Qazaxıstan Pakistana yeni ticarət marşrutu üzrə ilk yük karvanını göndərib

09:10 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan bu yaxınlarda həyata keçirilən layihə çərçivəsində Əfqanıstan ərazisindən keçən yeni ticarət marşrutu üzrə Pakistana pilot rejimdə bir neçə yük maşını göndərib.

Hafta.az-ın “The Astana Times”a istinadən yazdığına görə, bu barədə keçirdiyi mətbuat brifinqində Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib. Torebayevin sözlərinə görə, Qazaxıstan hazırda Pakistanla Qazaxıstan arasında ticarəti təhlükəsiz şəkildə təmin edəcək Pakistan şirkəti “National Logistics Cell” ilə danışıqlar aparır.

“Qazaxıstandan Pakistana və geriyə yüklər 4 min kilometr məsafə qət edir və bu regional inkişaf baxımından o qədər də uzaq məsafə deyil” deyən nazir müavini qeyd edib ki, Qazaxıstan Əfqanıstana un və taxıl tədarükü üçün Özbəkistanla əməkdaşlığı davam etdirəcək.

O, həmçinin Türkmənistan ərazisindən Əfqanıstan istiqamətində malların tranzitinə 30 faiz endirimlə bağlı razılaşmanı da xatırladıb.

Mərkəzi Asiya, Hindistan və Fars körfəzini birləşdirən körpü kimi Əfqanıstan Qazaxıstana Pakistanın Karaçi və Qvadar dəniz limanlarına, daha sonra Hindistan, Yaxın Şərq və Afrikaya çıxış əldə etməyə imkan verir.

Xatırladaq ki, avqustun 3-də Astana ilk Qazaxıstan-Əfqanıstan biznes forumuna ev sahibliyi edəcək. Burada əsasən Əfqanıstanla ticarət-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunacaq.