Qaraçuxurda 17 saylı bina dezinfeksiya edilmir

17:30 17.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Dünyada,  eləcə də ölkəmizdə koronavirusun tüğyan elədiyi bir vaxtda paytaxda elə yaşayış binaları var ki, onların sanitar təmizliyinə yetərincə diqqət yetirilmir. Bu da sakinlərin haqlı narazılıqlarına gətirib çıxarır. Buna misal olaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Fətəliyev küçəsində yerləşən 17 saylı 9 mərtəbəli, 8 bloklu yaşayış binasını  göstərmək olar. Sözügedən binada həm məcburi köçkünlər, həm də yerli sakinlər yaşayır. Bina sakinlərinin “Həftə içi”nə müraciətlərini nəzəra alaraq həmin ünvanda olduq. Həqiqətən də binanın zirzəmisi çirkab kanalizasiya  suları ilə dolub.

Aydın adlı sakin binanın 1-ci mərtəbəsində 2 saylı mənzildə yaşadığını dedi. Onun sözlərinə görə, karantin rejiminə əməl edərək evdə qalırlar: ”Mənzillərin pəncərəsini açmaq olmur. Dərhal pis qoxu pəncərdən içəri daxil olduğundan evdə nəfəs almaq mümkün deyil. Natəmizlik baş alıb gedir. Zirzəmi çirkab sularla dolduğundan mənzilərimizin divarları su, nəmişlik içindədir. Bu xəstəlikdir. Əgər zirzəmi çirkab sulardan təmizlənməsə, nəinki koronavirus, bundan da dəhşətli xəstəliklər yarana bilər”.

Zahid İmanov adlı sakin dedi ki, kanalizasiya xətti neçə vaxdır ki, sınaraq sıradan çıxdığından sular zirzəmiyə axır. Dezinfeksiya işləri yarıtmaz səviyyədə aparılır. Mart ayının ortalarında iki nəfər qadın əlində xırda balon gəlib binanın girəcəklərinə və bir də liftin içinə biraz maye xlor damızdırıb getdilər.  Halbuki yaşayış binalarında və zibil qutuları olan ərazilərdə, eləcə də parklarda  mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Amma yaşadığımız binada və ərazidə biz bunları görmürük”.   

Bina sakinləri dedilər ki, bu haqda 137 saylı Mənzil Kommunal İstismar Sahəsinə, Suraxanı RİH-ə və eləcə də aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər:

”Hətta nümayəndələri gəlib binanın bu durumunu görüblər. Deyiblər ki, kanalizasiya xəttini təmir edəcəklər. Hələ ki, gəlib zirzəminin çirkab sulardan təmizləyən və dezinfeksiya edən yoxdur. Bizə deyirlər evdə qalın, bayıra çıxmayın, özünüzü virusdan qoruyun. Amma yaşadığımız binanın zirzəmisi elə virus, təhlükə mənbəyidir”.

 Sakinlər problemin tezliklə həllini istəyirlər.