Qırğızıstan və Tacikistanın hökumət nümayəndə heyətlərinin başçıları dövlət sərhədi ilə bağlı tam razılıq əldə ediblər.
Hafta.az-ın yazdığına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Botkendə Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin həmsədrləri Kamşibek Taşiyev və Saymomin Yatimov arasında görüş keçirilib.
Görüş zamanı tərəflər Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin demarkasiyasını tam başa çatdırıb. Hökumət nümayəndə heyətlərinin işçi qruplarına dövlət sərhədinin delimitasiyası ilə bağlı yekun sənədlərin hazırlanması tapşırılıb.
Delimitasiya üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması yerli sakinlərlə iki respublikanın hərbi qulluqçuları arasında bir sıra münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. Belə münaqişələrin sonuncusu 2022-ci ilin payızında baş verib. O zaman Qırğızıstan tərəfində baş verən toqquşmalarda 60-dan çox insan həlak olmuşdu.