Qeydiyyat nişansız ikitəkərlilər - Qəza zamanı kim cavabdehdir?

13:06 01.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bununla bağlı qanunvericilikdə boşluqlar var

Son vaxtlar paytaxt küçələrində sağa-sola şütüyən mopedlərin, motosikletlərin sayı sürətlə artmaqdadır. Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılması səbəbindən tətbiq edilən xüsusi karantin rejimi dövründə bu artım xüsusilə nəzərə çarpır. Səbəb isə onlayn sifarişlərə tələbatın artmasıdır. Yaranmış vəziyyətdə isə bəzi problemlər meydana çıxır. Belə ki, qanunvericiliyin tələblərinə görə, bəzi ikitəkərli nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmur. Məsələn, bəzi mopedləri 16 yaşına çatan hər kəs idarə edə bilər. Bu amili nəzərə alan bir sıra şəxslər rahatlıqla moped alıb onu idarə etməyə çalışırlar. Onların arasında yol hərəkəti qaydalarını bilməyən şəxslər də var. Onlar dönmə əməliyyatlarını bilmir, sürət həddini aşır, yol hərəkəti qaydalarına əməl etmirlər. Məhz bu şəxslər öz həyatları ilə yanaşı, həm də digər sürücülərə, piyadalara böyük təhlükə yaradırlar.

Bəs, görəsən, dövlət nömrə nişanı tələbi olmayan bu nəqliyyat vasitələrinin törətdiyi qəzalar zamanı məsuliyyəti kim daşıyır? Qəza törədənlərin müəyyənləşdirilməsi çətin olmur ki? Ümumiyyətlə, bu nəqliyyat vasitələrinin bazar qiyməti neçəyədir?  

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov motosiklet və moped idarəçilərinin yollarda yaratdıqları problemlərdən danışıb. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunda mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri ilə bağlı tələblər mövcuddur:

“Həmin tələblərə görə, mühərrik həcmi 50 kub/sm-dək olan motosikletlərə, mopedlərə və digər texniki vasitələrə qanunla dövlət nömrə nişanı verilmir. Bunları idarə edən sürücülərdən də sürücülük vəsiqəsi tələb edilmir. Bu o demək deyil ki, onlar nəzarətsiz qalmalı və öz istədikləri kimi hərəkət etməlidirlər. Bakı şəhəri və ölkə üzrə onların hərəkət etməsinə kameralar vasitəsilə nəzarət edilir. Lakin kameralarla indiki dövrdə onlara birbaşa inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi açıq etiraf edilməlidir ki, mümkün deyil. Çünki ad, soyad, idarə edilən texniki vasitənin nömrəsi və s. olmur. Ona görə burada real vəziyyət ondan ibarətdir ki, polis əməkdaşları açıq-aşkar qayda pozularkən həmin moped sürücüsünün saxlanılaraq inzibati məsuliyyətə cəlb etsinlər. Bunu da polis əməkdaşları həyata keçirirlər. Yəni kameralar vasitəsilə qayda pozuntusu aşkarlanarkən dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşına məlumat verilir və polis əməkdaşı qaydanı pozan moped, motosiklet, motoreller sürücüsünə inzibati protokol tərtib edir”.

Qurum rəsmisi həmçinin vurğulayır ki, bu məsələdə təkcə yol polisi deyil, hər bir hərəkət iştirakçısı, xüsusilə kuryer fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, onun ətrafında olan əməkdaşlar moped, motosiklet sürücülərinin hərəkətinə yolboyu nəzarət etməlidir: “Bu nəzarət birlikdə olmasa, yol nəqliyyat hadisələrinin sayının artması deməkdir. Ona görə də hesab edirəm ki, təkcə Dövlət Yol Polisi deyil, aidiyyəti üzrə hər bir kəsin bu sahəyə tələbkarlığı olmalıdır”.

V.Əsədov sözügedən nəqliyyat vasitələrinin sürücülərinə də müraciət edərək yaradılmış şəraitdən düzgün istifadə etmələrini tövsiyə edib: “Bakı şəhəri üzrə quraşdırılan videokameralardan görürük ki, moped, motosiklet idarə edənlər yol-nəqliyyat haqqında qanunun tələbərinə əməl etmir, onu kobud şəkildə pozurlar. Tədbirlər nəticəsində bu gün cərimə meydançalarında avtomobillərlə yanaşı, bu nəqliyyat vasitələrini də görmək mümkündür. Mütəmadi olaraq onların arasında təbliğat, maarifləndirmə işləri aparırıq. Yaxşı olardı ki, hüquqi və fiziki şəxslər də bu nəqliyyat vasitələrinini sürücüləri arasında təbliğat aparsın. Onlar düşünməsinlər ki, istədikləri kimi hərəkət edə bilərlər. Unutmasınlar ki, Bakı şəhəri və respublika üzrə kameralar vasitəsilə hərəkətə nəzarət edilərkən açıq-aşkar törədilən xətalar qeydə alınır və hər bir sürücü barəsində tədbir görülür. Bu nəqliyyat vasitələrinin sürücüləri də qayda-qanuna əməl etməlidirlər ki, ilk növbədə, özlərinin həyatlarına təhlükə yaranmasın, eyni zamanda, başqa hərəkət iştirakçılarının hərəkətinə mane olmasınlar. Təəssüflər olsun ki, moped, motosiklet sürənlər, sanki nəzarətsiz qaldıqlarını güman edib bu texniki vasitələri çox təhlükəli formada idarə edirlər. Bir daha sizin vasitənizlə onların diqqətinə çatdırır və xahiş edirəm ki, yolda diqqətli olsunlar, tələblərə uyğun hərəkət etsinlər, nə özlərinin, nə də  başqalarının həyatlarına təhlükə yaratmasınlar".

V.Əsədov açıqlamasında, həmçinin bu sürücülər tərəfindən yol verilən xətalardan və onların iştirakı ilə baş verən qəzalardan da söz açır: "Onlar piyadalar üçün nəzərdə tutulan səkilərdə hərəkət edir, bəzən işıqforu belə gözləmir və bununla da sürücülər, piyadalar üçün maneəyə səbəb olurlar. Bu kimi hallar tərəfimizdən açıq-aşkar qeydə alınır və tədbirlər görülür. Bu ilin 5 ayında Bakı şəhərində yüngül xəsarətlə nəticələnən, yəni piyadanın motosiklet sürücüsü tərəfindən vurulması ilə bağlı 3 yol qəza hadisəsi baş verib. İki  yol qəza hadisəsində toqquşma olub, motosiklet sürücüsü həyatını itirib. Eyni zamanda, təkcə motosiklet sürücüsünün də maneə dəyməsi ilə əlaqəli baş verən hadisə zamanı sürücü hadisə yerində keçinib. Deməli, Bakı şəhəri üzrə ümumilikdə 9 yol-nəqliyyat hadisəsi nəticəsində 2 ölü, 7 xəsarət halı qeydə alınıb. Bu hadisələr də moped, motosiklet və motoreller sürücülərinin kobud qayda pozuntsu nəticəsində baş verib”.

Məsələyə münasibət bildirən nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyir ki, yol hərəkəti qaydalarında sözügedən nəqliyyat vasitələrini idarə edənlərlə bağlı qaydalar hər kəsə aydındır:

“Məsələn, bütün işıqforların tələbləri onlara da aiddir. Onlar da müəyən manevrlər edən digər sürücülər kimi qaydalara əməl etməlidirlər. Motosiklet və moped idarə edənlərə də qayda pozuntusuna görə eyni cərimələr tətbiq edilir. Həmin vətəndaşlar unutmamalıdırlar ki, qanun qarşısında onlar da eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu nəqliyyat vasitəsini idarə edən şəxs qaydaları pozsa, 40 manat cərimə edilir. Bu da avtomobil idarə edənlərlə təxminən eyni cərimədir. Lakin bu nəqliyyat vasitəsini idarə edənlərdə belə təəssürat yaranır ki, onlar nə istəsələr, edə bilərlər. Həmin sürücülərə müəyyən təlimatlar vermək lazımdır. Bakı Nəqliyyat Agentliyi, yaxud Dövlət Yol Polisi onlara müəyyən təlimatlar verməlidir. Bundan sonra həmin nəqliyyat vasitələrini idarə etmək üçün yola buraxmaq olar. Bəzi dünya ölkələrində, məsələn, Rusiyada bütün nəqliyyat vasitələrini qeydiyyata alırlar. Bizdə də belə olsa, daha yaxşı olar. Rusiyada onları da yol hərəkəti qaydaları barədə sual-cavab edirlər və vəsiqələr verirlər”.

Yeri gəlmişkən, son 2 il ərzində Bakı və Abşeron ərazisində motosiklet və mopedlərdən istifadə edən kuryerlərin sayı artıb. Onlardan bəziləri sifarişləri ünvana tez çatdırmaqdan ötrü təhlükəsizlik qaydalarına önəm vermirlər. Nəticədə, qəza şəraiti yaradırlar və yol qəzaları baş verir. Bəzi restoranlar isə çatdırılma xidməti ilə bağlı konkret vaxt təyin etdiklərindən kuryerlər sürət həddini aşmaq, təhlükəsizlik qaydalarına önəm verməmək məcburiyyətində qalırlar. Bu məsələ ilə bağlı əlaqə saxladığımız restoranlardan isə bildirdilər ki, işə qəbul zamanı kuryer xidməti üzrə təcrübəsi olanlara üstünlük verilir. Bəzən iş təcrübəsi olmayan gənclər müraciət edəndə isə onlar müəyyən təlimlərə cəlb olunduqdan sonra fəaliyyətə başlayırlar. Təlim prosesində işci və işəgötürənin hüquq və vəzifələri, nəqliyyat vasitələrindən istifadə, müştəri ilə davranış qaydaları və s. barədə məlumat verilir. İşə qəbul olunan kuryerin məsuliyyətsizliyi ucbatından hansısa xoşagəlməz hal baş verdikdə isə onunla bağlanan müqaviləyə xitam verilir.

Məlumat üçün onu da qeyd edək ki, bu gün paytaxtda ən çox tələb olunan işçilər kuryer və taksi sürücüləridir. Müşahidələr göstərir ki, bu sahədə rəqabətin ilbəil artması fonunda əmək haqqı da yüksəlib. Məsələn, bir il əvvəl kuryerin orta maaşı 300-600 manat idisə, artan rəqabət fonunda bu peşə üçün hazırda maaş 500-1000 manata qədər böyüyüb. Şirkətlər isə kuryerlik fəaliyyəti ilə məşğul olmaq istəyənlərə iki formada iş təklif edirlər. Ya qrafik sərbəst olur, ya da bütöv iş saatı təyin edilir. Kuryerlik fəaliyyəti ilə həm şirkətin təqdim etdiyi, həm də şəxsi nəqliyyat vasitəsilə məşğul olmaq mümkündür. Hazırda bazarda moped və motosikletlərin qiyməti marka və mühərrik həcmindən asılı olaraq 800-2500 manat arasında dəyişir. Bəzi elan saytlarında, hətta arenda yolu ilə nəqliyyat vasitələri də təklif olunur. Məsələn, sıfır kilometr mopedin gündəlik arendası 12 manatdan başlayır.