Qazaxıstanın Kostanay vilayətinin Prireçnoye kəndində iribuynuzlu mal-qarada qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar karantin elan edilib.
Hafta.az-ın yazdığına görə, baytarlıq idarəsi bütün ölən mal-qaranın bu yaz peyvənd olunduğunu, ölümlərin başqa xəstəlik və ya qarayara peyvəndinə reaksiya nəticəsində baş verdiyini bildirib. Buna baxmayaraq, Prireçnoye kəndində karantin tətbiq edilib və epizootiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Təsərrüfatın girişində yol bağlanıb.
Qarayara xəstəliyinə qarşı mübarizə qaydalarına uyğun olaraq, karantin heyvanlar sonuncu dəfə tələf olduqdan 15 gün sonra, eləcə də zərərçəkmiş ərazidə bütün baytarlıq tədbirləri aparıldıqdan sonra ləğv edilir. Amma ölüm səbəbinin başqa bir xəstəlik olduğu təsdiqlənərsə, məhdudiyyətlər daha əvvəl götürülə bilər.
Baytarlıq idarəsindən verilən məlumata görə, son 5 gündə iribuynuzlu mal-qaranın tələfatı qeydə alınmayıb, heyvanların ümumi vəziyyəti qənaətbəxşdir, kliniki əlamətlər müşahidə edilmir. Vəziyyət vilayət və rayon baytarlıq xidmətlərinin nəzarətindədir. Bu günə kimi Respublika Epizootiyaya Qarşı Mübarizə Dəstəsinin Kostanay şöbəsi infeksiya ocağında tədbirlərin lokallaşdırılması və aradan qaldırılmasına başlayıb.