Avropa İttifaqı (Aİ) liderlərinin qatıldığı iclasda Estoniyanın baş naziri Kaja Kallas İranın pilotsuz uçuş aparatları və raketlərlə hücumunu dəf etmək üçün İsrailə kömək edərkən Qərb dövlətlərinin Ukraynaya niyə kömək etmədiyini soruşub.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Brüsseldə keçirilən Avropa liderlərinin sammitinin açılışından əvvəl jurnalistlərə açıqlama verən Kallas, keçən həftəsonu Yaxın Şərqdə baş verən hadisələrlə Aİ-nin tam sərhədində iki ildir davam edən münaqişə arasında paralellik axtarıb.
“İranın İsrailə hücumunu dəf etmək üçün müxtəlif ölkələr arasında əməkdaşlığa nəzər saldıqda, bu, bizim daha çox iş görə biləcəyimizi göstərir” deyib, Kiyevin müharibə səylərinə Avropanın dəstəyini artırmaq kampaniyasına rəhbərlik edən Kremlin açıq-aşkar tənqidçisi olan Kallas.
“Biz Ukraynaya oxşar hava hücumundan müdafiə sistemini təmin edə bilərik ki, hücumların qarşısını ala bilsin”, - Kallas deyib.
Qeyd edək ki, İranın İsrailə məlum hücumundan sonra Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərini İsrail üçün göstərdikləri “birlik”i Ukrayna üçün də göstərməyə çağırıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin hava hücumlarına qarşı eyni müdafiədən faydalanmasını təklif edib.
Rusiya qüvvələrinin Ukraynaya qarşı istifadə etdiyi İran istehsalı “Şahid” PUA-larına toxunan Kallas, “İsrailə atılan PUA-lar Ukraynaya gecə-gündüz hücum edən eyni İHA-lardır. Eyni müttəfiqlər onları İsraildə məhv edə bilirlərsə, Ukraynada da məhv edə bilərlər. Bu, onu göstərir ki, biz əməkdaşlıq edə və buna nail ola bilərik” deyib.