Qida istehsalçıları məhsulları təzə saxlamaq üçün tez-tez konservantlar əlavə edirlər. Ancaq Amerikada aparılan bir araşdırma bu maddələrin bağırsaq mikrobiomuna gözlənilməz təsir göstərə biləcəyini ortaya qoyub.
Hafta.az-ın yazdığına görə, tədqiqatçılar, yeməkləri qorumaq üçün istifadə edilən bir maddənin bağırsaqlardakı faydalı bakteriyalara təsir göstərərək bağırsaq mikrobiomunun sağlam tarazlığını təhdid edə biləcəyini açıqlayıb. Nəticələr fevralın 2-də “Journal of the American Chemical Society” jurnalında dərc olunub.
Bağırsaq mikrobiomu bağırsaqlarımızda yaşayan və bədəndəki hüceyrələrin sayından 100 trilyon çox olduğu təxmin edilən mürəkkəb bakteriyalar birliyidir.
Bağırsaq mikrobiomu, xüsusilə qidanın həzm edilərək mənimsənilməsi, immunitet sisteminin tənzimlənməsi, piylənmə, ürək xəstəlikləri, diabet və xərçəng kimi xəstəliklərin qarşısının alınması kimi köməkçi rolları yerinə yetirərək insan sağlamlığında mühüm rol oynayır.
Konservantlara gəlincə, onların əsas məqsədi qidaları çürüdüb korlaya bilən mikrobları öldürməkdir.
Şəkər, duz, sirkə və spirt kimi ümumi əlavələr əsrlər boyu konservant kimi istifadə edilib, lakin indi qidaları qorumaq üçün başqa inqrediyentlər, o cümlədən pendir, kolbasa və souslar kimi qidalarda geniş istifadə olunan "nisin" və digər maddələr əlavə olunub. “Nisin” həmçinin süd məhsullarında olan laktik turşu bakteriyaları tərəfindən təbii şəkildə istehsal olunan antibakterialdır. Qidalarda istifadə üçün “nisin” təhlükəsiz hesab olunur və geniş antimikrobiyal xüsusiyyətlərə malikdir. Elə bu səbəbdən də effektiv qida konservantına çevrilmiş “nisin” ABŞ Qida və Dərman İdarəsi tərəfindən istifadə üçün təsdiqlənib.
Komandanın fikrincə, bu inqrediyent geniş şəkildə istifadə olunsa da, onu qidalarda istehlak edən insanların bağırsaq mikrobiomuna təsiri haqqında çox az şey məlumdur.
Tədqiqat zamanı komanda, insan bağırsaq bakteriyalarının genomunun açıq məlumat bazasını çıxararaq, "nisin" əlavəsinin bağırsaq mikrobiomunun balansına təsirini araşdırıb.
Tədqiqatçılar bu maddənin həm patogenləri, həm də bağırsaq mikrobiomunu öldürərək bağırsaq mikrobiomunun tarazlığına təsir etdiyini müəyyən ediblər.
Bağırsaqdakı mikroblar incə bir tarazlıq içində yaşayırlar. Bununla belə, bağırsaq mikrobiomunun çox hissəsi konservantlar tərəfindən təsadüfi şəkildə öldürülərsə, fürsətçi patogen bakteriyalar onları əvəz edə və bağırsağa zərər verə bilər.
“Journal of the American Chemical Society”nin xəbərinə görə, Çikaqo Universitetində araşdırmanın baş müstəntiqi Dr. Cerri Çang deyib: "Nisin” birləşməsi qida çirklənməsinin qarşısını almaqda çox təsirli olsa da, insan bağırsaq mikroblarımıza daha çox təsir göstərə bilər. Bu tədqiqat “nisin”in bağırsaq mikrobiomunun tarazlığına təsir göstərə biləcəyini göstərən ilk tədqiqatlardan biridir və çox güman ki, bağırsaq sağlamlığına da təsir edə bilər. Ona görə də biz bu potensial pis təsirə qarşı çıxmaq və ondan faydalanmağın daha əlverişli yollarını axtarmalıyıq”.