Qarpızdan, yemişdən qalmadı... - Menyu

11:08 15.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əksər hallarda qarpıza təmiz olmayan bıçaqlardan bakteriyalar keçir. Bu da orqanizmdə zəhərlənmələrə səbəb olur

Yay aylarının əvəzsiz ləzzətlərindən hesab edilən qarpız və yemiş zəngin vitamin tərkibləri ilə orqanizm üçün olduqca faydalıdır. Göz və dərinin elastiki quruluşunu qoruyan bu meyvələr immun sistemini gücləndirir. Hər iki meyvə orqanizmə olduqca az enerji ehtiva edir. Belə ki, insan orqanizmi 100 qram qarpızdan 22 kalori, eyni miqdarda yemişdən isə 27 kalori almış olur. Tərkiblərindəki “B1” vitamini sinir sisteminə, “B2” isə göz və dərinin quruluşuna faydalıdır. Həmçinin bu ləzzətli yay meyvələrinə “C” vitaminin də qaynağı kimi baxmaq olar. Oxşar müsbət xüsusiyyətləri “Bal kimi şirin” olmalarına baxmayaraq, tərkiblərindəki karbohidratın miqdarı aşağıdır.

Hafta.az sözügedən hər iki meyvənin yerli satış qiymətləri ilə bağlı araşdırma apardı. Kimi məhsulları qızmar günün altına düzüb, kimi də onların “təbii mühit”lərini canlandırmaq adına kollara büküb. Marketlərin yanı sıra səyyar şəkildə satılan qarpız və yemişin qiymətləri yerlərinə görə dəyişirdi. Satıcılar əsasən Sabirabaddan gətirilmiş qarpızın və Kürdəmirdə yetişdirilmiş yemişin tərifini daha xüsusi edirdilər. Qiymətlərə gəldikdə isə qarpızın bir kiloqramı 25-40 qəpik arasındadır. Yemişdə isə vəziyyət bir qədər fərqlidir. Satıcılar bu məhsulun tez-tez bahalaşıb-ucuzlaşdığını söyləyirlər. Səbəb isə əsasən keyfiyyətli çıxıb-çıxmamasıdır. İndi alıcılar satışda kiloqramı 40 qəpiyə də, 80 qəpiyə də yemiş tapa bilərlər. Məhsulun 1 kiloqramını 80 qəpikdən satan Elxan bəy deyir ki, 50 qəpik olanı da var, sadəcə olaraq həmin yemişlər keyfiyyətsizdir, içləri “ət kimi” olur. 

Qarpız və yemişin satış qiymətləri, həmçinin faydaları ilə tanış olduq. Qaldı bir məqam. O da bu aylarda tez-tez qarşılaşdığımız qida zəhərlənməlidir. Olduqca məsum və faydalı görünən bu iki meyvə düzgün istehlak edilmədikdə təəssüflər olsun ki, orqanizmin “cəllad”ına çevrilir.  Bəs necə edək ki, onlardan zəhərlənmək əvəzinə faydalanaq?

Hafta.az məsələ ilə bağlı qida texnoloqu Məhsəti Hüseynova ilə həmsöhbət oldu. O söylədi ki,  ölkəmiz üçün bu məhsulların xarakterik vaxtı iyulun sonu və avqust aylarıdır. Bundan öncə bazara çıxarılan qarpız və yemişlər  azot və digər kimyəvi maddələr hesabına süni müdaxilə ilə erkən yetişdirilənlərdir:

“Onların da qəbulu zamanı arzuolunmaz zəhərlənmələr baş verə bilər. Yaxşı olardı ki, həmin müddətdə satılan qarpızlardan istifadə olunmasın. Əgər vaxtından öncə satışa çıxarılan  qarpız istehlak edilərsə bu zaman yaxşı olardı ki, az miqdarda  yeyilsin. Xüsusi həssas qrupa aid insanların yeməsi isə ümumiyyətlə məsləhət deyil”.

Mütəxəssis qarpız və yemiş  alarkən diqqət ediləsi bir sıra məqamları da sadaladı:

“Qarpızın keyfiyyətli olub-olmamasını yoxlamaq üçün alarkən diqqət edilməli bir çox məqamlar var. İlk olaraq saplağına baxmaq lazımdır. Qurumuş saplaq qarpızın yetişməsindən xəbər verir. Üzərindəki naxışlara gəldikdə isə bu da qarpızların növünə görə dəyişir. Naxışlar aydın görünməlidir. Xüsusən də onun tünd-yaşıl zolaqları qarışıq olmamalıdır. Qarpıza toxunduqda səs boşluqdan gəlirmiş kimi əks səda verməli, ələ aldıqda isə ağırlıq hiss edilməlidir. Ümumiyyətlə, 7-8 kiloqramdan böyük olan qarpızın yeyilməsi məsləhət görülmür. Qarpız ümumi istifadədə olan bıçaqla kəsilməməlidir. Əksər hallarda qarpıza təmiz olmayan bıçaqlardan bakteriyalar keçir. Bu da orqanizmdə zəhərlənmələrə səbəb olur. Qarpızın keyfiyyətli olmasının bir digər göstəricisi isə altındakı xırda nöqtədir. Əgər həmin nöqtə balacadırsa onda qarpız keyfiyyətlidir. Böyük olduqda isə bu qarpızın dərmanla yetişdirilməsindən xəbər verir. Yemişə gəldikdə isə onu alarkən əsasən qabığının hamar deyil, kobud olmasına diqqət etmək lazımdır. Hamar və parlaq qabıqlı yemiş hələ tam yetişməmişdir. Yemişə vurduqda dolu səs çıxmalıdır. Şəkər xəstələri üçün artıq yeyildikdə təhlükə yarada bilər”.

Sonda isə mütəxəssis qarpız və yemiş istehlakı zamanı insanları diqqətli olmağa çağırdı. Meyvələrin saxlanması ilə bağlı öz tövsiyələrini verdi:

“Sağlam insan gün ərzində 450-500 qram qarpız yeyə bilər. Ancaq şəkər xəstəliyindən əziyyət çəkənlər gün boyu 1 dilimdən artıq olmamaqla, 150-200 qram qarpız qəbul edə bilər. Qarpızın kəsildiyi gün yeyilməsi məsləhətdir. Ən geci, 4-5 saat ərzində yemək olar. Soyuducuda saxlayan zaman mütləq ağzıbağlı qabda olmasına diqqət edilməlidir. Həm yemiş, həm də qarpızın birgə yeyilməsi məsləhət görülmür. Ümumilikdə, hər ikisi pendirlə qəbul edildikdə ara öyün olaraq nəzərə alınmalıdır. Yeməkdən dərhal sonra da istifadəsi yaxşı deyil. Hər iki məhsulu yeməkdən 1-2 saat sonra yemək lazımdır. Qarpız və yemiş kalorilidir. Ona görə də pəhriz saxlayan insanlara qarpız daha çox tövsiyə edilir”.