Rus sülhməramlı polkovnik Laçın-Şuşa yolunda mənim ölüm əmrimi vermişdi… - Arif Paşa

13:04 31.12.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

1988-1992-ci illərdə Laçında yaradılmış Müdafiə Komitəsinin rəhbəri, Ərazi Müdafiə taborunun və 811 saylı Laçın alayının komandiri olmuş, ehtiyatda olan polkovnik Arif Paşa “Həftə içi”nə müsahibəsində son günlər erməni silahlılarının Hadrut istiqamətindəki təxribatlarının Şuşa rayonunun tarixən terror oylağı olmuş, hazırda da ermənilərin yaşadığı bəzi kəndlərinə sirayət etməsi ehtimalından, eləcə də Rusiya sülhməramlılarının buna şərait yaradan davranışlarından bəhs edib.

 

-Arif bəy, bildiyimizə görə, 1989-cu ildə sizə və Laçında rəhbərlik etdiyiniz Müdafiə Komitəsinin digər bir üzvünə qarşı o zamankı sovet-rus hərbi komandirlərinin göstərişi ilə  Şuşanın Salatınkənd(əvvəlki adı Onverst, ermənilər Yexsaox adlandırır) ərazisində terror aktı törədilib. Zəhmət olmasa, o haqda ətraflı danışardınız …

-Bəli, təəssüf ki, belə bir  faciə baş verdi və dostum, Azərbaycanın ərazi bütövlüyü uğrunda ermənilərə qarşı savaşan qeyrətli oğullarından biri şəhid oldu…

1989-cu il oktyabr ayının 9-u idi… Dostum, Müdafiə Komitəsinin üzvü  Rza Sadıqovla Laçından Susa səhərinə yola çıxdıq.  Lacından 8 km məsafədə yerləşən Şuşanın Salatınkənd kəndınə az qalmış Rza Sadıqov başı ağrıdığı üçün məndən maşını idarə etməyi xahiş etdi... 

Sən demə, başda rus polkovniki İvanov olmaqla 3 nəfər hərbçıdən ibarət qrup Salatınkənddə olan rus “sülhməramlı”  postuna  “sürücünün yanındakı öldürülsün"  əmrini veribmiş… Bu minvalla postda avtomobili yoxlamaq bəhanəsi ilə bizi saxladılar. Mənə yük yerini açmağı təklif etdilər. Yük yerini açarkən hər iki tərəfdən rus əsgərləri üstümə hücüm etdı. Bu zaman avtomobil işə düşdü. Rza ehtiyat açarla mühərriki işə salmışdı. O avtomobili arxaya - qolumdan yapışan əsgərlərin üstünə sürmək istəyirdi. Mən ona "Çıx get , xilas ol! Sən xilas olsan, məni də xilas etmək üçün kömək gətirərsən" , - deyə cığırdım. Avtomobil Şuşaya tərəf şütüdü.  Rus “sülhməramlıları" gedən avtomobilə atəş açdıqları an qollarımı məni tutanların əlindən azad edib  atəş açanların üstünə atıldım. Onların müvazinəti  pozuldu, atılan güllələrdən biri arxa şüşənin sol küncünə dəydi. Avtomobil isə döngədən burularaq atəş altından çıxdı...

Rus hərbçilər  qollarımı bağlayıb məni  orada duran ermənilərın qarşısına atdılar. Sonra ruslar da, ermənilər də başıma, bədənimə ayaqları ilə zərbələr endirməyə başladı. Başımı sağa-sola döndərib gözlərimi qorumağa çalışırdim. Az sonra axışıb gələn erməni qadınları da başımı təpikləməyə başladılar...

Bu dəm adamların ayaqları arasından bir az əvvəl Laçında - Müdafiə Komitəsinin qərargahı qarşısında gördüyüm milis maşınının gəlib dayandı. Maşından düşən rus polkovnik adamlardan nəsə soruşandan sonra qəzəblə maşına sıçradı. Avtomobil  sürətlə  Rzanın getdiyi istiqamətə tərəf  şığıdı. Yaşlı bir erməni qadın səsi bizim dildə "bıçaq gətirin, gözlərini çıxaraq" , -dedi. Çətinliklə ayağa qalxa bildim. Ayaqlarımla qarşıma cıxanın baş nahıyəsinə, çənəsinə agır zərbələr endirirdim. Vəhşi canavar kimi savaşırdım. İtirməyə bir şeyim yox idi. Vuruşub şərəflə ölmək lazım idi... Arxadan məni tuta bildilər və sürütləyib yol kənarında olan  bir zamanlar poçt binası olmuş böyük otaga atdılar. Bir qədər keçmiş bayaqkı “sülhməramlı” polkovnik içəri daxil oldu. Mənə keşik çəkən uzun saqqallı bir erməni pulemyotçuya nə isə dedi və çıxdı... Erməni pulemyotçu barmağını tətiyə qoyaraq mənə tuşladığı an bayırda möhkəm səs-küy qopdu. Azərbaycan türkcəsində gələn səslər onu dayandırdı. İçəri tələm-tələsik bir neçə nəfər də daxıl oldu və məni küncdə bir kətilin üstündə oturdub içəridə olan bütün kətilləri üst-üstə qalaqlayaraq gizlətdilər. Kətillərin arasında qalan dəlmə-deşıklərdən otağın qapısını görürdüm. Qapı zərblə açıldı və  Laçın gecə milisinin rəisi Əli Abduləliyev (Tanrı ruhunu şad etsin) qəzəblə içəri daxil oldu. O, otağa diqqətlə baxıb kətil yığınına yanaşdı və təpiklə vurub onları aşırdı. Mənim üçün bu, çox gözlənilməz idi... Əli müəllim məni qucaqladı... Bayıra çıxanda o vaxtkı Şuşa rayon milis rəisi Sadir Məmmədovu da gördüm… Milislər dedi ki, Şuşaya getməliyik… Sonradan məlum oldu ki, o vaxtkı Qarabağ xüsusi idarəsinin rəisi Volskinin göstərişi ilə qətlimə nail ola bilməyənlər məni Xankəndinə gətizdirərək barəmdə cinayət işi qaldırmağa çalışıblar. Lakin xalqın  və Bakıdakı milli qüvvələrin tələbi ilə bu fitnə baş tutmadı…

Rza sonradan onun ardınca gedən rus hərbçilərinin açdığı atəş nəticəsində həlak oldu, məni isə 8 km yolu qısa müddətdə piyada, maşınla tökülüb gəlmiş 4 min nəfər Laçınlı xilas etdi...Tanrının qismətindən qaçmaq olmur!  Tanrı Rza Cəlal oğlu  Sadıqovun və bütün o vaxtkı və indiki şəhidlərimizin ruhunu şad etsin!..

-1989-1991-ci illərdə erməni terrorçuları Salatınkənddən keçən yolda Milli Qəhrəman Salatın Əsgərovadan savayı digər soydaşlarımıza, hətta o zaman da bir növ “sülhməramlı” adı ilə  sovet-rus hərbçilərinə qarşı da terror aktları həyata keçirmişdilər. Oradakı hadisələrin xronologiyasını siz daha yaxşı bilirsiniz...

-Bəli. Ermənilər Salatınkənddə Şuşadan Laçın istiqamətinə gedən  və o vaxt “ölüm yolu” adlandırılan yolda Məhi adlı soydaşımızı, laçınlı  Manya adlı hamilə bir qadını, qucağındakı  və qarnındakı körpə ilə birlikdə qətlə yetirmişdi... Yəni orada müntəzəm şəkildə azərbaycanlılar atəşə tutulurdu. Bəs niyə belə olurdu? Ona görə ki, Laçının və Şuşanın giriş-çıxışlarında rus hərbçilərin postları var idi. Və hər iki postda yalnız azərbaycanlıları yoxlayır, erməniləri isə yoxlamırdılar. Və biz üzərimizdə hətta mətbəx bıçağı da apara bilmirdik. Çünki dərhal cinayət məsuliyyətinə cəlb oluna bilərdik. Amma Laçın-Şuşa yolu boyu və ətrafda yerləşən ermənilərin yaşadığı kəndlərdəki silah-sursat yığılmırdı. Bir sözlə, bizi tamamilə tərksilah edir, ermənilərin isə silahlanmasına açıq-aşkar şərait yaradırdılar... Yəni silahlı erməniləri dinc azərbaycanlıların üzərinə buraxırdılar. Bu, qəsdən xalqımıza qarşı yönəldilmiş bir soyqırımı planıydı...

- Əgər Laçın-Şuşa yolu boyu və ətrafdakı erməni kəndlərinə nəzarətsizlik davam edərsə, bu, Xocavənddə, Hadrutda olduğu kimi, yaxın gələcəkdə həmin yolla hərəkət edən Azərbaycan ordu birləşmələrinə, yaxud Laçının  kəndlərindəki hərbçilərimizə, eləcə də bir neçə ildən sonra ətraf kəndlərdə, o cümlədən Şuşada yaşayacaq dinc sakinlərə qarşı təxribatlara, qətliamlara şərait yarada  bilməz ki?.. Özü də Şuşa rayonunun rəsmən yalnız bir kəndi – Daşaltı kəndi ordumuzun  nəzarətindədir...

-Təəssüf ki, bu da baş verə bilər... Çünki  yenə deyirəm ki, Rusiya ordusunun torpağımızdakı davranışı buna şərait yaradır. Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin 3 avtobusla dolu əməkdaşı Laçın-Şuşa yoluyla Xankəndinə keçdi... Bu nə deməkdir? Axı 10 Noyabr razılaşmasında qeyd olunub ki, Rusiya hərbçilərinin Azərbaycan ərazilərinə daxil olmasıyla paralel erməni silahlı birləşmələri həmin ərazilərdən çıxarılmalıdır... Amma hazırda əksinə, Ermənistandan hərbçilər yenidən Azərbaycan ərazisinə daxil olur... Azərbaycan hökuməti, xüsusən Xarici İşlər Nazirliyi ötkəm mövqe tutmalı və bütün baş verənlərə ciddi reaksiya verməlidir ki, gələcəkdə xalqımızın başına yeni faciələr gəlməsin... 

-Arif bəy, sizcə, indiki Rusiya sülhməramlıları o vaxtın guya sülh yaratmaq missiyalı sovet-rus hərbçiləri ilə siyasi-ideoloji baxımdan fərqlənirmi?

-Bilirsiz, bu, çox ciddi nüansdır. Sovet dövründəki rus hərbçiləriylə biz şərti olsa da, eyni bir sosializm, kommunist ideologiyasına xidmət edirdik. Biz eyni ittifaqın tərkibində idik və bir-birimizə bir az isti münasibətlər vardı. Amma hazırkı rus əsgəri Azərbaycana nifrətlə köklənmiş rus əsgəridir. Yəni indi artıq biz tamamilə fərqli bir ideologiyaya sahibik... Bu mənada düşünək; əgər o vaxt eyni ideologiyaya xidmət etdiyimiz sovet-rus hərbçisi bizə qarşı qırğınlar təşkil edirdisə, indi nələr baş verə bilər?.. Odur ki, belə nüansları açıqlamaq və bu gün də  eyforiyadan uzaq olmaq gərəkdir.  Hazırda ərazimizdə olan rus sülhməramlılar Laçın rayon mərkəzinin girişlərində post qoyublar. Milli Ordumuzun birləşmələri həmin postlardan keçəndə Azərbaycan bayrağını yığışdırmağa məcbur edilir. Təsəvvür edirsizmi, öz torpağımızda biz öz milli bayrağımızı qaldıra bilmirik. Amma Xankəndində - Azərbaycanın tarixi, hüquqi digər şəhərində Araikin başçılığıyla separatçı ermənilərin əski parçasını küçələrdə addımbaşı, hər işıq dirəyindən  asıblar. Laçında da Zabux kəndindəki körpünün Ermənistan istiqamətindəki başında asıblar... Üstəlik, Rusiya sülhməramlıları Xankəndində həmin erməni separatçıların əski parçaları altında onlarla müzakirələr aparır, məsələlər həll edirlər... Bu, şərəfsizliyin, həyasızlığın və özünə hörmətsizliyin ən böyük nümunəsidir... Rusiyanın missiyası bax, belədir, budur. Açıq-aşkar  bəlli olur ki, Rusiya Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə iş aparır... Və bütün bu proseslər gələcəkdə Azərbaycanda yeni faciələrin baş verməsinə gətirib çıxara bilər...  Bizim babalarımız, atalarımız, ermənilərlə müharibələri gördü, özümüz gördük, indi bizim nəvə-nəticələrimiz də eyni taleyi yaşamalıdır?..