Qazilər onlara göstərilən dəstəkdən razıdır - MÜZAKİRƏ

12:11 21.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsi Azərbaycanın Müzəffər Ordusunun Zəfəri ilə başa çatdı. Torpaqlarımızı işğaldan azad edən igid oğullarımız Ali Baş Komandanın rəhbərliyi ilə öz ali məqsədinə çatmaq üçün canından, qanından keçdi. Vətən Müharibəsində canını torpağa fəda edən 3000-ə yaxın döyüşçü Şəhidlik zirvəsinə ucaldı. Vətənə olan borclarını canları ilə ödədilər. Eləcə də Vətən uğrunda sağlamlıqlarını itirən əsgərlərimiz Qazi oldu.

Vətən, uğrunda Şəhid, Qazi olan əsgərinə “Oğul!” dedi. Müharibədənsonrakı dövrdə Qazilərimizin reablitasiya prosesi, sosial təminatlarının yaxşılaşdırılması yönündə atılan addımlar davam edir. Müharibənin ağır fəsadlarını daşıyan bir çox döyüşçülərimizin, qazilərimizin hələ də xüsusi dəstəyə ehtiyac duyduğu müşahidə olunur.  Biz qazilərimizə, şəhid ailələrinə öz borcumuzu verə bilirikmi?

“Həftə içi” qəzeti II Qarabağ savaşından zəfərlə çıxan qalib əsgərin - qazinin bugünkü durumuna diqqət çəkib. Bu gün Qazilərimizi qürurlandıran, narahat edən məqamlar nədir?

Dövlətimə ona görə təşəkkür edirəm ki, həmişə öz əsgərinin yanındadır

II Vətən Müharibəsi Qazisi Əfzələddin Ağabəyli:

- Qələbə bizimdir, həmişə də bizim olacaq.  44 günlük müharibədə mənə qürur verən o oldu ki, bir taborun 3 Vətən Müharibəsi Qəhrəmanı adını alanlardan biri də mən oldum. Bunlardan biri Şəhid - polkovnik -leytinant Vüqar Ağayev, ikincisi - Şəhid mayor Məmmədov Xəyal, üçüncüsü isə mən idim.  Bugünkü gündə özüm-özümlə qürur duyuram, dövlətimə, cənab Ali Baş Komandana təşəkkür edirəm ki, bir könüllü əsgərə bu adı verdilər. Bunun özü ən böyük qələbədir.  Mən Cəbrayılın azad olunmasına görə “Cəsur döyüşçü” medalı ilə, Laçının, Qubadlının azad olunmasına görə “İgidliyə görə” medalları ilə təltif olunmuşam. Dövlətimə ona görə təşəkkür edirəm ki, həmişə öz əsgərinin yanındadır.

Uzun müddət müalicə olundum, hələ də müalicəm davam edir. Mənim birgünlük müalicəm 78 avro civarındadır.  Bunu da dövlət qarşılayır.  Mənim özümə qalsa, heç vaxt belə vəsaitlə müalicəmi apara bilməzdim.  Dövlət bu mənada da öz dəstəyini əsgərindən əsirgəmir.  Vətən uğrunda can qoyan hər bir insana dövlət öz qollarını açır. Ona görə də bu gün Ulu Öndərimiz demişkən,  “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.  Qürurlanıram ki, öz rayonundan, balaca bir kənddən bu titula layiq bilinən ilk şəxsəm. 

Biz müharibəyə könüllü olaraq, ailəvi şəkildə getmişik.  Qardaşımoğlu Ağabəyli Xəyyam, əmimoğlu Ağabəyli Ağabəy, bibimnəvəsi Əliyev Lətif və mən. Şükür Allaha ki, hər birimiz sağ-salamat geri dönmüşük.  Müxtəlif zamanlarda dönməyimizə baxmayaraq, şükür Allaha ki, bugünkü gün burada varıq, qalib olaraq geri gəldik. Dövlət öz əsgərinin yanında oldu, xalq dövlət, Ali Baş Komandanın vəhdəti birliyi oldu...

Bəzən deyirlər ki, yalançı qazilər də ortaya çıxır. Belə hallar olur. Bir nəfər var idi, onu elə təbliğ etmişdilər ki, sanki qəhrəmandır. Bunun bircə dənə medalı var.  Bu qazi veteran olduğuna görə, 86 manatı da ala bilmir. Yaxşı, bunu ala bilmirsə, buna dövlət hansı qaziliyi verib? Amma çəliklə gəzir.  Düşünürəm ki, o, əsl qazi deyil.  Guya tamamilə psixologiyası pozulmuş durumdadır,  halbuki o insan heç bir müayinələrə də gəlmir. Hansı bölgədən olmasından asılı olmayaraq, istənilən hərbi komissarlığa yaxınlaşırsan,  onlar göndərişlə səni Bakıya - Baş Klinik Hospitala göndərirlər. Orada hər bir insan pulsuz  müayinə olunur, istər könüllü, istər səfərbərlik, istərsə də xidmət dövrünü başa vurmuş hərbçi... Yəni hərbi komissarlıq bunu edir.  Yəni dövlət təmin edir.  Nə zaman səhhətində bir çətinliyin oldu, heç mülki həkimə getmə, Hərbi Hospitala gedə bilərsən. Bir göndəriş alırsan, gəlib bütün müayinələrdən keçirsən.  Hansı ki, mülki həkimlərə getsən, həmin müayinə və müalicələrə görə 400-500 manat ödəməli olarsan.  Adi MRT-nin biri 90 manatdan başlayır.  Dövlət qazilər üçün bunun hamısını pulsuz edir.  Əgər qazi deyilən adam belə müayinələrə gəlmirsə, demək yalan danışır.  Bu, ona bənzəyir ki, məni bir yerə qonaq çağırırlar, mən getmirəm. Sonra da deyinim ki, o insanın süfrəsi yaxşı deyildi?! Mən onu necə deyə bilərəm?! Dövlət mənə hər şərait yaradıb. Niyə dövlətimizn əleyhinə çıxım!? Niyə sabah düşmən də bunu görüb dünyaya yaysın ki, guya Azərbaycan əsgərinə baxmır, əsgərlərin hamısı döyüşə getdiyinə peşmandır... Bu, məqsədəuyğun deyil. Bu gün o qələbəni qeyd etməliyik.  Eləcə də hər bir insan öz haqqını özü tələb etməlidir...

Həkimlərin səyi, dövlətin dəstəyi ilə həyata qayıtdım

I qrup Qarabağ əlili, Qazi Əhməd Abbasov:

- Mən kiçik çavuş, snayperçi olmuşam. Bu gün bir döyüşçü kimi məni qürurlandıran odur ki,  düşmənə qarşı layiqincə döyüşdüm. Xocalı soyqırımını törədən cinayətkarların cəzasını verdim, bacardığım qədər qısasımızi aldım. Qürur duyuram ki, torpaqlarımız işğal altında deyil.  Xalqımız, millətimiz rahat öz rayonlarına gedib yaşaya biləcək. Eləcə də işğaldan azad olunmuş ölkənin vətəndaşı olmaq özü qürurvericidir. Təbii ki, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu qələbənin bundan gözəl qürurverici məqamı ola bilməz.

Mən kiçik çavuş, snayperçi kimi Suqovuşanın azad olunmasında iştirak etdim. Suqovuşan azad olunandan sonra Ağdərə yolunda başımdan snayper gülləsi ilə yaralandım.  Həkimlərin səyi, dövlətin dəstəyi ilə həyata qayıtdım. Sol tərəfim iflic olub. Suqovuşanın azad olunmasına görə “İgidliyə görə” medalı ilə təltif olunmuşam. 

Aldığım xəsarətlə bağlı sağlamlığım tam bərpa edilməyib. İlk vaxtlar əlillik, təqaüd ala bilmədim. Amma indi alıram, I qrup əliləm. Dövlət tərəfindən mənə maşın, ev verilib.  Sosial təminatla bağlı bir çox məsələ həll olunub. Buna görə dövlətimə təşəkkür edirəm.

Digər məsələ odur ki, I qrup əlil olduğum üçün mənə iş vermirlər. Dörd övladımla təqaüdlə dolanmaq çətindir.  Onu da qeyd edim ki, Abşeron ərazisində qeydiyyatdayam. Abşeron icra başçısından çox razıyam.  İcra başçısı şəhidlərə, qazilərə  xüsusi diqqət ayırır. Bəzi məmurlar var ki, şəhid ailələrinə, qazilərinə diqqətsizlik edir.  Abşeron icra başçısı bizimlə görüşür, diqqət ayırır, problemlərimizi həll edir.