Böyük Britaniyanın Royal Mail şirkəti işçilərin tətilləri səbəbindən altı ayda 219 milyon funt sterlinq (250 milyon dollar) zərər gördüyünü bildirib. Bu barədə The Guardian yazır.
Şirkət ilin birinci yarısında zərərlə üzləşib. Buna səbəb işçilərin tətili, çatdırılan bağlamaların sayının azalması və həmkarlar ittifaqları ilə fikir ayrılığı fonunda biznesin yenidən qurulmasının mümkünsüzlüyü olub. Royal Mail indi Milad bayramı ərəfəsində tətillərin qarşısını almaq üçün Rabitə İşçiləri Həmkarlar İttifaqı (CWU) ilə danışıqlar aparır.
Poçt xidmətinin sözçüsü, "İlin sonuna qədər itkilərin 350-450 milyon funt-sterlinq arasında olacağı gözlənilir" (400-513 milyon dollar) deyib.
Şirkət keçən ay xəbərdarlıq etmişdi ki, gələn avqust ayına qədər 10,000 işçini ixtisar edə bilər. İngiltərədəki 115,000-dən çox Royal Mail işçisini təmsil edən CWU, növbəti tətillərin noyabrın sonu və dekabrın əvvəllərində keçiriləcəyini söyləyib.