Son illər Xəzər dənizində suyun səviyyəsində sürətli enmə müşahidə olunur. Proses hazırda da davam etməkdədir. Qeyd edək ki, Xəzərin geri çəkilməsi həm yerli, həm də beynəlxalq mütəxəssislərin diqqət mərkəzindədir. Bu yaxınlarda Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov da Xəzər dənizindəki mövcud vəziyyətdə toxunub. O bəyan edib ki, Xəzər dənizində suyun səviyyəsi düşüb: “Aparılan tədqiqatlar göstərir ki, Volqa çayında suyun səviyyəsi 30 faizdən çox azalıb".
O bildirib ki, Kür çayı demək olar quruyub və son iki ildir Xəzərə şirin su gətirmir:"Xəzərdə suyun səviyyəsinin azalmasının bir səbəbi də isti küləklərlə əlaqədardır. Son illərdə isti küləkli günlərin sayı artıb".
Z. Eminov eyni zamanda qeyd edib ki, su qıtlığı ilə mübarizədə suyun qiymətini artırmaqla məsələ həll olunmur: "Əhali arasında maarifləndirmə tədbirləri artırılmalıdır. Lazım gələrsə inzibati tədbirlər görülməlidir".
Xatırladaq ki, rəsmi məlumatlara görə, son 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi 1977 - ci ildə qeydə alınıb. Həmin tarixdə dəniz dünya okeanı səviyyəsindən 29 metr aşağı olub. 1978-ci ildən suyun səviyyəsi artmağa başlayıb, orta hesabla ildə 15 santimetr artıb. Ümumiyyətlə isə 1977-1995-ci illər ərzində Xəzərin səviyyəsi 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Lakin 2006-cı ildən yenə də Xəzərin səviyyəsinin davamlı olaraq enməsi müşahidə olunur. 2020-ci ildə dənizin orta illik səviyyəsi dünya okeanı səviyyəsindən 27,9 metr aşağı olub. 2021-ci ildə Xəzərin səviyyəsi 35 santimetr enib.
Bir sıra mütəxəssislər budəfəki enmənin daha acınacaqlı olacağını, suyun səviyyəsinin yaxın 75 ildə 5-6 metrə qədər enəcəyini və Şimali Xəzərin tamamilə quruyacağını iddia edirlər. Belə ki, mütəxəssislərin məlumatına görə, Xəzərin səviyyəsinin enməsi davam edəcək və əsrin sonuna qədər əhəmiyyətli dərəcədə enəcək. Bu, dənizin ekosisteminə, ətraf mühitə və Xəzəryanı dövlətlərin iqtisadi həyatına ciddi təsir göstərəcək. Hətta Almaniya və hollandiyalı alimlərin araşdırmalarına görə, əsrin sonuna qədər Xəzərin səviyyəsi bu günlə müqayisədə 9 -18 metr enə bilər.
Təbii ki, Xəzərdə suyun səviyyəsindəki tərəddüdlərin ətraf ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına neqativ təsirləri var. Məsələn, 1977-1995-ci illərdə dənizin səviyyəsinin 2,5 metr artması nəticəsində yalnız Azərbaycanda 50 min hektar ərazi su altında qaldı və ölkə büdcəsinə 2 miyard dollar həcmində ziyan dəydi. Ümumilikdə isə sahildəki əraziləri suyun basması nəticəsində cəmi 5 il ərzində Xəzəryanı ölkələr 10 milyard dollar itirdilər. İndi isə suyun səviyyəsinin enməsi sahildə yaradılmış infrastruktura, habelə Xəzərdə fəaliyyət göstərən limanların (Ələt, Ənzəli, Aktau, Həştərxan, Türkmənbaşı və s.) işinə ciddi əngəllər törətməklə onların cəlbediciliyini azalda bilər. Çünki belə vəziyyət həmin limanlara yaxınlaşa biləcək gəmilərin ölçülərinin də kiçilməsinə səbəb olur. Başqa sözlə desək, oturacaqları daha dərin sulara hesablanmış böyük tonnajlı gəmilər limanlara yan ala bilməyəcəklər. Bu baxımdan, yaranacaq problemləri neytrallaşdırmaq üçün Xəzəryanı ölkələrin səyləri birləşdirmələri günün ən vacib vəzifələri sırasındadır.
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Ekoloji coğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev bildirib ki, həqiqətən də Xəzər dənizinin səviyyəsi ciddi şəkildə enməyə başlayıb: “Xəzər dənizi dünyanın okeanla əlaqəsi olmayan ən böyük su hövzəsidir. Xəzər dənizinin təxminən 220 milyon il əvvəl mezozoy dövründə əmələ gəldiyinin məlumdur və bu dövrdə suyun vaxtaşırı artıb - azaldığını bildirilir. Bakının tarixi simvollarından biri olan Qız qalasının vaxtilə Xəzər dənizinin sahilində yerləşdiyi məlumdur. Son vaxtlar geri çəkilmələrdə antropogen amillər də böyük rol oynayır. Xəzərin su təchizatının 85 faizi Volqa çayının payına düşür. Volqada tikilən bəndlər və sudan kənd təsərrüfatında istifadə Xəzərin suyunun azalmasına səbəb olur”.
Onun sözlərinə görə, Xəzərdə enmə-qalxma davam etməkdədir. “Enib-qalxmalar Xəzər dənizi üçün xarakterikdir. Mütəxəssislər bu məsələni müxtəlif şəkildə qiymətləndirirlər. Xəzər dənizinin tarixində ən hay-küylü və problemli səviyyə enməsi 1970-ci illərdə - Sovet dönəmində olmuşdu. O zaman Türkmənistanda olan Qaraboğazgöl körfəzini də bağladılar. Bu körfəz vasitəsilə buxarlanma nəticəsində texniki duzlar əldə edilirdi. Bundan əlavə, şimal çaylarının da istiqamətini Xəzərə yönəltmək planları da var idi. Sonralar suyun səviyyəsi yenidən qalxdığı üçün bu planlar reallaşmadı".
Mütəxəssis deyib ki, 1970-ci illərdə Xəzər dənizində suyun səviyyəsinin təkrar qalxması da müəyyən problemlər yaratmışdı: “Misal üçün, dənizin yaxınlığında çəkilən dəmiryol xəttinə maneə yaradırdı. Bildiyiniz kimi, Xəzər dənizinin sahilində xeyli əkin sahələri var. Həmin əkin sahələri və o cümlədən heyvandarlıq üçün uyğun olan bir çox ərazi vaxtilə su altında qalıb”.
Şöbə müdiri qeyd edib ki, enmə prosesinin nə qədər davam edəcəyi isə bilinmir: “Yəni, qeyd etdiyim kimi Xəzər dənizinin tarixini nəzərə alaraq demək olar ki, uzunmüddətli enmə hadisələrindən sonra suyun səviyyəsində qalxma prosesləri başlayır. Əvvəlki təcrübələri nəzərə almaq mütləqdir. Xəzər dənizinin sahilində vaxtilə mövcud olmuş çimərliklərin izləri indi də qalıb. Buna görə də təcrübələrdən faydalanmaqla baş verə biləcək təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Düşünürəm ki, Xəzər dənizinin su problemi daha kəskinləşəcək. Bunun da səbəbi dənizi qidalandıran çayların çoxunda su azalmasının problemləri reallıqdır. Həmin çaylardan qənaətlə istifadə olunmur. Güman edirəm ki, əgər proseslər belə davam edərsə, 100 il sonra Xəzər dənizində bu problem daha geniş miqyas alacaq. Hətta dənizin yarısı quruya da bilər. Amma sevindirici hal odur ki, hələlik yaxın gələcəkdə Xəzər dənizində suyun çəkilməsi ilə bağlı təhlükəli heç nə gözlənilmir".