Rasim İldırımzadə HƏBS EDİLDİ

15:26 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı Rasim İldırımın, Zaur Mirzəzadənin və Qoşqar Məmmədovun ayrılıqda 12 il müddətinə həbs olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs olunmasını məhkəmədən istəyib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra hökm oxunub. 

Hökmə əsasən, Rasim İldırım 9 il 9 ay, Zaur Mirzəzadə isə 10 il 6 ay müddətinə müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalında həbs olunublar. 

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.