1907 və 1908-ci illərdə Rusiya çar rejiminin tətbiqlədiyi torpaq qanunları qırğızların ənənəvi köçəri həyat tərzini və torpaqlarını təhdid edərək, bölgədə rus köçkünlərin sayını artırıb. “Addım qanunu”na əsasən qırğız torpaqları dövlət mülkiyyətinə keçdi, yerli əhali isə öz torpaqlarından zorla köçürülüb.
Hafta.az-ın yazdığına görə, bu vəziyyət Qırğızıstan türkləri arasında Rusiya hakimiyyətinə qarşı güclü iğtişaş və qəzəb doğurub.

1916-cı ildə çar Rusiyasına qarşı başlayan böyük qırğız üsyanı da bu qəzəb və ədalətsizliyin nəticəsi idi. Qırğız xalqı Rusiya hökümətinin zorla işə götürmə üsullarına müqavimət göstərib və bu, qısa zamanda genişmiqyaslı üsyana çevrilib. Lakin Rusiya hökuməti üsyanı yatırmaq üçün sərt tədbirlər görüb, çox sayda qırğız türkünü qətlə yetirib, çoxlu kəndləri dağıdıb.
Urkun qırğını Qırğızıstan tarixində ən qanlı hadisələrdən biri kimi qalır. 1916-cı ilin yayında rus ordusu və hüquq-mühafizə orqanları qırğız xalqının məskunlaşdığı Urkun bölgəsinə böyük repressiya və zorakılıq tətbiq edib. Bu dövrdə qırğız kəndləri yandırılıb, əhali məhv edilib və ya zrla öz ata-baba trpaqlarından sürgün edilib. Bu qırğın nəticəsində minlərlə Qırğızıstan türkü həyatını itirib və bölgənin demoqrafik tərkibi əhəmiyyətli dərəcədə dəyişib.

Urkun qırğınından sonra sağ qalan qırğızlar üçün sürgün və məcburi köç dövrü başlayıb. Rusiya hökuməti üsyana müqavimət göstərən qırğızları cəzalandırmaq üçün nları öz vətənlərindən deportasiya edərək Şərqi Türküstana (İndiki Çinin Sintzyan-Uyğur bölgəsinə - V.T.) zorla köçürüb. Bu köç kütləvi insan hərəkatı yaradıb və bir çox qırğız ailələri çətin şəraitdə Şərqi Türküstana getməyə məcbur olub. Hətta çox sayda qırğız sürgün prosesində həyatını həlak olub.
Urkun qırğını və sonrakı sürgün bölgənin sosial-mədəni quruluşunu kökündən dəyişdirərək qırğız xalqının tarixində dərin iz buraxıb. Bu hadisələr qırğızların istiqlal mübarizəsinin qanlı və məşəqqətli mahiyyətini ortaya qoyur, Rusiya çarizminin Türküstandakı siyasətinin ağır nəticələrini üzə çıxarır. Qırğız türklərinin bu mübarizələri Türküstan tarixinin əhəmiyyətli və faciəli bir hissəsinə çevrilib.