Qubada narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

14:41 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 23-də saat 21 radələrində “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılmış postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

Polis əməkdaşları qutudan marixuana aşkar edərək götürüblər.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.