Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi olaraq yeni elementlər daxil olur.
Ekspertlər hesab edirlər ki, son dövrlərdə qloballaşma şəraitində baş verən bir sıra proseslər, o cümlədən, mədəni dəyərlərin inteqrasiyasının güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı nəticə etibarı ilə cəmiyyətdə bir sıra ənənəvi dəyərlərin itirilməsinə, klassik ailə modelinin aşınmasına və ailələrin cəmiyyətdəki sosial statusunun zəifləməsinə səbəb olub. Onların fikrincə, bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi yeniliklər və təhlükələrlə üz-üzədir. Ekspertlər hesab edirlər ki, milli və mənəvi dəyərlərimizi yad elementlərə qurban verməməliyik. Bu məsələdə cəmiyyət olaraq həmrəylik nümayiş etdirməliyik.
Qeyd edək ki, əslində, Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir. Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, gənc ailələrə mənəvi dəstək prinsipləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin Konsepsiyaya əsasən Azərbaycan Ailəsi Strategiyasının, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Ailə Psixoloqu İnstitutunun hazırlanması nəzərdə tutulur. Respublikamızda cəmiyyətə layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında məqsədyönlü işlər aparılır.
Məlumdur ki, Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Bütün bunlara baxmayaraq, nikahın pozulması və ümumilikdə ailə institututnun dağılması halları ilə bağlı rəsmi statistik rəqəmlər bu sahədə həlli vacib problemlərin hələ də qaldığını göstərir.
Yeri gəlmişkən, Azərbaycanda ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı mövzular ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək. Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əks olunub. İşin icrası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinə tapşırılıb. Milli Fəaliyyət Planının əsas məqsədi ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasıdır.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, ailə cəmiyyətin sosial mərkəzi olduğundan, həmin mərkəzin idarəsində ahəng önəmlidir:
“Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq. İndi dünyada elə proseslər gedir ki, mənəvi problemlər arxa plana keçməkdə, maddi dəyərlər önə çıxmaqdadır. Bu, bizim cəmiyyətdə də baş verir. Ən xoşagəlməz hal budur ki, maddi dəyərlərə üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz çox güclü təzyiqə məruz qalır, bundan da ailə və cəmiyyət zərər görür. Çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərləri ön sırada saxlayaq. Bu, ailənin cəmiyyətdə sağlam yer qazanmasına kömək edəcək. Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması sonda ailə institutunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə ilk növbədə, ailələrə, daha sonra isə cəmiyyətə təsir edir».
Onun fikrincə, hazırda Azərbaycan xalqı çox qiymətli ailə dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb: “Bu, çox ciddi məsələdir. Biz ailə dəyərlərimizi nə özümüz dərk etdik, nə də başqa xalqlara nümunə göstərə bildik. Əslində, bizim ailə dəyərlərində digər xalqların öyrənməsi üçün çox şey var. Aidiyyəti qurumlar bu məsələyə diqqəti daha da artırmalıdırlar. Bunun üçün xüsusi proqramların həyata keçirilməsinə ehtiyac duyulur. Azərbaycanda ailəyə münasibət 20-30 il əvvəlin münasibəti deyil; məsələn, indi gənclər evlənərkən nə valideynləri ilə yaşamaq, nə də valideynlər övladlarını evləndirib yanlarında saxlamaq istəyirlər. Digər tərəfdən, hazırda Azərbaycan ailəsində ciddi psixoloji gərginlik müşahidə edilir ki, biz bu gərginliyi indiyədək hiss etməmişik. Təbii ki, mövcud gərginlik gənclərin psixologiyasına mənfi təsir göstərir.Tutaq ki, bir uşaq doğulduğu evdə həmişə dava-dalaş, zorakılıq görürsə, o uşaqdan böyüyəndə ailə haqqında hansı müsbət təsəvvür gözləmək olar. Əgər ailələrdə əmin-amanlıq, qarşılıqlı hörmət olarsa, bu, gənclərimizin də düşüncəsinə müsbət təsir göstərər».
Ailə dəyərləri ilə bağlı mövzuların dərsliklərə salınması məsələsinə münasibət bildirən təhsil eksperti Kamran Əsədovun fikrincə, təhsil sisteminin daxilində şagirdlər o formada hazırlanmalıdır ki, onlar müstəqil həyata, eyni zamanda əmək bazarına bir çox bilik və bacarıqlara yiyələnmiş halda daxil olsunlar: “Təhsilin əsas məzmunu və vəzifəsi şagirdi əmək fəaliyyətinə hazırlamaq, onların məzmun məqsədlərini həyata keçirmək üçün bir sıra informasiyaları təhsilalanlara verməkdir. Təəssüf ki, bu gün Azərbaycanda və bölgələrimizdə, eyni zamanda, paytaxtda erkən nikaha cəlb olunma prosesi gedir. Bununla bağlı YUNİSEF-in konkret rəqəmləri vardı. 2013-cü ilə qədər Azərbaycanın paytaxt və bölgələrində 5000-dən çox gənc erkən nikahlara cəlb olunurdu. Həmin ildən sonra bu rəqəm dəfələrlə azalaraq Səhiyyə Nazirliyinin də verdiyi rəqəmlər əsasında il ərzində 500 nəfər civarında müəyyənləşib.Hesab edirəm ki, təhsilin məzmununun formalaşdırılması zamanı təhsilalanlara müəyyən informasiyaların verilməsini zəruridir. Bu informasiyalar birbaşa təhsilin məzmunu ilə üst-üstə düşməlidir. Elə informasiyalar verilməlidir ki, auditoriya düzgün seçilsin. Yəni əgər Azərbaycanda erkən nikahlarla bağlı informasiyalar dərsliklərdə veriləcəksə, bu, dərslik siyasətinin prinsipləri ilə müəyyən qədər ziddiyyət təşkil edir. Dərsliklərin məzmununa verilən tələblər var. Yəni dərsliklərdə şagird Azərbaycan xalqının milli-mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmalıdır. Dərsliklərdə onların öz ailəsini, vətənini və xalqını sevməsinə, insan haqlarına, bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar əksini tapmalıdır. Eyni zamanda, şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla dərsliklər yazılmalıdır. Dərsliklərdə dünyəvi prinsiplərə riayət edilməlidir”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan psixoloq Elnur Rüstəmov isə hesab edir ki, azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzunömürlüdür. Onun sözlərinə görə, daha çox gənclərin “geridəqalmışlıq” hesab etdiyi adətlər sayəsində yüz illərdir ölkəmizdə normal cəmiyyət, sağlam toplum yaratmaq mümkün olub: “Bizim ailələrdə valideyn, hətta övladını evləndirdikdən sonra belə öz yanından ayırmır, bir evdə yaşamaq istəyir. Amma bir çox ölkələrdə uşağın 15-16 yaşı olan kimi valideyn tələb edir ki, get işlə, özünə ev tut, yaşa. Onlar üçün doğmalıq anlayışı yoxdur, ailədə hər kəs öz qazancı ilə yaşayır. Ona görə də cəmiyyətləri möhkəm deyil, ailə cəmiyyətə xeyir verə bilmir. Bu “xeyir” maddi yox, mənəvi məna kəsb edir. Yəni, bu cür ölkələrdə ailələr cəmiyyətə yararlı fərdlər yetişdirmir”.
Ekspert, həmçinin bildirir ki, sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur: “Gələcək ailənin hər iki fərdi bir-birini anlamaqla yanaşı, fiziki və mənəvi göstəricilərinə görə də uyğun gəlməlidir. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini də cəmiyyət çəkir”.