Qələbədən sonra ayrı bir müharibə başladı. İndi bizimlə bizi sevməyən qüvvələr arasında müharibə gedir. Onlar istəmirlər ki, biz ora qayıdaq, istəmirlər ki, kilsələri, məscidləri bərpa edək. İstəmirlər bizim o camaat qayıtsın öz evlərinə. Bu ikili standartdır, ya nədir, bilmirəm. Amma hər halda Amerika da, Fransa da və başqa qonşularımız faktiki olaraq bizi istəmirlər.
Bu fikirləri hafta.az-a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib.
Onun sözlərinə görə, bizə dost əlini uzadan əsas dövlətlər Türkiyə və Pakistan oldu. Başqa heç kim:
"Biz bunu bilməliyik, daha da möhkəm olmalıyıq. Mədəniyyətimizlə, idmanımızla. Baxın, paraolimpiyaçılarımız Tokioda neçə qızıl medal aldı. Neçə dəfə Azərbaycanın bayrağı yüksəklərə qaldırıldı. Bax bu olmalıdır. Əsgərlər öz sözünü deyiblər. İndi bəstəkarlar, yazıçılar, rəssamlar, adi adamlar, mühəndislər, fəhlələr, həkimlər öz sözünü deməlidirlər. Çünki biz hamımız bir yumruq kimi bu torpağı yenidən dirçəltməliyik, öz evlərimizə qayıtmalıyıq.
Müharibə davam edir. Bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Bu gün mənim ümidim daha çox cavanlarımızadır. Onlar ən müasir informasiya texnalogiyalarından istifadə edərək bu işləri apara bilərlər. Qoy bloggerlər internet üzərindən ermənilərlə vuruşsunlar. Azərbaycanlılar bir-biri ilə vuruşmasın. Qoy hansısa bir ulduzun şəxsi həyatını müzakirə edənlər, daha çox cəmiyyətin problemləri ilə bağlı narahat olsunlar. Amma bəzən baxıram ki, bir ulduzun şəxsi həyatının müzakirəsində 500-1000 nəfər iştirak edir. Kim maşın aldı, kimin ailəsi dağıdı... Siz nəyi müzakirə edirsiz? Ay canım, bizdə o boyda problemlər var. Yaxud, cəmiyyətimiz Rusiyanın hansısa orqanlarına məktublar göndərib ölkəmizə qarşı əks təbliğatlara, əks fəaliyyətlərə qarşı etirazımızı bildirməliyik. Onlara sualımız bu olmalıdır ki, bəs 2000-ə yaxın rus sülhməramlısı ərazidə yerləşib nə ilə məşğul olur? Niyə orda erməni silahlı dəstələri olmalıdır? Düşünürəm ki, bu istiqamətdə cəmiyyətin təzyiqi daha aktiv olmalıdır, bütün enerjimizi bu istiqamətə yönəltməliyik. Yoxsa, xırda, məişət problemlərinə, bir-birimizə qarşı yox. Bu bizə yaraşmaz. Bizi o qədər böyük məqsədlər gözləyir ki, belə hallar qəbulolunmazdır.
Mən Şuşa küçələrində gəzərkən Bülbülün evini, dağılan evimizi görüb çox qəhərlənirdim. 2007-ci ildə Poladla o dağılan evimizə getmişdim, orda kövrəldim. O evdə Fikrət Əmirov, Süleyman Ələsgərov, atam Əfrasiyab Bədəlbəyli, hamımız süfrə arxasında oturardıq. Amma sağ olsun Polad, kişi kimi öz ata baba evini bərpa elədi. Cənab prezident açılışını elədi, sonra biz gəldik. Və birinci dəfə Polad muzeydə süfrə açdı və onun ətrafında sevincimizi qeyd elədik. Yəni biz yavaş-yavaş hər bir rayonumuza qayıdacağıq. Biz Füzulidə aeraportu gördük. Birinci təyyarə ora getdi. Bu böyük hadisədir. Bu 9 ay ərzində biz bir neçə dəfə o zəfər yolu ilə getmişik. Dəhşət idi, səfərimiz 3 saat çəkmişdi. İndi isə 1 saata çatdıq. Bu 9 ay ərzində belə işlər aparmaq qeyri-mümkündür. Və mən çox şadam ki, biz həmişəlik qayıdırıq. Allah bilir sonrakı 50 ildə nələr olacaq. Bəlkə Qərbi Zəngəzur da İrəvan torpaqları da Azərbaycanın sərhədləri daxilində olacaq. Faktiki olaraq o yerlər bizim torpaqlarımızdır. Mən buna inanıram və açıq desək, biz bu mübarizədə hər gün iştirak eləməliyik. Tələbə də, şagird də, qoca da, cavan da...
Bu müharibə qurtarmadı. Biz qalibik, amma müharibəmiz davam edir. Ona görə də gəlin bir yumruq kimi olaq və gələn müharibələrdə yenə qalib olacağıq".