Rusiyada keşiş Aleksiy Uminski ölkəsinin Ukraynada qələbə çalması üçün dua oxumaqdan imtina etdiyi üçün Rus Pravoslav Kilsəsindən qovulmaq təhlükəsi ilə üzləşib.
Hafta.az-ın yazdığına görə, məsələ ilə bağlı qərarını şənbə günü elan edən kilsə məhkəməsi Uminskinin andını pozduğuna və "müqəddəs vəzifələrindən uzaqlaşdırılmalı olduğuna" qərar verib. Qərar yekun təsdiq üçün Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə göndərilib.
Məhkəmənin qərarında Uminskinin “Müqəddəs Rusiya üçün dua” mətnini oxumaqdan imtina edərək andını pozduğu bildirilib.
Xatırladaq ki, millətçi görüşünə və Vladimir Putin administrasiyasına yaxınlığı ilə tanınan Kirill mətnin oxunmasını bütün kilsələrə məcbur edib.
İlk dəfə 2022-ci il sentyabrın 25-də Kirill tərəfindən oxunan mətndə belə bir ifadə yer alır: "Müqəddəs Rusiyaya qarşı silaha sarılan, onu parçalamaq və xalqını məhv etmək istəyənlərdən xəbərdar ol. Ya Rəbb, rus xalqına öz qüdrətinlə qalib gəlmək üçün kömək et”.
Uminskiyə qarşı aparılan istintaq, Rus Pravoslav Kilsəsinin Ukrayna müharibəsində Kreml administrasiyasına qeyd-şərtsiz dəstəyinin ən son təzahürlərindən biridir.
Əvvəllər kilsənin müharibə xəttini tənqid edən bir çox rus pravoslav keşişləri də müxtəlif cəzalara məhkum ediliblər.
Şənbə günü verilən qərardan əvvəl Uminski də kilsədəki vəzifəsindən uzaqlaşdırılıb. Ölümcül xəstəliklərdən əziyyət çəkən uşaq və böyüklərin müalicə olunduğu qocalar evi ilə də tanınan rusiyalı keşiş həm də 2022-ci ildə vəfat edən Mixail Qorbaçovun dəfn mərasiminə rəhbərlik edib.
30 ildir Moskvada kilsənin baş keşişi vəzifəsində çalışan Uminski müharibə əleyhinə mövqeyinə görə cəzalandırılan ən yüksək səviyyəli şəxs kimi qeydə alınıb.
Noyabrda verdiyi müsahibədə Uminski müharibə dilinin kilsənin müqəddəsliyi ilə üst-üstə düşmədiyini söyləyib: "Möminlər qələbədən çox sülh üçün dua edən və bu müharibələrdə istənilən qələbənin ağır qiymətə sahib olduğunu bilən keşişlər tapmalıdırlar. Müasir müharibələrdə qələbə demək olar ki, həmişə özünü məhv etməyə bərabərdir".
Kilsə məhkəməsi Uminskinin üç dəfə çağırılmasına baxmayaraq iclasda iştirak etmədiyini bildirib.
Uminski kilsədəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra 11 mindən çox insan pravoslav keşişini dəstəkləyən açıq məktub imzalayıb. Məktubda qərarın böyük ağrılara səbəb olduğu və minlərlə insanı mənəvi dəstəkdən məhrum edəcəyi vurğulanıb.