Referendum qərarından sonra Rusiyadan qaçan ruslara VİZA QADAĞASI QOYULDU

12:20 21.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Latviya hökuməti Rusiyada elan edilən səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etmək istəyən ruslara humanitar viza verməyəcək".

Hafta.az-ın yazdığına görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rynkeviçs “Twitter” səhifəsində yazıb.

“Latviya təhlükəsizlik baxımından səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına humanitar və digər növ vizalar verməyəcək, həmçinin sentyabrın 19-da tətbiq edilən Şengen vizası ilə Rusiya vətəndaşları üçün sərhədi keçmək məhdudiyyətlərini dəyişməyəcək”, - bəyanatda deyilir. O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiyaya işğal etdiyi Ukrayna torpaqlarında planlaşdırdığı saxta “referendumlara” və davam etdirdiyi müharibəyə qarşılıq olaraq daha sərt sanksiyalar tətbiq etməklə və müdafiə olunan ukraynalılara daha çox silah göndərməklə cavab verməlidir.

Qeyd edək ki, sentyabrın 19-da Şengen vizası olan Rusiya vətəndaşlarının Estoniya, Latviya, Litva və Polşaya girişinə qadağa qüvvəyə minib.

Xatırladaq ki, bir sıra ölkələr, o cümlədən Macarıstan buna qarşı çıxdığı üçün Aİ rusların turist səfərlərinə ümumi qadağa hələ tətbiq etməyib.