Qeyri-sabit hava taxılın məhsuldarlığına mənfi təsir göstərir- Aktual

12:16 30.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İyunun ayının ikinci ongünlüyündən başlayaraq ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürür. Mövcud hava şəraitinə baxmayaraq bölgələrdə taxıl biçini də davam edir. Hazırda Azərbaycanın 61 rayonunda biçin gedir. Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bugünədək sahələrdən ümumilikdə 1364844 ton məhsul yığılıb. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

Yeri gəlmişkən, bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.

Statistik məlumatlara görə, Ötən il 1 milyon hektar ərazidə taxıl məhsullarının əkini olub. Belə ki, buğda istehsalı 1 milyon 885 min ton olub, hektardan orta məhsuldarlıq isə 32,9 sentner təşkil edib. Arpa istehsalı isə 1 milyon 147 min ton olub, hektardan orta məhsuldarlıq 30,7 sentner təşkil edib. Proqnozlara görə, arpa və buğda üzrə məhsuldarlıq ötən ilki artım tempi səviyyəsində gözlənilir.

Amma havaların qeyri-sabit keçməsi vəziyyəti dəyişə və əvvəlcədən verilən proqnozları doğrultmaya bilər. Görəsən, mövcud hava şəraiti ölkədəki taxıl istehsalına təsiri necə olacaq? Verilən proqnozlar özünü doğruldacaqmı, yoxsa istehsal azalacaq?

Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov deyib ki, qeyri-sabit hava şəraiti taxılın məhsuldarlığına mənfi təsir göstərir: “Taxıl bitkiləri artıq yetişib. Biçinə hazır olan taxıla çox güclü külək mənfi təsir göstərir, sünbülün dənini tökür, güçlü yağışın təsirindən buğda yerə yatır, nəticədə kombayn onu biçə bilmir, dolu isə həm sünbülü tökür, həm də bitkini torpağa yatırır. Bəzi hallarda məhsuldarlığı təxminən 50 faizə yaxın azaldır. Hazırda hava şəraiti pis olan yerlər əsasən dağlıq zonalardır. Həmin zonalarda taxıl o qədər də çox əkilmir. Biz taxılçılığın inkişaf etdiyi rayonları gəzirik və hazırda İmişlidəyəm. Deyim ki, vəziyyət elə də pis deyil, ciddi itki yoxdur. Ümumi götürəndə Azərbaycanda taxılla bağlı məhsuldarlıq ildən-ilə artır. Bunun əsas səbəbi də son illər fermerlərin aqrotexniki qaydalara riayət etməklə əkin prosesini həyata keçirməsidir. Yəni, əvvəl fermerlər bu prosesi kortəbii şəkildə yerinə yetirirdilər. Lakin son illər biz də müşahidə edirik ki, fermerlər bu işə daha ciddi yanaşırlar, hibrid toxumlardan istifadə edirlər, aqrotexniki qulluq qaydalarına riayət edirlər və s. Əvvəl hektara 35 sentner götürən fermerin artıq hədəfləri artıb. Təbii ki, əgər həmin toxumla Rusiyada 110 sentner məhsuldarlıq əldə etmək olursa, bizdə niyə olmasın. Düzdür, Rusiyada iqlim bir qədər fərqlidir, amma bizdə də hektardan ən az 7-8 ton məhsularlıq əldə etmək olar. Lakin burada bir məqam da var ki, Azərbaycanda bir tərəfdən taxılın məhsuldarlığı artsa da, digər tərəfdən əkin sahələri azalır. Bunu bəzən açıqlamaq istəmirlər və deyirlər ki, hər şey əladır. Amma bizdə həqiqətən də taxılçılıq ildən-ilə zəifləyir. Bu da onunla əlaqədardır ki, bəzi rayonlarda, xüsusilə şimal rayonlarında torpaqlar bağa daha yararlı olduğundan fermerlər bağçılıqla məşğul olmağa üstünlük verirlər. Əvvəl taxıl əkilən ərazilər gilas, alma bağlarına çevrilib. Amma valyuta gətirmək baxımından bu dövlət üçün daha xeyirlidir. Çünki biz bütün Azərbaycanı taxıl əksək belə, yenə də öz tələbatımızı ödəyə bilmərik”.  

Oxunma sayı 98