Ramazanda mənəviyyatımızı qidalandırmalıyıq - Hacı Fuad Nurullayev

11:49 30.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayevlə “Həftə içi” üçün bu dəfəki söhbətimizdə  müqəddəs Ramazan ayının fəzilətlərindən, oruc tutmağın bəzi şərt və nüanslarından danışdıq. Tanınmış din xadimi eyni zamanda özünün oruc zamanı necə qidalanmasından, iş və rejimi Ramazan dövrünə uyğunlaşdırmasından və s. bəhs etdi.

-Hacı, Ramazan ayınız mübarək! Yəqin ki,  səhhətiniz imkan verir oruc tutmağa?

-Əvvəla, onu deyim ki, dinimizdə kiməsə namaz qılıb oruc tutması haqda sual vermək düzgün sayılmır. Amma sizin sualınız səmimiyyətdən və jurnalist marağından irəli gəldiyini nəzərə alıb cavab verirəm. Bəli, mən də hər bir sağlam insan kimi oruc tuturam. Özü də mən kiçik yaşlarımdan oruca həvəslənmişəm, 15 yaşından başlayaraq bunu boynumuzda bir haqq olarab bilib müəyyən fasilələrlə oruc tutmuşam. Çünki ailəmizdə daim dini mühit olub. Atam, anam namaz qılan, oruc tutan olublar. Ana babam Molla Musa hələ hələ Çar Rusiyası dövründə İraqın Nəcəf şəhərindəki dini akademiyada mükəmməl dini təhsil alıb. Sovet dövründə uzun müddət təqib və təzyiqlərə məruz qalıb... Anamın tövsiyəsi ilə mən də babamın yolunu seçmişəm... Xülasə, hərbi xidmətdən sonra, yəni təxminən 20 yaşımdan başlayaraq hər il Ramazandan mütəmadi olaraq oruc tuturam...

-İmsakda, sahur yeməyində adətən hansı qidaları qəbul edirsiz?

-İftarda olduğu kimi, səhərlər də adətən yüngül yeməklər qəbul edirik. İnsanlar var ki, iftarda yediyi xörəklərdən imsakda da yeyir. Amma mən baldan və kənddən gətirilmiş təmiz nehrə yağından müəyyən miqdarda istifadə edirəm...

-Bəs iftarda hansı qidalardan istifadə edirsiz?

-İftarı Peyğəmbərimizin buyurduğu kimi, ilıq su və xurma ilə açırıq ki, su insanın qida yolunu yuyur və saflaşdırır. Və bizdə bir ailə ənənəsi var, iftarda süd və düyü unundan bişirilən “firni” deyilən xörəyi qəbul edirik. Bir də çalışdığımız qədər sulu xörəklərdən, qidalardan istifadə edirik ki, öncə dediyim kimi, mədədə sıxıntı və çətinlik yaranmasın... Çolpa supu, eləcə də bozbaş kimi xörəkləri də yeyirik. Arada  plov da bişiririk. Amma onu hər gün yemirik ki, ağırlıq olmasın...

Bilməyənlər üçün onu da deyim ki, azan əsnasında iftarı açandan sonra şam namazını qılıb sonra qida qəbul gərəkdir. Çünki bir az fasilə olmalıdır ki, mədə dərhal yüklənməsin... Ümumiyyətlə, Ramazanda insan mümkün qədər yüngül qidalanmalıdır ki, o qida onun mədəsini və digər orqanlarını sıxıb əziyyət yaratmasın.

Onu deyim ki, mən, ümumiyyətlə, digər aylarda da çox qida qəbul edən deyiləm. Çünki artıq 10 ildir ki, boyuma uyğun çəkimi saxlayıram. Boyun 1,75 metrdir, çəkimin də 75 kiloqramı ötməsinə imkan vermirəm. Piyada 8-10 km gəzməyi özümə gündəlik adət etmişəm... Səhərlər  yüngülvari digər idman təmrinləri edirəm. Rayona gedəndə oradakı həyət-bacamızda ağacları budamaq, diblərinin bellənməsi və s. kimi yüngül fiziki işlər görürəm...

Biz Ramazanda mədəmizdən çox, maksimum ruhiyyətimizi, mənəviyyatımızı qidalandırmalıyıq. Namazlarla, dualarla, zikrlərlə... Mən Ramazanda vaxtımın çoxunu Quran oxumağa sərf edirəm. Və gecələr də çalışıram oyaq qalıb müxtəlif ibadətlər edəm. Əslində mömin bu şeyləri deməməli, qabartmamalıdır. Sadəcə, məlumat üçün sizə deyirəm...

-Ramazan başlayanda gün rejiminizdə hansı dəyişiklər baş verir və buna asanlıqla uyğunlaşırısınızmı?

-Bəli, gün rejimində, təbii ki, müəyyən dəyişikliklər olur... Bildiyiniz kimi, mən əsasən Qafqaz Müsəlmanları İdarəsində işləyirəm. İlahiyyat institutunda isə həftədə iki saat mühazirələrim olur. Ramazan dövründə rəhbərliyin qərarıyla Qafqaz Müsəlmanları İdarəsində işimizi həmişəki kimi, saat 10-da yox, 11-də başlayırıq və axşamlar işimizi 18:00-da yox, 17:00-da, yaxud 17:30-da bitiririk. Ramazan gecələrini maksimum oyaq qalmağa çalışıram. İmsakdan sonra da təxminən 10-a qədər yatıram. Bəzən də işdən qayıdandan sonra iftara qədər təxminən 1-1,5 saat yatıram. Bu, üst-üstə təxminən 6-7 saat olmaqla mənim yuxu normamı ödəyir. Ramazanın ilk günlərində rejimi dəyişmək bir az çətinlik yaradır. Amma uzağı, bir həftəyə artıq buna  vərdiş yaranır... Mən də bu rejim dəyişikliklərinə artıq  on illərdir adət etmişəm...

-Bəzi din xadimləri, yaxud ilahiyyatçılar deyir ki, boynunda qüsl olan şəxs oruc tuta bilər. Bunu necə başa düşək?

-Boynunda cənabət qüslü olan şəxsin oruc tutması doğru deyil. O, bilə-bilə qüsllü qala bilməz və bu halda oruc tuta bilməz, gərək qüsl eləsin. Ancaq əgər çimib qüsllənmək üçün yaxınlığında su və şərait yoxdursa, o halda bunun əvəzinə təyəmmüm edib yenə də namaz qıla və oruc tuta bilər. Çimməyə imkanı olanda da mütləq dərhal qüsllənməldir. Yox, əgər boynunda qüsl olan insanın çimməyə imkanı, şəraiti varsa və bu qüsl etmirsə, onun tutduğu oruc batil olar...

-Səfərdə oruc tutmaqla bağlı da mübahisəli fikirlər var...

-Şəriətdə həmişəsəfər deyilən adamlar var. Məsələn, işi ilə əlaqədar daim uzaq yol gedən şəxlər; taksi, tır, yük avtomobili sürücüləri, yaxud qatar maşinitsləri, təyyarə sürücüləri və s. səfərdə rahat şəkildə oruclarını tuta bilərlər. İş yeri yaxın məsafədə, təxminən 22 kilometrədək məsafədə olanlar səhər evdən çıxıb zöhr namazınadək evə qayıda bilmirsə, həmin gün oruc tuta bilməz, oruc olsa belə, orucunu pozmalı və həmin günü qəza etməlidir. Amma əgər bir insan səhər şəhərdəki evindən çıxıb rayondakı evinə gedirsə, zöhr namazınadək oraya çatsa, yenə də niyyət edib orucuna davam edə bilər. Yaxşısı budur ki, əgər ciddi zərurət yoxdursa, Ramazan vaxtı səfərə gedilməsin. Lakin bəzən görürsən, vacib iş olur, o zaman orucunu pozub sonra gələn Ramazana qədər qəza edə bilər...

Allah cəmi müsəlmanlar kimi, Azərbaycandakı möminlərin də oruc, namazlarını qəbul etsin!