“Regionda sabitliyin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk” – SƏFİR

20:32 20.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Latviya Respublikasının elan olunmasının 107-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Latviyanın Dövlət himnləri səsləndirilib.

Hafta.az-ın yazdığına görə, çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib ki, azadlıq qurbansız əldə olunmur. Ona görə də bu gün hər bir latviyalı ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad edir.

“Amma bu gün həm də gələcəyə baxdığımız bir gündür. Hətta – baxmayaraq ki, tariximiz bizə ehtiyatlı olmağı söyləyirsə belə, biz ölkəmizin təhlükəsizliyinə və müdafiəsinə inamla baxırıq. Çünki bilirik ki, tək deyilik, müttəfiqlərimiz və tərəfdaşlarımız var. Amma onu da bilirik ki, hazırda Avropa tarixində çətin dövrlər yaşanır. Ukrayna əlamətdar qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Latviya Rusiyanın hərbi təcavüzünün ilk günündən Ukraynaya hərtərəfli siyasi, hərbi, maliyyə və humanitar yardım göstərib. Ukrayna ədalətli və davamlı sülhə layiqdir. İcazə verin, hamımızın adından Ukraynaya matəm günü ilə bağlı dərin hüznlə başsağlığı verim” deyən bildirib ki, regional kontekstdə onlar Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndirirlər. Diplomat qeyd edib ki, Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq və Latviya regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndirir. Eləcə də, Latviya Avropa İttifaqına  üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçün hər cür lazımi dəstəyi verməyə hazırdır.

“Bu baxımdan, qarşılıqlı əməkdaşlığın bir nümunəsini icazənizlə qeyd etmək istərdim. Bu ilin oktyabr ayında Bakıda LEF Network Azerbaijan adlı layihə çərçivəsində Azərbaycan və Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarətin inkişafının 3 illik aktiv dövrünü başa çatdırmaq üçün Mərkəzi Baltik-Azərbaycan Biznes Forumu və Qala Tədbiri keçirilib. Layihə çox uğurla başa çatdı və gələcəkdə şirkətlərarası əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndirildi. Bu layihə, Avropa İttifaqının təqdim etdiyi “İnterreg” proqramı və Azərbaycanda əsas tərəfdaşın - Caspian Energy Club-un işə cəlb olunması sayəsində mümkün olub” deyən cənab Edqars Skuya əlavə edib ki, onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub. İki tərəf arasında müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlər keçirilib, xüsusilə də Parlamentlərarası dostluq qrupları, dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq edilib, hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlıq, hökumət və özəl sektorlar arasında sıx əlaqələr mövcud olub. Əməkdaşlığın perspektiv sahələrindən biri isə kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və üzvi əkinçilikdir.

“Foyedə biz həmçinin Latviya rəssamı Yeva Krumiņanın sərgisini də müşahidə edə bilərik, o, öz illüstrasiyalarında Latviya və Azərbaycan milli ornamentləri arasında çoxlu oxşarlıqlar olduğunu aşkar edib. Onu da deyim ki, belə bir tədbir tərəfdaşlarımızın dəstəyi olmadan mümkün olmayacaqdı – mən çox dar büdcəyə baxmayaraq bunu mümkün edən Hilton Hotel, Savalan, Avrora, Hillside, Gabala Wine, Long Chips şirkətlərinə, eyni zamanda Səfirlikdən olan həmkarlarıma bu mərasimin hazırlanmasında göstərdikləri yardıma görə təşəkkürümü bildirirəm”, - səfir Edqars Skuya çıxışını tamamlayıb.

Azərbaycan hökuməti adından təbrik çıxışı edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, otuz ildən artıq diplomatik münasibətlərə malik olan Azərbaycanla Latviya arasında əlaqələr qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir və əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu hesab edir.

O bildirib ki, müqavilə-hüquq bazası çərçivəsində bu günədək iki ölkə arasında 47 sənəd imzalanıb: “Hazırda isə 6 sənəd layihəsi baxılma mərhələsindədir. Həmin sənədlərin yaxın zamanda imzalanmasının əməkdaşlığımızın daha da inkişafı üçün yeni imkanlar yaradacağına inanırıq”.

Nazir deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məqsədilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Komissiyanın indiyədək 8 iclası keçirilib, sonuncu toplantı isə 2022-ci ildə Riqa şəhərində baş tutub.

“Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində nüfuzlu mövqeyi və səmərəli fəaliyyəti ilə seçilir. Bu baxımdan ölkələrimizin bir-birinə qarşılıqlı dəstək nümayiş etdirməsi mövcud münasibətlərin qorunması və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Parlamentlərarası əlaqələr də inkişaf etməkdədir. Hər iki ölkənin parlamentində yaradılmış dostluq qrupları əməkdaşlığın möhkəmlənməsinə və ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verir", - deyə M.Məmmədov vurğulayıb.

Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.