Artıq neçə gündür Ukraynada qanlı döyüşlər gedir. İndiyədək hər iki tərəfdən minlərlə insanın həlak olduğu bu müharibəyə dünyanın münasibəti əsasən birmənalıdır. Bir-iki ölkəni çıxmaqla, bütün dövlətlər Moskvadan döyüşləri dayandıraraq, Ukrayna ərazisindən çıxmağı tələb edir. Reallığa gəldikdə, fakt budur ki, öz ərazisindən hücuma şərait yaratmaqla Belarusun da dolayısıyla Rusiyaya dəstək verdiyi müharibədə Ukrayna təkbaşına savaşır. Bir zamanlar “Rusiya hücum edərsə ciddi cavab veriləcək” deyən böyük dövlətlərdən heç biri meydanda görünmür.
Son günlər Avropanı gözləyən təhlükənin dəhşətini anlayan Qərb bloku, birbaşa savaşa qatılmasa da, Moskvanı cəzalandırmaq üçün ard-arda sanksiya paketlərini açıqlayır. Hətta görünən odur ki, əsasən iqtisadi-maliyyə sferasını əhatə edən sanksiyalar tezliklə ruslara öz təsirini hiss etdirməlidir. Bəs bu vaxt ərzində Ukrayna çoxsaylı rus ordusunun qarşısında duruş gətirə biləcəkmi?
Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq əlaqələr, informasiya və regionşünaslıq kafedrasının professoru, Ukrayna Milli Elmlər Akademiyası Dünya Tarixi İnstitutunun baş elmi işçisi Maksim Yali müharibəyə və Qərb ölkələrinin prosesə münasibətinə dair suallara aydınlıq gəirməyə çalışıb. Professor söhbətə, əvvəllər nala-mıxa vuran, amma son günlər mövqelərini sürətlə dəyişib, Rusiyaya qarşı ard-arda sanksiya paketlərini açıqlayan Qərbin atdığı addımlara münasiət bildirməklə başladı:
- Məncə Kiyevin və digər böyük şəhərlərin, qəsəbələrin ciddi şəkildə atəşə tutulması, dinc əhali arasında həlak olanların sayının artması – genişmiqyaslı müharibənin başlaması Qərbi mövqeyini dəqiqləşdirməyə məcbur elədi. Rus qoşunları Ukraynada qarşısına çıxan insanları qətlə yetirir, xalqın onillər boyunca qurub-yaratdığı hər şeyi amansızcasına dağıdırlar. Bütün bunlar isə dünya mediasının diqqətindədir. Ukrayna xalqına qarşı törədilən dəhşətli qırğınları görə-görə susmaq mümkün deyil. Qərb siyasətçiləri baş verənlərə reaksiyasız qala bilməzdilər. Xüsusilə də o ölkələrdə ki, orada Rusiyanın açıq işğalçı müharibəsinə qarşı və Ukraynaya birmənalı dəstək üçün kütləvi aksiyalar keçirilir.
- Bəlkə siyasətçilər ədaləti deyil, öz hakimiyyətlərini qorumaq üçün əhalinin tələbini yerinə yetirir...
- Ola bilər, razıyam, siyasətçilər ancaq yenidən seçilmək haqda düşünürlər. Amma onların nə düşünməsinə baxmayaraq, biz bir neçə gün də dözə bilsək, hesab edirəm sanksiyalar daha da sərtləşdiriləcək və sonunda ruslar düşünməyə məcbur olacaqlar. Ola bilsin ki, Rusiyanın hətta BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsi gündəmə gəlsin, hansı ki, bu müzakirə olunur.
- ABŞ prezidenti Co Bayden deyib ki, heç kim sanksiyaların Putini dayandıracağına inanmır. Bir halda ki, belədir, Vaşinqton və digərləri, niyə müharibəni dayandırmaq üçün məhz sanksiyaları seçiblər?
- Hər bir tərəf və onun siyasi elitaları öz maraqlarını güdürlər. ABŞ-ın hələ 2014-cü ildə Krımın işğalından sonra yumşaq sanksiyalar tətbiq etməsi rusları Donbasda hərbi təcavüzə başlamağa şirnikləndirdi. Bundan sonra onlar başa düşdülər ki, Putin Qərb tərəfindən cəzalandırılmadığı üçün və hətta qarşı tərəfin zəif olduğunu düşünüb bu addımı atıb. Co Bayden bunu yaxşı bilir. Xatırlayırsınızsa, ötən yay Putin Cenevrədə Baydenlə görüşdü. Mən də digərləri kimi fikirləşdim ki, liderlər Ukrayna məsələsində razılaşıblar. Əlbəttə, söhbət Putini Minsk razılaşmalarına sadiq qalmağa məcbur etməkdən gedirdi.

- Moskva israrla deyir ki, müharibəni Ukrayna istədi, Zelenski razılaşmaları pozub. Əgər Zelenski öz ölkəsinin və xalqının azadlığını təmin etmək istəyirsə, günahkardır?
- Qərblə Rusiya arasında mövcud razılaşma sənədi olan Minsk sazişini Zelenski Münhendəki çıxışı ilə tərsinə çevirdi. O, Qərbin – Baydenin, Makronun, Şoltsun tələblərinə boyun əyməkdən və təslim olmaqdan imtina etdi. İndi Qərb siyasətçiləri yalnız öz milli maraqlarını düşündükləri üçün mövqelərini dəyişirlər.
- Əgər siz “öz maraqları” məntiqində israr edirsinizsə, belə çıxır ki, Qərbin fikri-məqsədi yalnız Rusiyanı tam zəiflətməkdir? Rusiyanın zəif düşməsi Qərbə nə verəcək?
- Strateji baxımdan belə yumşaq sanksiyaların səbəbi Putini tələyə salmaqdır. Döyüş əməliyyatları nə qədər uzun sürsə, ağır silahlarla hava hücumları davam edərsə, əhali arasında itkilər nə qədər çoxalarsa, Qərbin reaksiyası da bir o qədər sərt olacaq. Rusiya isə əvvəlki kimi, ABŞ-ın hərbi sahədə əsas rəqibidir. Axı Rusiya nüvə potensialından istifadə etməklə onları məhv edə biləcək yeganə dövlətdir.
- Yəni Vaşinqtonu Ukraynada minlərlə insanın ölümü, ölkənin viran qoyulması deyil, öz rəqibini zəiflədib sıradan çıxarmaq maraqlandırır?
- Əlbəttə, başqa necə ola bilər ki? Bunu başa düşmək nə qədər kədərli olsa da, bizim hesabımıza siyasətçilər öz problemlərini həll edirlər. Prinsipcə, Bayden administrasiyasının mümkün məqsədi Rusiyanı təcrid etmək və Putini iqtidarından uzaqlaşdırmaqdır. Bu isə Rusiyanın qlobal iqtisadiyyatdan kənarda qalması deməkdir. Əgər biz hücumların önündə dözsək və bütün ölkələrdə ictimai təzyiq güclənsə, sanksiyalar Rusiyanı yıxacaq.
- O zaman sanksiyaları ilk başdan tətbiq etmək olardı, ta müharibənin başlamasını, insanların ölməsini gözləmək nəyə lazım idi?
- Çünki Rusiya bazarının payı nəzərə alınıb. Sanksiyaların bazarda neft və qazın kəskin bahalaşmasına səbəb olacağı bəlliydi. Rusiya hələ də - hasilat və satış həcminə görə, səhv etmirəmsə, dünyada ABŞ-dan sonra ikinci yerdədir. Güman ki, ABŞ həm də avropalı tərəfdaşlarının maraqlarını nəzərə alıb. Həm neft, həm də qaz təchizatından son dərəcə asılı olan Almaniya var. Yəni hər kəs anlayır ki, nəticədə istər ABŞ-da, istərsə də Avropada yanacaq bahalaşacaq.
- ABŞ öz bazarında bahalaşmadan yan keçə bilməzmi, axı böyük ehtiyyatları var, hasilatı bir az artırsın, vəssalam...
- Co Baydenin mesajında əsas ifadə odur ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Amerika vətəndaşları üçün benzinin qiymətinə təsir etməməsinə əmin olacaq. Bu, Amerika rəhbərliyinin Ukraynadakı müharibəyə münasibətini tam nümayiş etdirir...
- Sanksiyalar zaman keçdikcə Rusiyanı boğmalıdır və bu hazırda Ukraynada tökülən insan qanı bahasına baş verəcək...
- Gəlin məsələyə obyektiv yanaşaq: Vyetnam müharibəsində, Suriyada, İraqda, Əfqanıstanda nə qədər dinc sakin həlak olub... ABŞ öz sərhədlərindən kənarda imperiya siyasəti yürüdür, daxilində isə demokratik dövlət var. Amma obyektiv yanaşsaq, onlar həmişə beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə (İraqa hərbi müdaxilə ilə bağlı) arxalanaraq müharibələr açmayıblar. Bu isə Putinə öz siyasətini “sən edirsənsə, biz niyə də etməyək” üzərində qurmağa əsas verir. Xüsusən də söhbət Rusiyanın “tarixi torpaqlarından” gedirsə.
- Amma o vaxt da ABŞ-ın tələbi ilə Qərb və müttəfiqləri ilk andan İraqa sərt embarqolar tətbiq elədi – bu gün Moskvaya ediləndən daha sərt...
- O vaxt neftin qiymətinin indikindən xeyli aşağı idi. Fars körfəzində alternativ neft mənbələri vardı, İraqın payı bu gün Rusiyanın dünya bazarındakı payı qədər böyük deyildi. Ən əsası isə, İraq Rusiya ilə müqayisə olunmayacaq qədər kiçik və zəif dövlət idi.
- Rusiyanın genişmiqyaslı hücumunun ilk günü prezident Zelenski bəyanat verərək anti-Putin koalisiyasının yaradıldığını bildirdi. Həmin koalisiyada hansı ölkələr vardı?
- Siyahıda Rusiya iqtisadiyyatına sanksiyalar vasitəsilə həqiqətən təsir edə biləcək ölkələrin adları var. Həmin ölkə ilk növbədə bizə yardım edən Polşadır. Bu ölkə bizi küçə döyüşləri üçün silahla əvvəlcədən təmin edən Böyük Britaniyadır. Bu gün Rusiyanın SWIFT-dən ayrılması təşəbbüsü ilə Böyük Britaniyanın Baş naziri Boris Conson çıxış edir. Liderlər arasında təbii ki, Baltikyanı ölkələr də var. Həqiqətən də bizə ciddi dəstək verən ölkə Türkiyədir. Baxmayaraq ki, indi də ticarət dövriyyəsini və Rusiya qazından asılılığı nəzərə alsaq, Ərdoğan ciddi sanksiyalar tətbiq etmir. Amma reaksiya ilə bağlı NATO daxilində ciddi bəyanatlar verir. Yəni prinsipcə Türkiyə bizim əsas müttəfiqimiz kimi qeyd oluna bilər.
- Bəs sözdə dəstək verən, amma əməli işə gəldikdə autsayder qalan var?
- Autsayder də olmasa, ABŞ hələlik ləng tərpənir. Vaşinqton bunu proseslərin Avropa İttifaqının enerji resurslarının təchizatına və ABŞ-da benzinin qiymətinə mənfi təsir göstərə biləcəyi ilə izah edir. Bir az konkretləşdirsək, siyahıda axırda qalanlardan biri Almaniyadır: onlar indi “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırsalar da, enerji sektorunda sanksiyalara qarşı çıxırlar.
- SWIFT məsələsində də parçalanma vardı…
- Hə, bizi incidəcək, haqqımızı dəstəkləməyən ölkələri də gördük. Bunlardan biri Kipr, digəri Macarıstandır. Avstriya da “nə şiş yansın, nə kabab” məsəlinə uyğun davrandı. İtaliya qarşı çıxırdı, sonda birtəhər razılaşdı. Məncə bu məsələdə siyasətçilər həm də ölkədə yaşayan böyük ukraynalı icmasının diaspor fəaliyyətini nəzərə aldılar. Axı sabah seçkidə həmin diasporun səsinə ehtiyacları olacaq. Həm də ümumilikdə cəmiyyətin reaksiyası siyasətçilərin mövqeyinin formalaşmasında vacib rol oynayır. Cəmiyyətlər isə Rusiyanın işğal siyasətinə qarşıdırlar.
- Əvvəllər almanlar da SWIFT-lə bağlı tərəddüd edirdilər…
- Amma son anda alman cəmiyyəti, ictimai qınaq öz sözünü dedi. Üstəlik, koalisiyada “yaşıllar” var axı, xarici işlər naziri daha əvvəl “Şimal axını 2”nin işə salınmasına qarşı çıxdı, Rusiyanı sabitliyə təhlükə adlandırdı.
- Bəs Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrelin sanksiyaların hədəfində rus xalqının deyil, şəxsən Putinin olduğunu bildirməsini necə anlayaq?
- Deyək ki, bu, məntiqli bir ifadədir: sadə ruslar iqtidarın davranışından bezərək etiraz aksiyalarına çıxıblar. Hansı ki, aksiyaya çıxdıqları üçün ciddi cəzalandırılıblar və Borrel bunu nəzərdə tuta bilər. Amma reallıq belə deyil. Putin rusların kollektiv obrazıdır. Ən azı onların əksəriyyətini təmsil edir. Rəy sorğularına baxsanız, rusiyalıların cəmi 15 faizi Putinin yürütdüyü irtica siyasətinin əleyhinədir. Bunlar da müharibəyə səssiz qalan müxalifətdir. Qalan 85 faiz rus xalqı - Putinin elektoratı isə müharibəni qürurla, sevinclə, səs-küylə qarşılayıb, alqışlayır. Çünki ən azı səkkiz ildir anti-Ukrayna təbliğatının təsiri altındadırlar. Bu insanların bəziləri tənqidi düşünmə qabiliyyətinə malik deyil və onlar müəyyən dərəcədə qurbandırlar.
- Son olaraq Ukraynanın haqq səsini eşitsinlər deyə kimə, hara müraciət edərdiniz?
- Biz ukraynalılar Avropa sivilizasiyasının əsasını təşkil edən əsas dəyərlərə - həm Avropa İttifaqına, həm də ABŞ-a, bütövlükdə demokratik cəmiyyətlərə müraciət edirik. Humanist dəyərlər müharibə şəraitində təbii ki, kobud şəkildə pozulan insan həyatının, insan hüquqlarının dəyəridir. Əslində, Co Bayden gələcək qarşıdurmanın avtokratiyaya qarşı demokratiya müharibəsi olduğunu açıqladı. Onların əsas fərqi Avropanı yaradan humanist dəyərlərdir. Biz insan hüquqlarının pozulması ilə bağlı müraciət etməliyik. Təbii ki, iqtisadi sahədə biz Rusiyaya alternativ ola bilmərik. Bizdə nə o qədər qaz var, nə də neft. Biz enerji sektorunda Rusiyanı əvəz edə bilmərik. Ona görə də biz Ukrayna şəhərlərindən bəhs edən dəhşətli kadrları görən, bu müharibənin ədalətsizliyindən xəbərdar olan cəmiyyətlərə müraciət edirik: Ukraynaya dəstək verin, bizi meydanda tək buraxmayın!