Qazaxıstanda keçmiş “Vaqner” döyüşçüsü həbs olunub

09:10 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan məhkəməsi “Vaqner” özəl muzdlu şirkətinin üzvü kimi münaqişələrdə iştirak etdiyi üçün qazaxıstanlı Aleksey Şompolovu həbs cəzasına məhkum edib. Bildirilir ki, o, “Vaqner”in tərkibində Ukraynadakı müharibədə iştirak edib.

Hafta.az-ın yazdığına görə, Karaqanda vilayəti Kazıbekbiyski rayonun məhkəməsinin mətbuat xidməti bəyan edib ki, Şompolov 6,8 il müddətinə azadlıqdan məhrum olunub.

Qazaxıstan KİV-i xəbər verir ki, Aleksey Şompolov əslində Rusiyanın Krasnoyarsk diyarında doğulub, amma Qazaxıstanda yaşayıb və indi də bu ölkənin vətəndaşıdır. O, Cinayət Məcəlləsinin 170.3-cü (muzdluların silahlı qarşıdurmalarda, hərbi əməliyyatlarda iştirak və s.) maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə ittihamlanıb.

Məhkəmə Şompolovun mart ayında sosial şəbəkə vasitəsilə pul qarşılığında “Vaqner” sıralarına qatıldığını, daha sonra təlim düşərgələrində silah təlimi keçərək Ukraynaya qarşı müharibəyə yollanıb, aprelin sonunda döyüşlərdə iştirak edib, Bahmut cəbhəsində yaralanıb.

Bildirilib ki, şübhəli şəxs məhkəmədə törətdiyi cinayəti etiraf edib və məhkəmə onun səmimi peşmançılıq hissini nəzərə alaraq hökm oxuyub, “Vaqner”dən aldığı pul isə müsadirə edilib.

Ukraynadakı münaqişələrdə iştirak edənlərin Qazaxıstanda cəzalandırılması ilk dəfə deyil. Əvvəllər 10 analoji cinayət işi açılıb. Qazaxıstan Cinayət Məcəlləsinin 172-ci maddəsi xarici silahlı münaqişələrdə iştiraka görə 5 ildən 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Oxunma sayı 93