Qaradağda Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş tədbir keçirilib   

14:00 14.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 53-cü ildönümünə həsr edilmiş  tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak  ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını  qeyd edib. Bildirib ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili Aydın Hüseynov öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanmasından və prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcəyindən söz açıb. 

Daha sonra millət vəkili Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək Ümummilli lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs ediblər. 

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu,  bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və qonaqlara təşəkkürünü bildirib.