Kim ki, Qarabağa səfərin əleyhinədir, o, əslində, normal düşüncə sahibi deyil
44 günlük Vətən müharibəsində əldə olunan zəfərimiz rusların Qarabağda keçirmək istədiyi “9 May paradı” ilə kölgələnə bilər. Bu məsələ ölkə ictimaiyyətinin etirazına səbəb olmaqla birmənalı qarşılanmır. Mövcud siyasi gündəm siyasi partiyaların prizmasında fərqli şəkildə çözülməklə məsələyə daha monolit yanaşma tələb olunur. Siyasi partiyalar özü xarici təsirlərə qarşı birgə dayanmaq üçün nə dərəcədə birləşə bilir və hansı münasibət sərgilənir? Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu maraqlı fikirlər söyləyib.
- Mirmahmud bəy, sülhməramlıların Qarabağda yerləşməsindən sonra regionun indiki durumunu necə dəyərləndirirsiniz? Siyasi partiyalar olaraq sülhməramlıların “9 May” iddiasına hansı münasibət sərgiləndi?
- Biz bunlara işğalçı sülhməramlılar deyirik. Onlar olduqları ərazini işğal altında saxladıqlarına görə özlərini istədikləri kimi aparırlar. Yəqin, hesab edirlər ki, bundan sonra parad da keçirə bilərlər, Harutunyanla müqavilə bağlayıb təlimlər keçirə bilərlər. Müharibə qurtaranda biz bu məsələyə münasibətimizi bildirmişik. Biz noyabrın 9-da Prezidentə “Eşq olsun!” demişik. Rus ordusunun sülhməramlı adı ilə Azərbaycana gətirilməsini doğru hesab etməmişik, bunu növbəti işğal saymışıq.
- Hər zaman mühüm bir məsələ kimi irəli sürülən siyasi partiyaların birliyinə bu gün nə dərəcədə ehtiyac var?
- Siyasi partiyaların birliyinə hər zaman ehtiyac var. Əgər partiyaların cəmiyyətə, ictimai-siyasi həyata təsiri varsa onlara ehtiyac var, yoxdursa yoxdur. Zaman-zaman təsiri olmadığını xüsusi olaraq deyirlər. Biz nə desək də heç kəs öz ayranına turş deməz. Təsiri yox idisə, niyə bu 44 gündə bir yerdə idik? Təsiri yox idisə, niyə partiyaların qeydiyyatını saxlayırlar, ləğv eləmirlər? Təsiri yoxdursa, kimə lazımdır bunların qeydiyyatı və özü.
- Əgər partiyalar birgə mübarizə yolu seçə bilmirsə, belə partiyaların yaranmasına nə ehtiyac var? İddia olunur ki, çox partiya parçalanmaya aparır.
- O cür düşünənlər də var və onlar da öz fikirlərində doğrudurlar. Heç kəs Ədliyyə Nazirliyi adından düşünə bilməz. Bir zamanlar partiyaların qeydiyyata alınmasından ötrü mübarizə aparan siyasi partiyalar var idi, indi onlar bunun əleyhinədirlər. Hesab edirlər ki, bu qədər partiyaya ehtiyac yoxdur. İndi onlardan soruşmaq lazımdır ki, onda nəyə görə qeydiyyata alınmaqdan ötrü “insan haqları, pülüarizm, demokratiya” deyib haray çəkirdiniz. Görünür, o vaxt elə mübarizə aparırdılar, indi də belə. Məncə, kiminsə əvəzindən qərar verməli deyilik.
- Yəni deyirsiniz ki, partiyalar öz işindədir, öz fəaliyyətindədir və hər şey yolundadır?
- Yox, qətiyyən elə şey yoxdur. Azərbaycanda çox şey öz yolunda deyil.
- O zaman siz nə edirsiniz, yoluna qoymaq üçün nə etmək lazımdır?
- Bu məsələ təkcə bizlik deyil. Bütövlükdə dövlətin siyasəti olmalıdır, dövlətin hərbi doktorinası yerinə yetirilməlidir. Torpaqlar rus işğalından azad olunandan sonra hər şey yolunada olacaq. O zaman sual yaranmaz ki, niyə sülhməramlı orda özbaşınalıq edir. Mən işğalçı deyirəm, siz sülhməramlı deyirsiz. Onlar da öz işğalçılıq siyasətini davam elətdirirlər. 9 mayı da qeyd etməyə hazırlaşırlar, özü də Xocalıda. Təlim-məşqlər Xocalıda keçirilir. Yəqin ki, istəsələr elə paradı orda da keçirəcəklər. Ruslar orda 366-cı alayın işini davam etdirərlər. Bu dəfə bizim zəfər paradımıza kölgə salmaqdan ötrü bu işi də görə bilərlər. Biz isə sözümüzü deyirik.
- Belə deyilir ki, siyasi partiyalarda da bir dəyişilmə var, ofislərlə təmin olunurlar, qeydiyata alınırlar, hökumətlə əməkdaşlıqlar qurulur, görüşlər, dialoqlar keçirilir. Bu, iqtidar-müxalifət dialoquna yönəlik hansı bir tərpənişdir, necə bir dialoqdur?
- Bu, normal bir prosesdir. Dialoq 1 il bundan əvvəl başlayıb. Yeni kursdur, yeni təyinatlar var, onlar da istəyirlər ki, əvvəlki səhvlər olmasın. Dialoq mühiti olsun. İnsanlar bir arada olsun. Biz də bu prosesdə iştirakçıyıq, təqdir edirik. Ofisi olmayanlara mənzil qərargahı verirlərsə, bu da vacib bir məsələdir, belə də olmalıdır, qeydiyyata almısan, zəhmət olmasa fəaliyyət göstərməsi üçün də şərait yarat.
- Siyasi partiyaların Qarabağa səfəri ilə bağlı mübahisəli fikirlər, tənqidlər də oldu. Buna münasibətiniz nədir?
- Tənqid edənlər müxtəlifdir. O adam müavinini göndərir, özü isə tənqid edir. Təsəvvür edirsiniz bu nədir? Yaxud deyir ki, ağır xəstəm var, gedə bilmirəm, iştirak edə bilmirəm. Sonra da gedənləri tənqid eləyir. Deyir ki, ölüm-dirim mübarizəsi aparırıq. Biz Qarabağa səfər edənləri təqdir eləmişik, doğru saymışıq və özümüz də iştirak eləmişik. Kim nə deyir-desin, hamının ağzını bağlamaq olmaz. Bəzi adamlar öyrəniblər hər şeydən danışmağa. Kim ki, Qarabağa səfərin əleyhinədir, o, normal düşüncə sahibi deyil.
- Mirmahmud bəy, siyasi partiyaların əsasən mübarizəsini bir-birinə cavab verməklə qurub gündəmə çıxması nəyin göstəricisidir?
- Bütün bunlar heçdən nəsə düzəltməkdir. Sabah kimsə bu müsahibəni oxuyub, oradan bir sözü götürüb başlayar ona cavab verməyə. Bu da olacaq onun siyasi fəaliyyəti. Bunu özünün mübarizəsi, fəaliyyət istiqaməti sayır. Hesab edir ki, aldığınız müsahibəyə münasibət bildirdisə, bu da onun siyasi fəaliyyətidir. Əslində isə hər kəs özü nə etməli oduğunu yaxşı bilir.
- Mirmahmud bəy, bildiyimizə görə bu yaxınlarda Azərbaycan Xalq Hərəkatının qurultayı keçiriləcək. Siz də o qurultayda varsınızmı?
- Vallah, mən bilmirəm, AXH-nin bir tərəfi var, o da özümüzük. Kimsə özündən nəsə icad edirsə, nəsə deyirsə, ona nə deyəsən ki? İndi özünü Napaleon adlandıranlar da var. Gedək deyək sən o deyilsən? Hərəkat fəaliyyət göstərir, həftənin ikinci-beşinci günləri təşkilat komitəsinin genişləndirilmiş yığıncağı olur. Yığıncaqlar media vasitəsilə işıqlandırılır. İki dəfə iclas olur, bir dəfə də özüm çıxış eliyirəm. İşimiz davam edir. Kimin qurultay keçirdiyini bilmirik. Vaxt var idi hamımız bir yerdəydik, sonra hər şey dağıldı, çıxıb getdilər. Biz isə davam elədik.
Təşkilatlanma indi də davam edir. 19 rayon şöbəmiz var. İndi kimsə qurultay keçirir, nə deyək, deyək ki, keçirmə?
- Rəhmətlik İsgəndər Həmidovun vaxtında AXH yarandı, sonra parçalanma baş verdi. O zaman bir yerdə idiniz?
- Rəhmətlik, rəhmətlik olmayanlar da, hamımız bir yerdə AXH-də iştirak edirdik. Sonradan parçalandı və biz də çox israrlı olduq ki, bu baş verməsin, amma adam dedi ki, biz edəcəyik. İndi orada nə qalıb, kim qalıb, özünü nə adlandırır, özləri bilər.
- Bayaq bir sual da belə yaranmışdı ki, partiyaların bir yerdə irəliləməsinə maneə nədir, o məqamın üzərinə gəlirik ki, təşkiat yaranan kimi parçalanır. Onları bir araya gəlməyə qoymayan nədir?
- Əslində, istənilən bir təşkilat qurulanda bu virus onun nüvəsində yaranır. Əgər nüvə sağlamdırsa, heç bir problemi yoxdur, deyilsə parçalanma, ziddiyyət, qarşıdurma yaranır. Yadınızdadırsa AXCP var idi, onun tərkibində “Şuşa” Birlik təşkilatı, Yurd Birliyi, Qadın Hüquqları cəmiyyəti, Bakı Kəndlər Birliyi var idi. Bu birliklərin olması o deməkdir ki, lazım gələndə ayrıla biləcəklər. İndi bu adamlar da yaşlı-başlı adamdılar, gəldilər AXH-də təmsil olundular, sonra getdilər. Əslində məramlar yazıda təxminən eynidir. Məqsədlər fərqlidir deyə belə olur. Həm də hər kəs istəyir nəsə qursun, yaratsın. Daha çox fəaliyyət də odur ki, bir-birinə qarşı olsunlar. Lider olmaq istəyi də hər kəsin haqqıdır, amma qabiliyyəti yoxdur, yoxsa var, bu başqa məsələdir.