Dövlət Dumasının deputatı Oleq Morozov ABŞ-ın analoji hərəkətlərinə cavab olaraq Rusiyada amerikalı diplomatların hərəkətinə daha sərt məhdudiyyətlərin qoyulmasının zəruri olduğunu bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Diplomatiyada bir prinsip var: zərbəyə zərbə! Ancaq bu gün ABŞ-a gəldikdə, simmetriya lazım deyil. Amerika diplomatlarının hərəkətinə məhdudiyyətlər daha da sərtləşdirilməlidir”, - Morozov bildirib.
Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xəbərdarlıq etmişdi ki, Dövlət Departamenti səbəb göstərmədən rusiyalı diplomatların Vaşinqtonu tərk etməsinə qadağa qoya bilər. O əlavə edib ki, indi şəhərdən kənara çıxmaq üçün bütün diplomatlar Dövlət Departamentinə “bir-iki həftəyə” dəqiq marşrut barədə məlumat verməlidirlər. Bundan əlavə, onun sözlərinə görə, rusiyalı diplomatlar çoxsaylı məhdudiyyətlər şəraitində işləyirlər.
Antonov həmçinin bəyan edib ki, ABŞ Rusiya diplomatik missiyası ilə ölkənin icra orqanları arasında əlaqəni əngəlləyib. Səfirin sözlərinə görə, Dövlət Departamenti yalnız telefon və ya elektron poçt vasitəsilə ünsiyyətə üstünlük verir, Ağ Evin nümayəndələri ilə üzbəüz görüşlər olduqca nadirdir.