Qazaxıstanlı turistlər Özbəkistana axışır

09:52 08.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Özbəkistan vətəndaşları üçün cəlbedici turizm məkanıdır. Ölkə ardıcıl olaraq Özbəkistan vətəndaşlarının ən çox səfər etdiyi ilk beş ölkə sırasındadır. Belə ki, 2024-cü ilin birinci yarısında Qazaxıstana Özbəkistandan 420 min turist səfər edib.

Hafta.az-ın yazdığına görə, Özbəkistanla Qazaxıstan arasında turizm sahəsində əməkdaşlıq bir sıra sazişlərə əsaslanır ki, onlardan da başlıcası 1994-cü il 10 yanvar tarixli hökumətlərarası sazişdir. Bu sənəd mədəniyyət, səhiyyə, elm, təhsil, turizm və idman kimi sahələrdə dərin qarşılıqlı fəaliyyətin əsasını qoyub.

“2018-ci ildən 2022-ci ilə qədər Qazaxıstanın 7 milyondan çox vətəndaşı Özbəkistana səfər edib. 2023-cü ildə ölkəmizə təxminən 1,4 milyon, 2024-cü ilin birinci yarısında isə 668331 nəfər qazaxıstanlı gəlib. Qazaxıstan həm də Özbəkistan vətəndaşları üçün cəlbedici turizm məkanıdır. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə ardıcıl olaraq Özbəkistan vətəndaşlarının ən çox səfər etdiyi ilk 5 ölkə sırasındadır, xüsusən də bu ilin ilk 6 ayında Qazaxıstana gedən özbək turistlərin sayı 420 min nəfərə çatıb”.

Hər iki ölkənin aparıcı turizm operatorları arasında uzunmüddətli əməkdaşlıq əlaqələri birgə turizm məhsullarının hazırlanmasına və Daşkənd-Səmərqənd-Buxara-Xivə və Şımkənd-Türküstan-Astana marşrutları üzrə kombinə edilmiş turların təşkilinə imkan yaradıb.

İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Böyük İpək Yolu boyunca vahid turizm marşrutunun yaradılması və hər iki ölkənin turizm potensialının fəal şəkildə reklamı istiqamətində işlər aparılır.

Mərkəzi Asiya dövlət başçılarının 2021-ci ildə Türkmənbaşı şəhərində keçirilən Məşvərət Görüşü zamanı Özbəkistan tərəfi “Bir tur - bütün region” birgə proqramının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu layihə regionun mədəni və ənənəvi birliyini vurğulamaq və Mərkəzi Asiyanın turizm potensialını nümayiş etdirmək məqsədi daşıyır. Proqramın praktiki icrasının müəyyən aspektlərinin Mərkəzi Asiya Dövlət Başçılarının 2024-cü il avqustun 9-da Astanada keçiriləcək altıncı Məşvərət Görüşündə müzakirəsi planlaşdırılır.