Qeyri-rəsmi “ailə” olmağı seçənlər

11:10 15.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, bəzən insanlar məsuliyyət hissindən azad olmaq üçün vətəndaş nikahına üz tuturlar

Azərbaycanda dövlət yalnız rəsmi nikahı tanısa da, cəmiyyətimizdə dini və vətəndaş nikahında yaşayan insanlar da az deyil. Bu faktı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı da təsdiqləyir. Düzdür,2019-cu ildə Azərbaycanda belə qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə edilsə də, ötən il onların sayı yenidən azalıb. Belə ki, 2020-ci ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər.

Bu say da son 6 il üzrə ən aşağı göstəricidir. Ötən il bütün diri doğulanların 14 faizini qeyri-rəsmi nikahdan doğulan uşaqlar təşkil edib. Amma ötən il ölkədə 17 mindən çox uşağın nikahsız dünyaya gəlməsi heç də kiçik rəqəm sayıla bilməz. Bu onu göstərir ki, Azərbaycanda rəsmi nikah olmadan münasibət quranların sayının nəzərəçarpacaq dərəcədə azalmasından danışmaq hələ tezdir. Ümumiyyətlə, statistika göstərir ki, son 6 ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il belə uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib. Nikahsız qadınların dünyaya gətirdiyi uşaqların sayı 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.2014-cü ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların 9 772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8 167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.

2018-ci ildə belə qadınlar şəhər yerlərində 7 509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə şəhər yerlərində 7 790, kənd yerlərində 13 663, 2020-ci ildə şəhər yerlərində 6 667 uşaq, kənd yerlərində 11 047 uşaq dünyaya gətirib.

Mütəxəssislər isə hesab edirlər ki, nikahdankənar dünyaya gələn uşaqlar adətən vətəndaş nikahı ilə yaşayan ailələrdə baş verir. Bu “ailələrin” əksəriyyəti problemli sayıldığından sonradan nikahdankənar doğulan uşağın taleyi də sual altına düşür.

Bəs, vətəndaş nikahı nədir? Bu nikaha kimlər üstünlük verirlər? Vətəndaş nikahının seçilməsində məqsəd nədir?

Qeyd edək ki, vətəndaş nikahı iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduqları könüllü ittifaqıdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi izdivacın sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Onu da xatırladaq ki, Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici ölkələrdəkindən öz spesifikliyi ilə fərqlənir. Daha dəqiq, bizdə vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da, dini kəbinlə təsdiq olunur. Avropa ölkələrində isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Bu hal adətən hər iki tərəfi, qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik və məsuliyyət hissindən azad edir. Hətta bir neçə il öncə Bakıda gənclər arasında vətəndaş nikahı ilə bağlı keçirilən sorğunun nəticəsində bəlli olub ki, gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlərin sayı kifayət qədərdir. Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda ailə institutunun ciddi ənənəsi olub:

“Bütün ciddi sosioloq və filosoflara görə, ailə institutu təkmil olan cəmiyyətlər daha çox inkişaf edir. Bu institutu aşınmaya məruz qoyan amilləri aradan qaldırmaq lazımdır. Vətəndaş nikahı da ailə institutumuzu aşındıran amillərdəndir. Bəziləri deyirlər əşşi, nigahi nə edirik, bəzisi deyir islami nigahimiz var, o birisin nə edirik. Bunların bir çoxu məsuliyyətsizlikdir. Gələcəkdə o məsuliyyətdən qaçmaq üçündur. Yəni ki, dövlətdə qeydiyyatda olanda, boşananda problemlər çıxır məhkəməyə getmək məhkəmədən gəlmək, amma burada mollaya deyirsən boşayır. Və yaxud nikah yoxdursa sağol, papağını götürür evdən getdi və ya qovaladı evdən. Bu sahədə boşluq var. Hələ mən nikahdankənar doğulan uşaqların sonrakı taleyindən danışmıram. Statistika deyir ki, ötən il 17 mindən çox nikahsız uşaq dünyaya gəlib. Əslində bu kiçik rəqəm deyil. Sizi inandırım ki, həmin ailələri dindirsək, onların 10-12 mini problemli olacaq. Bu kimi nikahlar gələcəkdə ailə institunun tamamilə aşınmasına gətirib çıxara bilər”.

Ekspert vurğulayıb ki, vətəndaş nikahına adətən milli dəyərlərə dırnaqarası baxan, ailə məfhumuna məsuliyyətsiz yanaşan insanlar üstünlük verirlər: “Bəzən, misal kimi Avropa ölkələrini göstərirlər və qeyd edirlər ki, həmin ölkələrdə vətəndaş nikahı ilə yaşamaq problem yaratmır. Əslində bu fikir kökündən yanlışdır. Mən dəfələrlə elmi tədqiqat işlərimlə bağlı avropalı həmkarlarımla fikir mübadiləsi aparmışam. Avropada ailə modeli demək olar ki, tamamilə sıradan çıxıb və ailələrlə bağlı kifayət qədər problemlər var. Bu ölkələr ailə məsələsində heç vaxt bizə nümunə ola bilməz. Son illər bizdə də ailə institutunda ciddi gərginlik müşahidə olunur. Biz bu gərginliyin aradan qaldırılması üçün konkret addımlar atmalıyıq. Hazırda Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi tərəfindən Ailə Stategiyası adlı sənəd üzərində aparılır. Həmin sənədin müzakirələrində mən də iştirak etmişəm. Güman edirəm ki, bu sənəd hazır olduqdan sonra ailə məsələləri ilə bağlı bir sıra məqamlar öz həllini tapacaq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, bəzən insanlar məsuliyyət hissindən azad olmaq üçün vətəndaş nikahına üz tuturlar:

“Onlara elə gəlir ki, vətəndaş nikahında kifayət qədər qeyd olunan məsuliyyət və öhdəliklər olmayacaq. Hətta bəziləri uşaqlarına belə atalıq faktoru və aliment verməkdən imtina edirlər. Bu birlikdə yaşayışın bir-birinə əminlik, inam hissinin kifayət qədər olmamasından irəli gəlir. Burada əmlak, aliment məsələlərinin, bir az xarici ölkələrin də təsiri var. Xarici ölkələrdə birlikdə yaşayıb, daha sonra ailə həyatı qururlar. Hətta belə bir təbliğat da irəli sürürlər. Lakin bir fərq var ki, xaricdə birgəyaşayanlar övlad dünyaya gətirmirlər. Birgəyaşamaq onlar üçün bir-birini tanıma rolunu oynayır. Ona görə də əhəmiyyətlidir. Bu mərhələdə də uşaq dünyaya gətirmirlər. Bizdə isə tam tərsidir. Əslində vətəndaş nikahı bizdə həmişə olub. Əsasən də yaşlı insanlar arasında müşahidə olunub. Gənclərin vətəndaş nikahında yaşaması o qədər də geniş yayılmış bir tendensiya olmayıb. Son illər bu cür halların diqqəti cəlb etdiyini görürük. Onu da uşaq dünyaya gələndə, aliment məsələləri ortaya çıxanda və zorakıllıq faktları aşkarlananda öyrənirik. Vətəndaş nikahı daha çox dini nikah kimi də olur. Bunlara elə gəlir ki, elə Allah yanında kəbinlərinin kəsilməsi onların birləşməsi üçün əsasdır və bunun da açıq şəkildə təbliğatı aparılır. Bu cür təbliğat  aparmaq və ya qarşısındakını utandırmaq, ailəliyin ilk dövründən qeyri-səmimi olmaq bu münasibətlərə səbəb olur”.

Məsələnin psixoloji tərəfinə toxunan psixoloq Elnur Rüstəmov isə hesab edir ki, psixoloji cəhətdən insanları vətəndaş nikahına çəkən əsas amil məsuliyyətdən azad olmaq hissidir: “Çünki ortada heç bir sənəd yoxdur.

Nə vaxt istəsən, çıxıb gedə bilərsən. İkinci bir tərəfdən, vətəndaş nikahlarının sayı artdıqca proses cəmiyyət üçün adiləşir. Əvvəllər adətən ilk evliliyi uğursuz olan şəxslər buna meyl edirdisə, indi heç evlənməyən şəxslər, hətta bəzən evin tək uşağı olanlar vətəndaş nikahında yaşamağı seçirlər. Ümumiyyətlə, ailədaxili münaqişələr artdıqca, boşanmalar artdıqca, vətəndaş nigahları da çoxalır. Bu prosesin özəyində insanın qarşısındakı şəxslə uzun müddət münasibətinin davam edəcəyinə inamın olmaması durur. Qərb ölkələri ilə müqayisə aparırlar. Orda cütlük bəzən 10 ildən çox bir yerdə yaşayır, daha sonra nikaha girir. Bildiyiniz kimi bu cür cütlüklər ayrılanda da ən böyük çəkişmə mülk bölgüsü zamanı yaşanır. Bu da tərəflər arasında psixoloji güvənsizliyin yaranmasına gətirib çıxarır. Vətəndaş nikahından uşaq dünyaya gətirmək də təqdirəlayiq deyil. Amma nəzərə alın ki, əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi. Artıq bu qınaq əvvəlki gücə malik deyil. Ona görə də bu prosesin genişlənməməsi üçün maarifləndirmə aparmaq lazımdır”.

Oxunma sayı 2930