Qida təhlükəsizliyi ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

17:30 23.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin noyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 1-i saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a bildirilib ki, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 31-dək qəbula yazıla bilərlər.

Eyni zamanda, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.