Qəbul imtahanları üçün ödənişlər azaldılsın - EKSPERT

12:16 19.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasına görə kurslar eləcə də repetitor hazırlıqarı dayandırılıb. Həmçinin kurslara, liseylərə hər ay valideynlər ödəniş ödəyirlər. "Online" dərslərə qoşulmaq da hər zaman alınmır. Nəzərə alsaq ki, hamı evdədir, işlərini evdən görürlər, internetin sürətində də problemlər yaranır. Bəs abituriyentlər hansısa imtiyazlarla təmin oluna bilərlərmi?

Bu barədə hafta.az-a danışan təhsil eksperti Elçin Əfəndi dedi ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərə keçirilməyən mövzulardan sual tapşırıqlarının imtahanda olmaması ilə bağlı məlumat verib:

"Bununla yanaşı bütün abituriyentlərə onlayn sınaq imtahanlarında iştirakı iyun ayının sonunadək pulsuz edib. Həmçinin mövzularla bağlı vizual dərslərin "youtube" platformasından izlənilməsi üçün abituriyentlərə imkanlar yaradıb. Düşünürəm ki, bütün bunlar abituriyentlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tanınmış imtiyazlardı. Hal-hazırda buraxılış və qəbul imtahanlarının keçirilməsi, ərizə qəbulu ilə bağlı qəti bir qərar yoxdur və tarixlər bəlli deyil. Amma bu proseslər bu il baş tutacaq. Bilirsiniz ki, cari ilin məzunlarına hər iki mərhələ üzrə imtahanda iştirak 40 AZN tələb edir. Əvvəlki illərin məzunlarından isə 80 AZN tələb olunur. Dövlət İmtahan Mərkəzi tərəfindən məhz ödənişin azaldılması məsələsi ilə bağlı qərar qəbul edilərsə bu abituriyentlər üçün ən yaxşı imtiyaz olar. Düzdür mən bu mövzuda Dövlət İmtahan Mərkəzini imtahanlar üçün təyin etdiyi ödəniş məsələsində anlayıram. Yəni imtahanların təşkili və keçirilməsi demək olar ki, 40 AZN-ə yaxın bir qiymətə başa gəlir. Amma indiki hal üçün bütün qurumlar və ya hər bir şəxs dövlət və dövlətçilik adına müəyyən addımlar atmalıdır. Fikrimcə, ərizə qəbulu zamanı Dövlət İmtahan Mərkəzi Tarif Şurası ilə birgə bu barədə qərar qəbul edərək abituriyentlərin ödəniş məsləsini azalda bilər. Yəni sırf bu ilki qəbul imtahanlarında bir imtahan üçün ödəniş 40 AZN deyil, 20 AZN olarsa bu həm sosial həssas qrupa daxil olan əhali üçün, həm də digər vətəndaşlar üçün əlçatan olar".