Qurban bayramında fermerlərə lazımi şərait yaradılacaq - Açıqlama

14:31 30.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq Qurban bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də fermerlər heyvanlarının satışını təşkil etmək üçün Bakı şəhərinə üz tutacaqlar. Maraqlıdır, bu il Qurban bayramı ilə əlaqədar nə qədər xırdabuynuzlu heyvanların satışı nəzərdə tutulub, eyni zamanda süni qiymət artımı, eləcə də xəstə heyvanların satışının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülür?

Hafta.az-ın sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov dedi ki, nazirlik satıla biləcək heyvanların statistikasını aparmır, adətən fermerlərə müraciət olunur, yarımarkalarda heyvan satışı həyata keçirilir: “Qida Təhlükəsizliyi Agentliyi (AQTA) artıq Bakı şəhərində yarmarkaların baş tutacağı ünvanları açıqlayıb. İcra hakimiyyətləri də AQTA ilə birlikdə yerlərin ayrılmasına dəstək olub. Fermerlər istədikləri qədər heyvanı gətirib yarmarkalarda alıcılara təklif edə bilir. Heyvanların xəstə və ya sağlam olması məsələsinə də AQTA nəzarət edəcək”.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə sualımıza cavab olaraq bildir ki, bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək. Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Sözügedən kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, ölkədə heyvanların sayı azaldığı üçün, ətin qiymətində bahalaşma da ola bilər, eyni zamanda xarici ölkələrdən də ətin idxalı arta bilər:

“Son zamanlar heyvanların baş sayında azalma müşahidə edilir. Bu da onunla bağlıdır ki, heyvanların örüş sahəsi azalıb. Həmçinin pambıq sahələrinin genişlənməsi də, otlaq sahələrinin azalmasına gətrib çıxartdı. Əvvəllər təxminən 5-10 min ton ölkəyə ət idxal olunurdusa, indi 60 min ton ət xaricdən Azərbaycana idxala olunur. Çünki ölkədə heyvanların sayı azalıb, heyvanlar arasında xəstəliklər artıb. Kəndlilər də məcburiyyət qarşısında qalıb heyanları ət kəsimi ilə məşğul olanlara dəyərsiz qiymətə satır.  Digər ölkələrdən – Rusiya, Dağıstan, Gürcüstandan ölkəyə heyvanlar gətirilirdi. Yaxın zamanlarda bəlli olacaq ki, bu il ölkəyə xarici ölkələrdən heyvan idxalı nə qədər olub. Ölkədə imkan yaradılmalıdır ki, heyvandarlıq təsərrüfatı inkişaf etsin. Bizim kəndlilər, fermerlər üçün örüş sahəsi artırılmalıdır. Hətta bəzi otlaq sahələri bitki sistemindən məhrum edilib. Bu yol verilməzdir. Örüş sahələri vaxtı-vaxtında şümlanmalıdır. Gübrələrin verilməsi, aqrotexnik qulluq olmalıdır”.

Ekspert heyvanların satış qiyməti məsələsinə də toxundu. Vahid Məhərrəmovun dediyinə görə, xarici ölkələrdə ətin qiyməti Azərbaycanla müqayisdə çox aşağıdır:

“Son zamanlar qoyun ətində 1-2 manat artım olub. Bunu bayram günü daha fəal şəkildə görə biləcəyik.Əslində qiymətlərlə bağlı proqnoz vermək çox çətindir. Bayram əhval-rühiyyəsində insanlar çalışacaq ki, heyvan alıb kəssinlər. İki gün Ukraynada oldum. Bazarlara, marketlərə baş çəkdik. Təsəvvür edin ki, sümüksüz mal əti Kiyevdə Azərbaycan manatı ilə beş manata satılır. Donuz əti daha çox yeyilməsinə baxmayaraq, qoyun əti ilə eyni qiymətə satılır. Qoyun əti sümüklü təklif olunur. Bu da onu deməyə əsas verir ki. ətin qiyməti digər ölkələrlə müqayisə etdikdə bahadır. Azərbaycanda əhalinin sayı azdır. Ölkənin iqlimi imkan verir ki, Azərbaycan heyvandarlıq məhsullarını özü ödəsin. Biz ümümi təlabatın yəni beynəlxalq tələbatın 40 faizini ödəyirik. Bu da ət və ət məhsullarının qiymətini artmasına səbəb olur. Heyvandarlığın inkişaf etməsi üçün bitkiçilik də inkişaf etdirilməlidir. Kompleks yanaşılmalıdır”.