Qaradağ Rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Hafta.az-ın yazdığına görə, dəyirmi masada Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini Nadir Muradov, şöbə müdirləri Munis Bayramov, İmran Həsənov, 20 Yanvar şəhidinin ailəsi və faciə zamanı əlil olmuş 16 nəfər iştirak edib.
Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
“SSRI rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə bu faciənin hərbi təcavüz və cinayət olduğu sübut edilib və tam siyasi-hüquqi qiymətini alıb”, - başçı qeyd edib.
S.Mikayılov bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olunub. “Arzu edirik ki, bundan sonra xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin”, - RİH başçısı çıxışını tamamlayıb.
20 Yanvar faciəsinin əlili İbrahimli Bafadar çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladıb və baş verənlərdən danışıb.
Daha sonra rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.
Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə və digər faciə iştirakçıların rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərilib.