Qaradağda “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

14:20 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətində “2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində isə azərbaycançılıq məfkurəsi dayanıb. Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib.

Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov gənclər siyasəti istiqamətində rayonda görülən işlər, “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində keçirilmiş tədbirlərdən söz açıb.

Rayonun fəal gəncləri ölkədəki gənclər hərəkatına, idmana göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 10 gənc icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar.