Qazaxıstan ordusu ANKA-S-i donanmasına daxil etməyə hazırlaşır

09:26 26.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Müdafiə Nazirliyi ANKA-S-in qazax əsgərləri tərəfindən sınaqdan keçirilməsi prosesinin görüntüsünü paylaşıb.

Hafta.az-ın yazdığına görə, nazirlikdən verilən məlumatda qəbul-sınaq mərhələlərindən uğurla keçən Türkiyənin ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqlarına başlanıldığı deyilib.

İHA Döyüş İstifadəsi Təlim Mərkəzinin rəhbəri Şokan Musabekov ANKA-S-in uçuşlarının ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini bildirib. Musabekov qeyd edib ki, hərbi sınaqlar uğurla başa çatarsa, ANKA-S Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.

Qanadları 18 metrə qədər çatan ANKA-S-in uçuş sürətinin 120 ilə 270 kilometr arasında dəyişdiyini bildirən Musabekov, onun səmada 27 saata qədər fasiləsiz işləyə biləcəyini də deyib.

Mayor Nikolay Kirillov da ANKA-S-in daha əvvəl istifadə etdikləri sistemlərdən fərqləndiyini bildirib.