Qırğızıstan Xarici İşlər Nazirliyi sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarına zəruri səbəblər olmadıqda Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu tövsiyənin Tacikistan Xarici İşlər Nazirliyinin oxşar çağırışından sonra verilməsi maraq çəkir.
Hafta.az-ın yazdığına görə, nazirlik bəyan edib ki, Rusiyaya zəruri səbəb olmadan getmək istəyən vətəndaşlar əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqədar bu səfərdən müvəqqəti yayınmalıdırlar.
Nazirlik həmçinin vurğulayıb ki, Rusiyaya girişdə hər hansı məhdudiyyətin olub-olmadığını yoxlamaq lazımdır.
Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu çağırış Qırğızıstan vətəndaşlarının Rusiyaya daxil olmasına kütləvi şəkildə icazə verilməməsi və gəldikləri ölkələrə deportasiya edilməsi ilə bağlıdır.
Qeyd edək ki, bu yaxınlarda Crocus Building-də baş verən terror aktından sonra Rusiya hakimiyyəti immiqrasiya siyasətini sərtləşdirib. Bu kontekstdə əcnəbilərin Rusiyada qalmalarını məhdudlaşdıran və qeyri-qanuni mühacirlərin deportasiyasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib. Rəqəmsal İnkişaf Nazirliyi isə təklif edib ki, əcnəbilər Rusiyada SİM kart alarkən öz biometrik məlumatlarını təqdim etməlidirlər.