Fələstinin baş naziri Məhəmməd Mustafa bu gün Rəfah sərhəd keçid məntəqəsinin Misir tərəfinə baş çəkib. Hökumət başçısı burada Misirin xarici işlər naziri Bədr Əbdüləti və bir sıra digər rəsmilərlə birlikdə bu ölkənin Qəzza zolağına humanitar yardım çatdırmaq səylərini yoxlayıb.
Hafta.az-ın yazdığına görə, Mustafa qeyd edib ki, İsrailin davamlı hücumları heç bir yerli və ya beynəlxalq tərəfə Qəzza zolağında üstünlük qurma haqqı verməyəcək. O, Qəzza zolağının Fələstin dövlətinin tərkib hissəsi olduğunu, Fələstin Azadlıq Təşkilatının (FAT) fələstinlilərin yeganə və qanuni nümayəndəsi, hökumətin isə Qəzza zolağında işləri idarə etmək səlahiyyətinə malik tək icraedici orqan olduğunu bir daha vurğulayıb.
Mustafanın sözlərinə görə, Fələstin hökuməti hər cür çətinliklərə rəğmən, bütün qardaş və dostlarla əməkdaşlıq, özəl sektor, vətəndaş cəmiyyəti və istəyən beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək Qəzza zolağında Fələstin xalqının məsuliyyətini öz üzərinə götürməyə hazır və qadirdir. O, "Qəzza zolağının işlərini idarə etmək üçün bir komitənin yaradılmasını tezliklə elan edəcəyik. O müvəqqəti komitə olacaq və Fələstin hökumətinə hesabat verəcək. Komitənin məqsədi Qəzza konstitusiyasına və beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq Fələstin dövlətini və hökumət qurumlarını yenidən aktivləşdirməkdir" deyib.
Mustafa əlavə olaraq deyib ki, onlar İordan çayının qərb sahili və Qəzza zolağında Fələstin milli qurumlarının birliyi və bütün Fələstin ərazilərində müstəqil Fələstin dövlətinin qurulması üçün milli iradəyə, ərəb və beynəlxalq konsensusa mane olmaq cəhdinin qarşısını alacaqlar.
Mustafa vurğulayıb ki, Fələstin prezidenti Mahmud Abbas qardaş və dost ölkələrin, beynəlxalq təşkilatların dəstəyi ilə hücumların dayandırılması, insan köçlərinin qarşısının alınması, vətənin iki hissəsini dövlət qurumları və FAT-ın çətiri altında birləşdirmək üçün siyasi və diplomatik təşəbbüslər edir. Mustafa, "Fələstin muxtariyyəti qurulandan bəri bu bölgədəki on minlərlə işçimizin iştirakı ilə Qəzza zolağında xalqımıza təhsil, səhiyyə, su, elektrik və digər xidmətlər göstərmək öhdəliyimizi davam etdirəcəyik. Biz Misirdəki qardaşlarımızla birlikdə Qahirədə mümkün yenidənqurma konfransının təşkilinə çalışacağıq. Ərəb və beynəlxalq səviyyədə qəbul edilən Qəzzanın bərpası və yenidən qurulması planlarına əsaslanaraq, qardaşlarımız və dostlarımızla əməkdaşlıq müstəvisində Qəzza zolağını yenidən inşa edəcəyik” deyib.