Qəbul imtahanları "online" keçirilə bilərmi?- RƏSMİ 

11:55 19.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün koronavirusdan əziyyət çəkən ölkələr ali təhsil müəsisələrinə qəbul imtahanlarının keçirilməsi məsələsini müzakirə edirlər. Qardaş Türkiyədə təhsil ekspertləri bildirirlər ki, imtahanlar "online" aparıla bilər. Bəs Azərbaycanda qəbul prosesi "online" aparıla bilərmi?

Sualımızı hafta.az-a şərh edən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə dedi ki, mövcud vəziyyətlə əlaqədar, hələlik konkret nəsə demək doğru olmaz:

"Ona görə də, təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və təbii ki, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir. Onlayn imtahanlar barədə onu qeyd edə bilərəm ki, bu il yalnız Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahanın keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə iş aparılır.
İndiki məqamda abituriyentlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə eləsinlər, Dövlət İmtahan Mərkəzi tərəfindən də abituriyentlərin tədris prosesindən geri qalmaması üçün bir sıra tədbirlər həyata keçirilib. Otk.az portalında ödənişsiz onlayn sınaq imtahanları vermək mümkündür. Həmçinin DİM-in “Youtube” kanalında “vizuallaşdırılmış dərslər” yerləşdirilir. Bu imkanlardan mütləq yararlanmaq lazımdır".