ola bilərmi?

-  Proses ümumən normal qaydada irəliləyir və təkcə hər hansı bir detalı götürüb, sərhədlərin delimitasiyası və demokrasiyası ilə bağlı əldə olunan nailiyyətləri, millitarizə olunmuş Qarabağdakı silahlı qruplaşmaların tərksilah edilməsi, minaların təmizlənməsi və sair bu kimi məsələləri kənarda qoyub vəziyyəti sadəcə bir hadisənin üzərindən qiymətləndirməyə çalışsaq, doğru olmaz. Ona görə də bir qədər səbrli olub, məsələlərə kompleks yanaşmalıyıq. Lakin belə hallar təkrar olunarsa, Azərbaycan ərazilərində suveren hüquqlarını mütləq tələb edə və hər hansı qətiyyətli addımlar ata bilər.

-. Hesab edilir ki, belə hadisələr ölkəmiz daxilində narazılıq və parçalanma yaratmağa hesablanıb. Siz necə düşünürsüz?

- Sosial medianın narahatlığını başa düşürəm və Azərbaycan vətəndaşlarının bu cür məsələlərə həssas yanaşması əslində təqdir olunan hadisədir. Sosial şəbəkə istifadəçiləri dediyiniz, bizim Azərbaycan vətəndaşlarıdır, onlar ölkənin ictimai rəyini təyin etməklə, həm də Azərbaycan ictimaiyyətinin haqlı mövqeyini göstərirlər. Amma mən düşünürəm ki, məsələlərə bir qədər daha strateji baxmaq lazımdır.

Rusiya bizim qonşumuzdur. Vətən Müharibəsində Rusiyanın davranışları kifayət qədər obyektiv oldu və elə Azərbaycan ictimaiyyəti, sosial şəbəkə istifadəçiləri də bunu yüksək qiymətləndirdilər. Eyni zamanda, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Nəhayət imzalanmış üçtərəfli bəyanatda tərəflərdən biridir, üzərinə tarixi, siyasi məsuliyyət götürmüş bir ölkədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya dünya siyasətini müəyyən edən güc dövlətlərindən biridir. Ona görə də hər hansı bir hərəkətə görə dərhal sosial şəbəkələrdə bir antirusiya əhval-ruhiyəsinin formalaşmasını o qədər də məqbul hesab eləmirəm.

Bəzən biz regionda və dünyadakı güc balansını düzgün hesablamayanda, hətta o güc balansı ilə öz maraqlarımızı uzlaşdırmayanda daha böyük problemlərlə üzləşə bilərik. Hesab edirəm ki, hazırki mərhələdə şübhəsiz ki, Rusiya tərəfi nə qədər böyük etimadı, məsuliyyəti üzərinə götürdüyünü dərk edir və onun regiondakı fəaliyyətinin də məhz Azərbaycan ictimaiyyətinin etimadı ilə ölçüləcəyini bilir. Rusiyada bunu düşünən çox böyük beyin mərkəzləri var. Heç kəs düşünməsin ki, Rusiyanın hansısa siyasəti təsadüfi xarakter daşıyır. Rusiya həmişə strateji düşünməyi bacaran dövlət kimi çıxış edir. Rusiya da fərqindədir ki, regionda etimadı itirərsə, gələcək perspektivlərinə kölgə salmış olacaq. Ona görə də düşünürəm ki, yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək. Proseslər inkişaf etdikcə də, Azərbaycan hər qarış ərazisində öz suveren hüquqlarını bərpa etmiş olacaq.

- Hikmət müəllim, Rusiya mətbuatının yaydığı məlumatlara görə yanvarın 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər...

- Bu görüşlə bağlı Azərbaycan tərəfindən rəsmi fikir səsləndirilməyib. Ona görə də bu barədə hər hansı bir fikrim yoxdur. Amma yaxşı bilirik ki, hər hansı dövlətlərarası və regional münasibətlər bəyannamələrlə uzun müddət idarə olunmur. Ona görə də şübhəsiz ki, önümüzdəki mərhələdə sülh sazişinin imzalanması qaçılmazdır. Bunun nə vaxt olacağı, nə qədər çəkəcəyi bəlli olmasa da, nəticə etibarı ilə belə bir mühüm sənədin imzalanması perspektivdə mümkündür. Əlbəttə ki, Ermənistan ictimaiyyətinin narahatlığı da özlərinə görə haqlıdır. İşğalçı ölkə məğlub edilib, torpaq iddialarından əl çəkməlidir, qonşu ölkənin sərhədlərini tanımalı, onun maraqlarını qəbul etməlidir, regionda inteqrasiyaya hazır olmalıdır. Bunun üçün də təkcə siyasi müstəvidə deyil, ideoloji, diplomatik müstəvidə də öz ambissiyalarından, faşizm ideologiyalarından imtina etməlidir.

- Biz ermənilərə, Ermənistana sülh təklif etdiyimiz halda, ermənilər silahlanır. Bu gedişatla bizi hansı sonuc gözləyə bilər?

- Bir məsələ çox aydındır ki, bundansonrakı mərhələdə hadisələrin yenidən hərbi müstəviyə keçilməsi və hərbi müstəvidə inkişaf etməsi regionun əsas aktorlarının heç birinin marağında deyil. Nə Rusiyanın marağındadır, nə də Ermənistanın. Ermənistan nə qədər radikal çıxışlar etsə də, öz ordusunun müdafiə və təhlükəsizlik sistemini itirən bir ölkə olaraq yenidən hansısa hərbi konfliktdə maraqlı ola bilməz.  Rusiya onsuz da regionda proseslərdən narazı qalan və orda iştirak etmədiyinə görə revanş məqsədi ilə yeni təxribatın olmasında maraqlı olan bəzi kənar güc mərkəzləri üz-üzə qalıb. Belə olduğuna görə müharibə Rusiyanın maraqları kontekstində məqbul deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Qardaş Türkiyə bu prosesdə yaxından mənəvi və diplomatik dəstək verib və hadisələrin yenidən hərbi müstəviyə daşınması Azərbaycanla Türkiyənin də marağında deyil. Düşünürəm ki, belə cəhdlər baş versə belə, ciddi olmayacaq və vəziyəti dəyişə bilməyəcəkdir.

Regionun gələcəyi ilə bağlı çox optimist düşünürəm. Çünkü buna çox ciddi əsaslar var. 1991-ci ildə müstəqilliyimizi elan etdikdən 28-30 il sonra suveren hüquqlarımızı bərpa etmişik. Bu çox böyük tarixi hadisədir. Azərbaycan yeni reallıq yaradıb. Bu təkcə hərbi, strateji reallıq deyil, eyni zamanda yeni iqtisadi, kommunikasiya reallığıdır. Regionun bütövləşməsi, birləşməsi reallıqlarıdır ki, bunlar da region ölkələrin hamısına çox yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, hər şeydən əvvəl Azərbaycan üçün çox yaxşı perspektivlər vəd edir.