On noyabr bəyanatına əsasən, bölgədə vəziyyət sülhyaratma missiyasını həyata keçirməli olan Rusiya hərbi kontingentinin “fəaliyyəti” nəticəsində gərgin olaraq qalır. Sülh sazişinin imzalanması yönündə aparılan danışıqlar erməni separatçılarının təxribatçı əməlləri ilə pozulur. Böyük dövlətlərin regiondakı maraqları sülh prosesini açıq şəkildə üstələdiyi bir vaxtda Azərbaycanın sülhü təmin etmək üçün qəti addımlar atmalı olduğu zərurəti meydana gəlir. Mövcud vəziyyət nəyi diqtə edir? Müsahibimiz hərbi ekspert Ədalət Verdiyevdir:
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoganın Vilnüsdə NATO dövlətlərinin sammitində rus sülhməramlıların Azərbaycan ərazilərindəki fəaliyyətinin 2025-ci ildə başa catacağını bəyan etdi. Rusiya sülhməramlılarının həmin tarixdə ərazidən çıxarılması nə dərəcədə realdır? Moskva bundan imtina etsə, Türkiyənin müdaxiləsi hansı halda mümkündür?
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində rus kontingentinin Azərbaycan ərazilərindən çıxarılmasının 2025-ci ilin sonunda baş tutacağı ilə bağlı fikirləri ondan xəbər verir ki, bu barədə qarşılıqlı razılığa gəlinib. Eləcə də rus hərbi kontingentinin Azərbaycan ərazilərindən çıxarılması tamamilə realdır. Biz bu prosesi 1990, 1992 və 2012-ci illərdə həyata keçirmişik. Həmin illərdə Azərbaycanın iqtisadi və hərbi potensialı indikindən yüksək deyildi. Burada rus hərbçilərinin ərazilərimizdən çıxmamasından söhbət gedə bilməz. Üçtərəfli birgə bəyanata görə, tərəflərdən biri rus kontingentinin ərazidə qalmasını arzu etməzsə, o zaman rus kontingenti ərazidən çıxmaq məcburiyyətindədir. Burada, təbii ki, Türkiyənin hadisələrə mümkün təsir mexanizmləri mövcuddur ki, zərurət yaranarsa, ondan geniş şəkildə istifadə edə bilər.
– Regionu heç bir halda əldən vermək istəməyən Rusiya belə bir vəziyyətdə hansı təxribata əl ata bilər? Bu günlər Rusiya XİN-in yaydığı son bəyanat nəyi ifadə edir?
– Rus sülhməramlılarının təxribatı mümkündür. Onlar bunu birbaşa öz kontingentlərinin əli ilə edə bilməzlər. Bu, onların ərazidən daha erkən çıxarılması ilə nəticələnə bilər. Ərazidə ola rezidentləri, xüsusən də Vardanyan faktorundan və ya separatçı rejimdə təmsil olunan şəxslərdən istifadə edərək, belə təxribatlara əl atmaları mümkündür. Təbii ki, dövlətimiz və güc strukturlarımız bu faktorları mütləq şəkildə nəzərə alıb onlara qarşı tədbirlərini, “A-B” variantlarını hazırlayırlar.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı təxribatçı bəyanat isə Azərbaycan üçün heç bir məna kəsb etmir. Bu, əksinə, Rusiyanın Azərbaycana qarşı erməni dili ilə danışmasının nümunəsidir ki, belə faktlar da Azərbaycan tərəfindən daim, dərhal və qətiyyətlə pislənilib. Azərbaycan öz ərazilərində istənilən fəaliyyəti həyata keçirməkdə tam müstəqildir. Kimsənin, o cümlədən, Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin səsləndirdiyi sərsəm bəyanatlar Azərbaycanın daxili işlərinə heç bir halda təsir edə bilməz. Azərbaycan öz fəaliyyətini Mariya kimilərin səsləndirdiyi bəyanatlar əsasında deyil, dövlət və milli maraqlar kontekstində həyata keçirir.
– Azərbaycan ərazilərində qalan qanunsuz erməni hərbi birləşmələrlə rusların birgə fəaliyyəti, onları dəstəkləməsi regionda hansı vəziyyəti yaradır, sülhə hansı təsirini göstərir? Erməni silahlıları özxoşuna əraziləri tərk də bilər?
– Azərbaycan tərəfini ən çox narahat edən məsələlədən biri qanunsuz hərbi birləşmələrinin ruslarla sinxron fəaliyyəti, ruslar tərəfindən erməni silahlılarının dəstəklənməsidir. Bu gün Qarabağda erməni silahlılarının qalmasına zəmanət verən tək qüvvə rus kontingentidir. Rus hərbi kontingenti ərazidən çıxarılmayanadək erməni silahlıları öz xoşuna tərk-silah olaraq uzaqlaşmayacaqlar. Biz bunu rusları oradan göndərməklə həyata keçirə bilirik, ya da daha əvvəl olduğu kimi, hissə-hissə yüksəklikləri, yol qovşaqlarını, təbii sərvətlərin olduğu mədənləri, su anbarlarını, elektrik stansiyalarının yerləşdiyi və mülki əhalinin seyrək yaşadığı ərazilərdə yerdəyişmələr etməklə separatçı rejimi bir qədər də sıxışdırmalıyıq.
Eyni zamanda, düşünmürəm ki, erməni silahlıları o zaman ərazini özxoşuna tərk edəcək ki, rus kontingenti Azərbaycan ərazilərindən çıxacağı müddəti açıqlasın. Azərbaycan tərəfi orada olan mülki ermənilərin də mövcudluğunu nəzərə alaraq əhalinin seyrək yaşadığı ərazilərdə, ən azından, xüsusən Ağdərə istiqamətində böyük bir hissəni silahlılardan təmizləməlidir. Sülhməramlıların qalma müddətinin sonuna 2 ildən bir qədər artıq vaxt qalır və hələ də erməni silahlıları ərazimizdədir. Ona görə də biz bu əməliyyatların intensivliyini kifayət qədər artırmalıyıq. Hələ də 3 min kvadrat-kilomer ərazi rusların nəzarətindədir və həmin ərazilərdə erməni silahlıları mövcuddur. Ruslar da, onların dəstəklədiyi ermənilər də anlamalıdırlar ki, Azərbaycan bu prosesi 2025-ci ildən sonraya saxlamaq niyyətində deyil. Kim bizimlə yaşamaq istəyirsə ərazidə qala bilər, kimin xoşu gəlmirsə, qapılarımız açıqdır, gedə bilər. Biz kimsəni burada məcbur saxlamırıq.
– Sülhməramlılar Qarabağda – Xocalıda, Xankəndidə ola-ola biz antiterror əməliyyatlarına baslaya bilərikmi?
– Sülhməramlılar Xocalıda da var idi. Qırxqızda da, Sarıbabada, Buzduqda, Laçında da… Biz orada keçən ilin mart ayının 24-dən bu günə qədər 12 dəfə əməliyyat keçirmişik. Nə ruslar, nə də erməni silahlıları bu əməliyyata maneə yarada, müqavimət göstərə bilməyiblər. Əsas odur ki, bu əməliyyatların məqsədi silahlıların təmizlənməsinə xidmət edib. Bu 12 əməliyyatın heç birində ruslar bizim qarşımıza çıxmayıb. Düzdür, maneçilik törətmək cəhdləri olub, amma alınmayıb. Biz istədiyimiz hədəflərimizə çatmışıq. Ona görə də rusların orada olub-olmamağı əməliyyata heç bir maneçilik törədə bilməz. Bura Azərbaycan əraziləridir və öz hissəsimizdə istədiyimiz zaman antiterror əməliyyatları keçirə bilərik.
Sadəcə, indiki vəziyyətdə mülki əhalinin orada yaşamasını nəzərə alaraq, onlarla inteqrasiyadan danışdığımız bir vaxtda, biz genişmiqyaslı əməliyyatlar keçirmək istəmirik. Zərurət yaranacaqsa, bu əməliyyatları keçirəcəyik. Bizim ərazilərdə 2025-ci ilin sonunadək bir nəfər silahlı, rus əsgəri qala bilməz.